Nurlan MƏMMƏDZADƏ - UZAQLAŞMAYAQ - YADLAŞMAYAQ!

      Share

      İslam Allahın peyğəmbərlər vasitəsi ilə bəşəriyyətə göndərdiyi və biz insanlara doğru ilə yanlışı göstərən haqq dinin adıdır. İslam təslimiyyət deməkdir. Allaha və Onun göndərdiyi hər şeyə səmimiyyətlə təslim olmaq. Bu mənada bütün peyğəmbərlərin gətirdiyi dinin adı ümumilikdə İslamdır. Qurani-Kərimdə Rəbbimiz “Hər kim İslamdan başqa bir din axtararsa, ondan qəbul olunmayacaq”[1], - buyuraraq din adına yalnız Özünün göndərdiyini qəbul edəcəyini bildirmişdir. Allah tərəfindən göndərilən ilahi din mərhələli şəkildə, zaman və toplumlara görə təkamül etmiş, Hz. Muhammədin peyğəmbər olaraq göndərilməsi və Quranın 23 il ərzində Ona nazil olması ilə tamamlanmışdır. 

      Allah Rəsulunun vəfatından əvvəl gerçəkləşdirdiyi Vida Həcci ərəfəsində nazil olan “Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim”[2], - ayəsi ilə Rəbbimiz dininin tamamlandığını biz bəndələrinə aşkar şəkildə bildirmişdir. Bəli, Xatəmul-Ənbiya olan Hz. Muhammədin göndərilməsi və Onun iman mücadiləsində qazandığı zəfərlə İslam dini tamamlanmışdır. Qiyamət gününə qədər Allah tərəfindən başqa heç bir peyğəmbər və din göndərilməyəcəkdir.

      Bu ayə artıq yer üzündə yeganə haqq dinin İslam olduğunu bildirməklə yanaşı həmçinin İslamın da bir din olaraq kamil şəkildə formalaşdığını, onda heç bir nöqsanın olmadığını da ifadə edir. Yəni bu din Allah tərəfindən Həzrət Peyğəmbərə bildirildiyi və Rəsulullahın da insanlara öyrətdiyi şəkli ilə tam və kamildir. Onda artıq-əskik heç nə yoxdur. Ona hər hansı bir əlavə etmək, yaxud da hansısa əmrini, qadağasını artıq görmək, zamanının keçdiyini iddia etmək kimi yersiz təşəbbüslər əsla və əsla qəbuledilməzdir. Hz. Peyğəmbər dinin özündə olmayan bir şeyi ona əlavə edənlərə belə xəbərdarlıq edir: “Hər kim dinimizdə olmayan bir xüsusu ona əlavə edərsə, mərdud və qəbuledilməzdir”.[3] Allah Rəsulu bir başqa hədisi-şərifində isə ümmətinə belə səslənir: “Sözlərin ən xeyirlisi Allahın kitabıdır. Yolların ən xeyirlisi Muhamməd (s.ə.s)-in yoludur. İşlərin ən pisi din adına sonradan ortaya çıxan bidətlərdir. Hər bidət zəlalətdir”.[4] Bu hədisin “hər zəlalət də cəhənnəmdədir” cümləsi ilə tamamlanan rəvayət şəklinin də olması dini əsaslara əlavələr etməyin nə qədər ağır məsuliyyət olduğundan xəbər verir. 

      İslam iki əsas sütun üzərində bərqərardır: Allahın kitabı və Rəsulunun sünnəsi. Hz. Peyğəmbər bu iki əsasa bağlı qaldığımız müddətdə əsla yolumuzu azmayacağımızı bildirmişdir. İslam dininin ən mükəmməl və ideal yaşayış şəkli də şəxsən Rəsulullahın timsalında, sonra əhli-beytinin və əshabının həyat tərzində bizə təqdim olunmuşdur. Bunun xaricində başqa yollara düşənlər dindən uzaqlaşanlardır. 1400 ildən bəri formalaşaraq ümmət tərəfindən qəbul edilən İslamı sanki müasirləşdirmək istərcəsinə hökmlərinə, əmr və qadağalarına yeni izahlar gətirməyə çalışanlar, Quran ayələrini naqis ağıllarına görə təfsir etməyə səy göstərənlər həzin aldanış içində olanlardır. Əlbəttə ki, ömrünü belə bir aldanış içində keçirənləri qiyamət günü acınacaqlı aqibət gözləyir. Bu gün “Quran ayələrində tarixsəlçilik”, “Sünnəsiz İslam”, “liberal İslam” və s. kimi qondarma adlarla insanların zehinlərini qarışdıranlar və bu yolla qəlblərə şübhə toxumu səpənlər gerçək İslamdan xəbərsiz zavallılardır. Xüsusilə media kimi vasitələrdən istifadə edərək, yad ünsürlərin fitvası ilə müxtəlif arenalarda populist çıxışlar edib boy göstərənlər sabah din gününün sahibi olan Uca Yaradanın hüzuruna nə üzlə çıxacaqlarını bir daha düşünməlidirlər. Həzrət Peyğəmbər (s.ə.s) bu kimi insanların acı aqibətini hədisi-şərifində belə ifadə edir:

      “Mən öndən gedib (cənnətdəki) hovuzumun başında ümmətimə ikram etmək üçün onları gözləyəcəyəm. Diqqət edin! Bəzi adamlar yad dəvənin sürüdən qovulub uzaqlaşdırıldığı kimi hovuzumun başından qovulacaqlar. Mən onlara: “Bura gəlin”, - deyə səslənəcəyəm. Bu zaman mənə: “Onlar səndən sonra hallarını dəyişdirdilər (Sənin sünnəndən uzaqlaşıb başqa yollara düşdülər, böyük günah işlədilər)”, - deyiləcək. Mən də: “Uzaq olsunlar, uzaq olsunlar”, - deyəcəyəm”.[5]

      Sabah əbədi axirət yurdunda Hz. Peyğəmbərin bizi özündən uzaqlaşdırmasını istəmiriksə, dini Onun öyrətdiyi formada yaşamaq məcburiyyətindəyik. Qulağa xoş gələn, nəfsimizi riqqətə gətirən sədalara yönəlməməli, dinimizi Rəsulullahdan öyrənməliyik. Çünki bəşəriyyəti zülmətdən nura çıxaran Qurani-Kərim məhz Onun qəlbinə nazil olmuş, Onun ali şəxsiyyətində bizə təbliğ edilmişdir.


      [1] Ali-İmran, 85

      [2] əl-Maidə, 3

      [3] Buxari, Sülh 5; Müslim, Aqdiyyə 17,18

      [4] Müslim, Cümə 43

      [5] Müslim, Təharət 39

       

      • Hits: 87 clicks

      Tecox component by www.teglo.info