Müşfiq XƏLİLOV - QUMAR NƏDİR?

      Share

       Zərərli vərdişlərdən sayılan qumar – oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey verilərək oynanan, qarşılığında qalib gələnə maddi gəliri olan oyunlara verilən ümumi addır.

      Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar olduqca zərərli bir oyundur. Qumar haqsız yerə başqasının malını götürmək, bilə-bilə oğurluq etməkdir. Qumar ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Orada qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərləri artır. Qumar ailə həyatında nizamsızlığa, anlaşmazlığa, laqeydliyə səbəb olur. Buna görə ailələr dağılır və hətta cinayətlər baş verir.

      Başqa bir ifadə ilə desək; qumar işləmədən, heç bir əmək sərf etmədən, şans və təsadüflərə bağlı olaraq başqasının malını haqsız yerə almaqdır. Oynayanlardan biri udacaq, digəri isə uduzacaqdır. Uduzan udmaq üçün, udan da daha çox udmaq üçün yenə oynayacaqdır.

      Qumarın zərərləri təkcə haram qazancdan ibarət deyil. Belə ki, qumarda uduzan şəxs içində digərlərinə qarşı həmişə kin və ədavət duyğuları bəsləyir, uduzduqlarını geri qaytarmaq və udmaq  üçün təkrar-təkrar qumar oynayır, nəticədə udsa da, mənəvi cəhətdən uduzmuş sayılır. Beləcə, hər iki tərəfin gözünü kin-küdurət bürümüş olur.

      Çünki udma ehtirası ilə oyuna başlayan qumarbaz, gözləri görə-görə pullarının və mallarının rəqib tərəfindən alınmasını qəbul edə bilmir, rəqiblərinə qarşı içində kin və nifrət hissləri oyanır. Bu intiqam hərisliyi içində dəyərli varlıqlarını belə qumar masasında itirərək həm dünyasını, həm də axirətini məhv edir.

      Bəzən qumar deyilərkən yalnız kart və zərlə oynanan oyunların nəzərdə tutulduğunu düşünürlər. Halbuki pul və ya başqa bir maraq müqabilində şans əsasında oynanan istənilən oyun qumar hesab olunur və qadağandır.

      Uca dinimiz İslam nəinki qumar oynamağı, hətta qumar oynamasa da, bir kimsəyə “gəl qumar oynayaq” deməyi belə xoş qarşılamamışdır. Necə ki, Peyğəmbərimiz (s.ə.s) bu barədə bir hədisi-şərifində belə buyurur: “Kim hər hansı bir dostuna (qumar oynamasa belə): “Gəl səninlə qumar oynayaq” - deyərsə, o kimsə dərhal sədəqə versin”. (Buxari, Müslim, c. 3 Nö: 1839)

      Qumar insanı halal qazanc əldə etməkdən yayındırıb asan və təsadüfi gəlir yollarına, boş xəyallara yönəldir ki, bu da qumara aludə olan insanları cəmiyyətə faydalı olmaq, halal yolla, alın təri ilə qazanmaq, faydalı ruzi səbəbləri  axtarmaq və faydalı peşələrə yönəlməkdən, Allahı xatırlamaqdan, namaz qılmaqdan yayındırır. Qadağanın əsas hikməti isə bu ayədə qeyd olunmuşdur:

       “Ey iman gətirənlər! Həqiqətən, içki, qumar, bütlər və fal oxları şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq bunlara son qoyacaqsınızmı?!” (Maidə, 90-91)

      Qumarın bir neçə növü var. Onlardan biri də hər cür lotereya oyunlarıdır ki, bu da dinimizə görə haramdır. Çünki bunlarda da israf və haqsız qazanc vardır və buna görə də lotereya ilə udulan hər bir şey haram sayılır. Lakin bəzən hər hansı bir məhsulun satışını artırmaq üçün istehsalçılar tərəfindən məhsula uduş kuponları əlavə olunur ki, bunlar haram sayılmır və bu cür kuponlarla əldə olunan uduş qəbul edilə bilər.

      Bir məsələni xüsusi ilə vurğulamaq istəyirəm. “Lotereya” adı ilə el arasında məşhur bir pul toplamaq forması var ki, bu, qumar hesab olunmur. Məsələn, beş nəfər iş yoldaşı öz aralarında pul qoyur, pul yığırlar. Onlardan hər biri ayın müəyyən bir günü və ya hər həftə eyni məbləğdə pul qoyur və bu pul yığılır. Hər kəs öz növbəsi gəldikdə ancaq öz qoyduğu pulu götürür və nə artıq, nə də az pul götürür, yəni ancaq öz yığdığını götürür. Bu halda həmin şəxs özü normal halda pul yığa bilmədiyi üçün bu yolla öz pulunu xərcləmədən saxlamaqdan faydalanır ki, bu, qumar hesab olunmur. Çünki o, haqsız yerə pul qazanmır, sadəcə öz qoyduğu pulu götürür.

      Nəticə olaraq bunları deyə bilərik: Müqəddəs kitabımız Qurani-Kərimdə “şeytanın əməlindən olan murdar bir şey” olaraq bildirilən qumar, müsəlmanlara qəti olaraq qeydsiz-şərtsiz haram qılınmışdır. Bunun üçün hər bir müsəlman qumardan uzaq durmaq məcburiyyətindədir.

      • Hits: 13 clicks

      Tecox component by www.teglo.info