Əziz SULTANOV - KÜLƏKLƏ SOVRULANLAR

      Share

      İşdən evə qayıdıram. Axşamçağıdır, qaş qaralıb. Yol kənarındakı hündür evlərin pəncərələrindən boylanan, ağac budaqları arasından kəsik-kəsik süzülən işıq yolu az da olsa aydınladır. Hava küləklidir. Düzdür, Bakının küləksiz gecəsi olmur, amma bu gecə sanki külək neçə həftənin borcunu birdən almaq istəyirmiş kimi hücum çəkib küçələrə, parklara, tənha yollara. Az qalır tək-tük rastlaşdığı adamı götürüb özüylə aparsın. Bu soyuq küləkdə çöldə daha az qalmaq üçün addımlarımı sürətləndirirəm...

      Bir əlim cibimdədir, isti yerdə, hərçənd, yenə də bükülmüş vəziyyətdə. Digər əlimdə isə çəkisi heç də ağır olmayan sellofan torba tutmuşam. İçində axşam yeməyi üçün aldığım çörək var, başqa heç nə. O əlimi də yaxşıca sıxmışam ki, külək çörəyimi dartıb əlimdən almasın.

       

      Yol asfalt olduğu üçün kənddə-kəsəkdəki qədər toz qalxmır, görüş məsafəsini daraltmır. Düzdür, hava çox tozlu olmasa da, bu küləkdə gözlərini bərəldib uzaqları seyr etmək də mümkün deyil. Yol kənarındakı ağaclara girməmək üçün qıyıq gözlərlə tez-tez gözümü qaldırıb yola nəzər salır, sonra yenə də baxışlarımı ayaq ucuna dikib yoluma davam edirəm. Yol boyu küləklə sovrulan boş sellofanlar diqqətimi çəkir: sağa-sola məsuliyyətsiz şəkildə uçuşurlar. Gah biri o birini qovalayır, gah kiçik bir hava burulğanında dönərək bir-biri ilə rəqs eləyir, gah da o divardan bu divara hoppanaraq, bu həyətdən o birinə adlayaraq qaçdı-tutdu oynayırlar. Onların oyun-əyləncəsinin, şaqqanaq gülüşlərinin həddi-hüdudu yoxdur. Nə etmə deyən var, nə də səs-küy salma deyib narazılıq edən. Azadlıq dedikləri, sərbəstlik dedikləri, istədiyim kimi gəzirəm, istədiyimi edirəm deyib özlərini xoşbəxt hiss etdikləri şey budurmu, görəsən?

      Bu duyğular içində küləklə mübarizə apara-apara addımlamağa davam edirəm. Hər addımda ayağımı möhkəm saxlamaq və istədiyim istiqamətə basmaq üçün güc sərf edirəm ki, külək yönümü dəyişib məni azdırmasın. Bu həngamədə çox yaxından gələn bir çırpıntı səsi diqqətimi çəkir. Düzdür, küləyin uğultusundan başqa heç nəyi eşitmək mümkün deyildi, amma lap dizimin dibindəki, əlimdəki sellofanın çırpınışlarını küləyin səsindən ayırd etmək çox da çətin olmadı. Çat-çat, pat-pat səsləri ilə mənimlə küləyin arasına girib diqqətimi çəkməyi bacarmışdı: “Burax məni, at, at!.. Əlini aç, aç!.. Mən də istəyirəm gəzim, oynayım, gülüm, əylənim, rahat, rahat!..” Öz-özümə: “Bircə sən çatışmırdın! - dedim, - sakit dayan görüm, gedək evimizə sağ-salamat çataq!”. Sellofan sanki səsimi eşitmiş kimi bir anlıq susdu. Külək azca səngimişdi. Başımı qaldırıb yoldakı ağaclara baxdım. Sellofanların bir neçəsi onların budaqlarına qonmuş quşlar kimi sağa-sola yellənərək o anın həzzini yaşayırdı, sanki. Bir də hündür elektrik dirəyinin başına çıxıb digərlərinə əl eləyən biri var idi: “Ehey!.. Bura gəlin!.. Buranın mənzərəsi daha gözəldir!...”

      Bir anda külək yenidən şiddətləndi və sellofanlar hər biri olduğu yerdən qaqqıldaşmağa (yaxud şaqqıldaşmağa) başladı. Əlimdəki də onlara baxıb: “Aç əlini, aç, aç!...”- deyə qışqırdı, qəfəsdəki quş kimi çırpınmağa başladı. Dözə bilmədim, içimdəkiləri dilə tökdüm: “Sən bilirsənmi, səni niyə əlimdə saxlayıram? Çünki içində mənim üçün dəyərli olan çörək var. Əgər daxilində mənim üçün dəyərli olan bir şey olmasaydı, əlbəttə, mənim üçün bir dəyərin qalmazdı və sən də onlar kimi başıboş avaraya çevrilər, səhərə kimi soyuq, qaranlıq küçələrdə o üz-bu üz atılar, bu əyləncən bir tikana ilişənə qədər davam edərdi. Sonra da ayaq altda qalıb tabdanan, bir küncə və ya zibilliyə atılan lazımsız tullantı olardın! Daşıdığın əmanətin qədrini bil, öz dəyərini quru bir əyləncə xatirinə fəda etmə!”

      Artıq axırıncı döngəyə çatmışdım. Ara küçəyə burulanda sanki külək də bizdən üz döndərib arxa çevirdi, bizi götürüb aparmaqdan ümidini kəsib küsdü.

      Evə girəndə sellofanı içindəki çörəklə birlikdə ən təmiz yerə, çörək üçün ayırdığımız ən üst rəfə qoydum. Bilmirəm, ona verdiyim dəyəri başa düşdümü, yoxsa məndən incidimi, bu onun öz işidir. Amma mən insan olaraq özümüzü düşünməyə başladım: Biz öz dəyərimizi nə qədər dərk edirik? Can qəfəsində daşıdığımız könül quşu, beyin gücü, dil qabiliyyəti, bunların hamısı qiymətli əmanətlər deyilmi? İçimizdəki iman, sevgi, mərhəmət, yaxşılıq hissi, bunların hər biri ayrı bir zinət deyilmi? Bəs nədən narazıyıq? Razı qalmaq üçün heç bir məsuliyyət daşımadan küləkdə sovrulan içiboş bir həyat arzulayırıq? Yoxsa Allahın qüdrət əlində tutduğu canımızı, onun icazəsi ilə, külək kimi bir anda götürüb aparacaq əzrayılı gözləyirik?

      • Hits: 164 clicks

      Tecox component by www.teglo.info