ABDURRAHMAN İSLAM - ROMADAN TÜRKİYƏYƏ UZANAN HİDAYƏT YOLU

      Share

      İrfan: Abdurrahman bəy, sizin ibrət dolu hidayət macəranızı oxucularla bölüşmək istəyirik. Əvvəlcə özünüz haqda məlumat verərdiniz, mümkünsə.

      A.İslam: Mən Abdurrahman İslam. 1949-cu ildə İtaliyanın Roma şəhərində, dindar katolik ailəsində doğulmuşam. Əvvəllər İtaliyanın cənubu sayılan Siciliyada katolik məzhəbi çox güclü idi. Mən də ordanam. Uşaqlıq illərimdə ən böyük xəyalım papaz olmaq idi. Rahib olan qohumlarımız da vardı. Bir sözlə, ailədə mistik atmosfer hökm sürürdü.  

      - Bəs İslamdan əvvəlki adınız nə idi?

      - Cüzeppe Seminara. İtalyan dilində Cüzeppe Yusuf deməkdir. Ailədə üç uşaq olmuşuq, ən kiçikləri mənəm. Atam mahir dülgər olub. Məktəb illərimizdə kilsənin gənclər üçün təşkil etdiyi fəaliyyətlərdə iştirak edirdim. Uşaqlıqdan dinə xüsusi marağım olub. Allah-Təalanı yaxından tanımaq, əsl xristian kimi yaşamaq istəyirdim.

      Qeyd edim ki, Qərb mədəniyyətinin mənsubu olan bir adam üçün müsəlmanın düşüncə tərzini və inancını anlamaq çətindir. Müsəlman üçün Allahın var olub-olmadığı mübahisə mövzusu deyil. Günəşin varlığından şübhə etmək mümkündürmü? Müsəlmanın Allaha iman anlayışı belədir. Amma Qərb insanı üçün belə deyil. Onlar Allahın varlığına fəlsəfi düşüncə kimi baxırlar. Dinlərin varlığını adət kimi qəbul edirlər. Erkən gənclik illərimdə belə bir iman mənə naqis gəlirdi. Daha çox Allahın varlığını hiss etmək istəyirdim.

      Mütləq həqiqətə ehtiyacım vardı. Bu həyat röyadan ibarət deyildi və bizi yaradan biri vardı. Mən Ona can atırdım. Orta məktəb illərimdən etibarən yavaş-yavaş araşdırmağa başladım. Bir neçə dostum da bu araşdırmada mənə qoşuldu. Altı nəfərlik kiçik bir qrupumuz vardı. Xristianlıq, yəhudilik, buddizm, şamanizm haqda araşdırmalar aparırdıq. Hətta oxuduğumuz bəzi şeyləri anındaca tətbiq etməyə başlayırdıq. Mənə elə gəlir ki, bizi qurtaran o xalis niyyətimiz oldu. Biz Allahı tapmaq istəyirdik, Ondan başqa heç bir muradımız yoxdu.

      - Dostlarınızdan da müsəlman olanlar oldumu?

      - Üçümüz müsəlman olduq. Digərləri imanın eşiyinə qədər gəldilər, amma oradan keçə bilmədilər. Bəzən evdə uşaqlar soruşurlar ki, ata, məktəb illərində heç qız dostun, əyləncə həyatın olubmu? İndi düşünürəm ki, o illərdə Allahı aramaqdan başqa heç nə ilə məşğul olmamışam.

      Məsələn, kitab oxumaqdan məqsədim, Onu tapmaq idi. Həmçinin alpinizmlə məşğul olurdum. Çünki dağda təfəkkür daha təsirli olurdu. Düşünün ki, yüksəkliklərə çıxırsınız, mənzərələri seyr edirsiniz, yalnız qalırsınız. Bəlkə bu yolla Allahla əlaqə qura biləcəyimi düşünürdüm.

      Əslində dağa getməyimin səbəbi Ona qovuşmaq üçün özümü imtahana məruz qoymaq idi. O illərdə tez-tez tələbə hərəkatları baş verirdi. Bəzən sonunda ölüm də olsa, polislə qarşı-qarşıya gəlirdim. Bir sözlə, təhlükəli məcralarda dolaşırdım.

      Yenə bir gün təkbaşına Allahı axtarmaq üçün yola çıxdım. Heç kimə xəbər vermədən, çadırımı və yataq tulumumu götürüb dağa dırmanmağa başladım. Axşam hava qaralmağa başlayanda, canıma qorxu düşdü. Dilə asan gəlir, amma düşünün ki, məktəblisiniz və dağda yalnızsınız. Artıq geri qayıtmaq da mümkün deyil. Gecə azmaq ehtimalı böyükdür. Başqa çarə yoxdur, burada gözləyəcəyəm deyib, çadırımı qurdum. Zülmət gecə idi, heç ay da çıxmamışdı. Nə isə, qorxa-qorxa tulumun içinə girdim. Gecə səhərə qədər çöldən vəhşi heyvan səsləri gəlirdi. Mən şəhərdə böyümüşdüm. Öləcəyimi fikirləşdikcə ürəyim ağzıma gəlirdi. Birtəhər gözümə yuxu getdi. Gecə yarısı oyandım. Amma o oyanma başqa bir şey idi, sanki gözümü başqa aləmə açmışdım. Bəzi özəl şeyləri anlatmaq imkansızdır, amma sanki göy üzü bütün ulduzlarla birlikdə, bütün sonsuzluğu ilə yatdığım tulumun içinə girmişdi. Elə bil Allah qüdrətinin kiçik bir parçasını mənə göstərmişdi. Sanki “Sən məni axtarırsan, amma mən yanındayam, sənin içindəyəm”, - deyirdi. Onun istiliyini, sevgisini hiss edirdim. Məhz həmin gecə öz-özümə dedim ki, “Bu iş tamamdır, Allahı tapdım. Varlığında tərəddüd yoxdur. Artıq Ona gedən yolu tapmalıyam”.

      - Sonra…

      - Ertəsi səhər bambaşqa duyğularla endim dağdan. Dini araşdırmalara daha həvəslə davam etməyə başladım. Qərb dünyasında İslamı üçüncü dünya dini kimi görürdülər. İbtidai və qəbilə dini kimi baxırdılar. Əlbəttə ki, bu anlayışın təməlində avropalıların özlərini digər millətlərdən üstün görmə düşüncəsi də yatır. İrqçilik və İslam düşmənçiliyi də öz təsirini göstərir. Bu mühitdə yetişdiyimiz üçün İslamı araşdırmağı düşünmürdüm.

       Xristianlıq və yəhudiliklə bağlı araşdırmalarımız davam edirdi. Bu dinlərdə ilahi mənşəli məlumatlarla yanaşı, yanlış şeylərin olduğunu gördük. Təbii ki, İncil və Tövratın təhrif olunmasından qaynaqlanırdı. Məsələn, Tövratda peyğəmbərlər haqda elə şeylər yazılmışdı ki, bunu sıravi, namuslu bir insan üçün belə düşünmək imkansızdır. İncildə Hz. İsaya izafə edilən elə sözlər vardı ki, çayxanadakı insan belə onu ağzına almazdı.  

      Roma kilsə ilə doludur. Bəzi kilsələrin girişində “Məryəm tanrının anasıdır” yazısı ilə qarşılaşırdıq. Bu necə mümkündür? Keşişlərlə söhbət edərkən bu kimi suallar verirdik, amma cavab ala bilmirdik. Bir sözlə, bu dinlərdə haqq ilə batil bir-birinə qarışmışdı.

      Bu əsnada hamımız məktəbi bitirib universitetə qəbul olmuşduq. Mən Roma Hüquq Fakültəsində oxuyurdum. Fürsət tapan kimi yoldaşlarımla Romadan çıxıb mütaliə və müzakirəyə davam edirdik. Misir mədəniyyətini oxuduq, təmsilçisi qalmamışdı. Hinduizmi oxuduq, bizə din kimi gəlmədi. Bir gün əlimizə Muhyiddin Ərəbinin, Mövlananın, Fəridəddin Əttarın kitabları keçdi. Oxuduqca heyran olduq.

      - Nə vardı həmin kitablarda?

      - Axtardığımızı tapmışdıq. Allahın böyüklüyü, sonsuzluğu, gözəlliyi o qədər möhtəşəm və sadə dillə anladılırdı ki, qəlbimizdə ümid baş qaldırırdı. Oxuduqca sevgi və həyəcanımız artırdı.

      - Müsəlman olma qərarını necə verdiniz?

      - Əslində mən qərar vermədim, imanı Allah bəxş etdi. Universiteti bitirib iş həyatına atılmışdım. 26 yaşım vardı və 12 il idi ki, araşdırırdım. Qrupumuz dağılmışdı. Dostlarımdan biri Ərəbistanda işləyirdi. Birinci o müsəlman olmuşdu. Həmin ərəfədə bir gecə səhərə yaxın təlaşla yuxudan ayıldım. Öz-özümə düşünməyə başladım: “Mən nə edirəm? Müsəlman olmaq lazımdır, deyirəm, qurtuluşun İslamda olduğunu bilirəm, amma müsəlman olmuram. Birdən bu gecə ölsəm, nə olacaq? Allahım, mənə fürsət ver, qurtar məni”. Səhər açılan kimi birbaşa Romada yerləşən İslam Mədəniyyət Mərkəzinə yollandım. Qərarımı imama bildirdim və orada müsəlman oldum.

      İlk namazı fələstinli tələbələrlə qıldım. Onları təqlid etdim. Quş kimi yüngülləşmişdim. Əsl səadət bu idi. Bu gündən sonra beş vaxt namazın mənə də fərz olduğunu, amma necə qılınacağını bilmədiyimi dedikdə həmin tələbələr namazın qılınma şəklini, rükətlərini və s. öyrətdilər. Oxuyacağım surələri və duaları da latın qrafikası ilə yazıb verdilər. İlk günlər surələri kağıza yazıb üzündən oxuyaraq qılırdım. Çünki iki namaz arasında bütün surələri əzbərləmək mümkün deyildi. Sonra hamısını əzbərlədim, amma heç vaxt namazda oturarkən ayaq barmaqlarımı üsuluna uyğun olaraq qatlaya bilmədim. Artıq həyatımı tamamən dinimə görə nizamlayacaqdım, qərarımı vermişdim. 

      - Bəs ailəniz necə qarşıladı?

      - Təbii ki, pis. Atam da, anam da çox məyus oldular. Sanki vətən xaini idim. “Ata-babalarının dinini necə tərk edə bilərsən?” - deyirdilər. Anam hər dəfəsində: “İsa (ə.s) sənə nə pislik edib?” - deyirdi. Hz. İsanı indi daha çox sevdiyimi söyləsəm də, dərdimi anlada bilmirdim. Məni namazda gördükcə ağlayırdı. Artıq bir evdə qalmağımız imkansızdı. Üstəlik Romada vəkil kimi fəaliyyətimi davam etdirmək də müşkül idi. Alp dağlarının ətəklərindəki Biella şəhərində bir sığorta qurumunda işə başladım. Şükürlər olsun, Allahın yardımı ilə bütün problemlərim həll oldu.

      İlk vaxtlar yeni iş yerimdə görməsinlər deyə dəstəmazı gizli alıb namazı arxiv otağında qılırdım. Bu hərəkətim iş yoldaşlarımın diqqətini çəkdi. Nə etdiyimi soruşdular. Bu davranışlarım onlarda şübhə doğurmuşdu. Hər şeyi izah etdikdə dedilər ki, şəxsi həyatını istədiyin kimi yaşa, bunun bizə heç bir dəxli yoxdur. Anladım ki, insanların nə reaksiya verəcəyindən çəkinməmək lazımdır. Olduğum kimi göründükdən sonra hər şey daha yaxşı oldu. Mənə hörmət edirdilər. Məsələn, müdirimlə yaxşı yoldaşlıq əlaqələrimiz yarandı. Müsəlman olmasa da, hörmətlə yanaşırdı. Hətta ilk həccimi onun pulu ilə etdim.

      - Maraqlıdır, bəlkə oxucularla paylaşmaq istərsiniz.

      - Həccə niyyət etmişdim, amma imkanım yox idi. Bir söhbət əsnasında necəsə olub, bunu demişəm. Bir gün yanıma gəlib: “Sənin hüquq ensiklopediyaların var, mənə çox lazımdır, sata bilərsən?” - dedi. Bu təklif göydəndüşmə oldu, razılaşdıq. Aldığım pulun üstünü bir az düzəldib həccə getdim. Bir neçə ildən sonra evində həmin ensiklopediyaları gördüm. Qutuların içində necə vermişdimsə, eləcə dururdu. Heç üzünü də açmamışdı. Sonra öyrəndim ki, o kitablara ehtiyacı yox imiş, sadəcə mənim həccə getməyim üçün belə etmişdi. Hətta hər il qazancını hesablayıb zəkat miqdarını da xeyir məqsədi ilə xərcləmək üçün mənə göndərirdi. Əslində bilirsiniz, xristianlıqda zəkat yoxdur. Kilsəyə, “Qızılxaç”a göndərməz, “yalnız sənə güvənirəm” deyib mənə göndərərdi. Sonrakı illərdə bir dəfə də dedi ki: “Qızımla birlikdə axşam yatmazdan əvvəl sənin tərcümə etdiyin “40 Hədis” kitabından mütləq bir neçə səhifə oxuyuruq”. 

      - Bəs İstanbula necə gəldiniz?

      - Burası xeyli uzun hekayədir. Qısaca deyim ki, İslamın zahirini yaşasam da, Mövlananın, İmam Rəbbaninin kitablarında oxuduğum batini tərəfini, yəni təsəvvüfi yaşantını yaxalamağa çalışırdım. Bir mürşid axtarışında idim. Nəhayət, İstanbulda Mahmud Sami Əfəndi adlı bir mürşidi-kamilin yaşadığını öyrəndim. Bu adı eşidən kimi, ürəyimə oturdu. Axtardığım adam odur dedim. 1977-ci ildə İstanbula ikigünlük səfər etdim. Ərənköyə gəldim, Mahmud Sami Əfəndinin arayışında olduğumu bildirdim. Məni Musa Əfəndi ilə görüşdürdülər. Dərsimi aldım, Sami Əfəndi ilə görüşə bilmədən ayrıldım. Bir il sonra isə İstanbulda Sami Əfəndi ilə görüşmək imkanım oldu. Çox böyük insan idi. Sanki nurdan ibarət idi, elə bil ruh idi. Olduğu məclisdə dəhşətli dərəcədə mənəvi ab-hava hakim idi. Türk dilində bir kəlmə də bilməsəm də, söhbətində aldığım feyz tərifəsığmaz idi. Daha sonra mənə söhbətdə danışılanları tərcümə etsələr də, heç gərək qalmırdı. Zatən aldığımı almışdım. Artıq bir müddət sonra da mərhum Musa Topbaş Əfəndidən izin alaraq İstanbula hicrət etdim. İtaliyada mənim üçün həyat bitmişdi, yeni həyatım İstanbulda başladı. Ustadımın yanında daha mənəvi bir həyat sürmək istəyirdim.

      - Ölkə dəyişmək asan deyil. Maddi problemləri necə həll etdiniz?

      - Bacım və qardaşım məndən böyükdürlər. Hər şeyi onlarla paylaşırdım. Türkiyəyə köçmə qərarımı açanda dedilər ki, “Sən ömrünü ata-anamıza xidmətə həsr etdin. Onlardan qalan ev sənindir. Bizim yoldaşlarımız xəbər tutmadan sat, Türkiyədə yeni bir həyat qur”. Beləcə Türkiyəyə gəldim. 1994-cü ildə Musa Əfəndinin vasitəçiliyi ilə ailə də qurdum. Toyumuz da elə onun köşkündə olmuşdu.

      İstanbulda 14 il İtaliya ilə idxalat və ixracat işi görən bir firmada işlədim. Bir gün mərhum Fahrettin Tivnikli abi dedi ki: “Gəl səni bu işdən ayıraq, bundan sonra dini sahədə xidmət et”. Mənim üçün ələdüşməz fürsət idi. Maddi ruzimi təmin etmək üçün hansısa ticari şirkətdə çalışmaqdansa, dini bir müəssisədə çalışmaqdan yaxşı nə ola bilərdi? İlk mərhələdə ingilis dilindən italyan dilinə tərcümə etdim. Türk dilini öyrənəndən sonra birbaşa türkcədən tərcümə etməyə başladım. İlk işim Mahmud Sami Ramazanoğlunun “Həzrət Yusuf” kitabı oldu. Sonra Musa Əfəndinin müxtəlif söhbətlərini tərcümə edib kitablaşdırdım. Osman Nuri Topbaş Əfəndinin “Muhamməd Mustafa”, “Təsəvvüf”, “Təfəkkür”, “Son Nəfəs” kimi ona yaxın kitabını tərcümə etdim. Hər bir əsərin öncəliklə mənə təsiri oldu. Qəlbim imanla doldu. Daha sonra bu kitabları İtaliyaya göndərdik, sərgilərdə iştirak etdim, seminarlar verdim. Əgər mən İslamla şərəflənmişəmsə, oradakıların da bu dini tanıması üçün əlimdən gələni etməliyəm. Bu bir müsəlman olaraq boynumun borcudur. Rəbbimiz bundan sonrakı həyatımızı müsəlman olaraq yaşamağı və müsəlman kimi can verməyi hər birimizə nəsib etsin!

      - Abdurrahman bəy, dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

      - Mən də sizə təşəkkür edirəm ki, İslamın həqiqətlərini insanlara çatdırmaq üçün belə bir xidmətlə məşğulsunuz. 

       

      • Hits: 75 clicks

      Tecox component by www.teglo.info