Məlik İBRAHİMOV - ALLAHA VERİLƏN SÖZ

      Share

      “Quranı ilk oxuduğum zaman bunun əsla bir bəşər sözü ola bilməyəcəyini anladım”. ( Yusuf İslam)

      Ket Stivens 21 iyul 1948-ci ildə Londonda dindar xristian ailədə doğulmuşdur. Ailəsi onu katolik məktəbinə göndərib. Burada o, xristianlığa dair lazım olan bütün biliklərə sahib olsa da, 8 yaşında valideynlərinin boşanması ilə yavaş-yavaş öyrəndiklərindən uzaqlaşır və küçə xuliqanına çevrilir. Anası ilə İsveçrəyə getdikdən sonra rəsmlə, bir müddət sonra isə musiqi ilə maraqlanır. 12 yaşında ilk mahnısını bəstələyir. Bu mahnı ilə musiqi karyerasına başlayan Ket o zamanları belə xatırlayır:

      “Musiqiyə gəlir mənbəyi kimi baxmırdım, bunu sadəcə öz daxilimi sakitləşdirmək üçün edirdim. Bəstələdiyim bütün mahnılarım  bu səpkidə olduğu üçün insanlarda maraq yaranırdı. Bu ona görə idi ki, hər kəs mənim kimi mənəvi böhranda idi. Mən ayna idim, onlar məndə özlərini görürdülər. Beləcə insanların bu hissləri mənə olan maraqlarını artırdı və bu marağı gördükdən sonra məndə şöhrət hissi baş qaldırdı. 16 yaşımda bar və restoranlarda oxuyurdum. Bir neçə ilə istədiyim hər şeyə sahib oldum; rok musiqisində ilk onluqda idim və albomlarım ən çox satılanlardan idi. Lakin bunların heç biri mənim daxilimdəki boşluğu doldura bilmir, hüzursuzluğumun dərmanını siqaret, içki və əyləncədə görürdüm. Beləcə mən ilk dəfə ölümlə üz-üzə gəldim”.

      Ket karyerasının ən uğurlu vaxtlarında ağır vərəm xəstəliyinə tutulur və bir il xəstəxanada qalır. Bu müddət ərzində o öz mənəviyyatını sorğulamağa başlayır və Zen fəlsəfəsi, buddizm, yəhudilik kimi inanclarla maraqlanır. Bir müddət vegeterian olur, sonra yenidən İncilə və xristianlığa qayıtmağa cəhd göstərir. Lakin bunların heç biri onu qane edə bilmir.

      Stivens Malibu sahillərində üzərkən ikinci dəfə ölümlə üz-üzə gəlir. Bu anlara o, Allahın həyatla birlikdə ona verdiyi ikinci hədiyyəsinin açarı kimi baxır:

      “Mən üzərkən birdən güclü dalğalarla qarşılaşdım. Artıq taqətdən düşmüşdüm və boğulmaq üzrə idim. Çırpınacaq taqətim qalmadığı anda tanrıya dua etdim ki, məni bu vəziyyətdən xilas etsə, qalan ömrüm boyu ona xidmət edəcəyəm. Birdən möcüzəvi şəkildə dalğalar məni sahilə atdı və mən xilas oldum. Beləcə, tanrının yolunu tapmaqda artıq borclu olduğumu anladım”.

      Bu sözündən sonra Ket dinlər üzərində ciddi araşdırmalar edir. Həmin vaxtlar Qüdsdən gələn qardaşı ona Qurani-Kərim hədiyyə edir. Quranı oxuyan Ket onun əsla bir bəşər sözü olmadığını anlayır. Quranı bir il ərzində diqqətlə oxuyur. Ket cümə günlərinin birində Londonda Nyu-Ricent  məscidinə gedərək kəlmeyi-şəhadət gətirir və müsəlman olur. Ən çox Yusuf surəsindən təsirləndiyi üçün özünə “Yusuf İslam” adını götürür. O, deyilənlərin əksinə, İslamın sülh, qardaşlıq və ədəb dini olduğunu görür. Bundan sonra o, əvvəlki qazanclarının haram olduğunu düşünərək onları xeyriyyə üçün xərcləyir. İngiltərədə dörd İslam  məktəbinin açılmasına nail olur. Onun müsəlman olması Qərbdə şok effekti yaradır. Müsəlman olduqdan sonra o, xeyriyyə tədbirləri təşkil edir, müsəlmanlara yardımlar edir və bu yardımları mütəmadi hala gətirmək üçün təşkilatlar qurur.

      Bu bioqrafik məlumat müsəlman qardaşımızı tanımağımız üçün idi. İndi əsl məsələyə gələk; müsəlmanam deməklə iş bitmir. Dünyada milyonlarla müsəlman var. Bu qədər müsəlman öz dəyərlərinə və Allahın peyğəmbərinin qoyub getdiyi iki sağlam ipə (Quran və Sünnə) sarılmadıqdan sonra bir deyil, min bir olsa nə fayda?! Bu, sadəcə quru rəqəm deyilmi? Əsas məsələ müsəlman olduqdan sonra başlayır. Müsəlman rəhmət və mərhəmət qaynağı olmalıdır. Fərasəti, elmi və biliyi ilə örnək təşkil etməlidir. Hazırda müsəlmanların çoxu necə böyük bir nemətə sahib olduqlarını dərk etmir. Əgər dünyada müsəlmanlar əzilirsə və İslama qarşı bir fobiya varsa, bunun günahkarı təkcə İslama qarşı olanlar deyil, eyni zamanda müsəlmanlar özləridir. Çünki əməli olmayan müsəlman silahı olmayan əsgər kimidir. Bizim silahımız əməllərimizdir. Lakin bu silahlardan mərmi deyil, rəhmət və mərhəmət saçmalıyıq. Yusuf İslam sonradan müsəlman olmasına baxmayaraq, bu mövzuda bütün müsəlmanlara gözəl bir nümunə olmuşdur. Çünki o, müsəlman olduğu andan etibarən öz sözünə əməl edir: “Qalan ömrüm boyu Sənə xidmət edəcəyəm”. Hansı ki, bu sözü dənizdə boğularkən vermişdi.

      Bəlkə də, bəzilərimiz “biz Yusuf İslam kimi bir vəziyyətə düşməmişik və Allaha söz verməmişik” deyə düşünə bilər. Bəs yaxşı, hər dəfə Fatihə surəsinin beçinci ayəsini oxuyarkən Ona söz vermiş olmuruqmu?

      “Yalnız sənə ibadət edir və səndən kömək istəyirik!” (əl-Fatihə, 5)

      • Hits: 237 clicks

      Tecox component by www.teglo.info