155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mən və Sən / Eldar Kərimov

      Share

      Mən və sən dediyimiz zaman, onlar haqqında  ilk ağlımıza gələn şey, sadəcə şəxs əvəzliklərindən bir neçəsi olmalarıdır. Sadəcə adlarına şəxs əvəzlikləri  dediyimiz bu ifadələr, bəlkə də həyatımızın əsas şifrələrindən bir neçəsidir.

       Bəzən anlamadığımız və ya anlamaqda çətinlik çəkdiyimiz və yaxud da idrakına vara bilmədiyimiz elə həyati ünsürlər vardır ki, onlar, həyatımızın fərqli məqamlarında bizə doğru və ya səhv istiqamət verməkdədir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşıldığı zaman, “mən və sən” ifadələri həqiqətən diqqətəlayiqdir. Belə ki, insan övladı, dünyaya göz açdığı gündən etibarən nələrisə qazanmağa, yeni şeylər əldə etməyə, sevib-sevilməyə ümumiyyətlə sözün əsil mənasında yaşamağa can atır. Bu dünyadakı sadaladığımız, hər bir prinsipin bütün mərhələlərində insan özünü cəmiyyətə tanıtmaq, orada varlığını hiss etdirmək, haqq və hüquqlarını müdafiə etmək üçün digər insanlara qarşı “mən” mövqeyindən çıxış edir. Demək olar ki, bütün hallarda “mən varam”, “mən haqlıyam”, “mən gözələm”, “mən güclüyəm” və “mən çox qazanım”, “mən güclü olum başqaları necə olursa olsun” kimi ifadələr onun həyat qayəsinə çevrilir. Bu ifadələr hər nə qədər insanın güclü olmasına, onun cəmiyyətdə hər hansı bir mövqeyə yiyələnməsinə, bir şəxsiyyət kimi formalaşmasına təkan versə də, müəyyən nöqtələrdə onun əleyhinə çıxış etməkdə və onun eqoist düşüncələrə sahib olmasına səbəb olmaqdadır.

      Gəlin bu məsələnin həqiqətinə biganə yanaşmayaq. Bir az dərinliklərə təmas edib şəxsiyyətinə vaqif olduğumuz bir insana və yaxud da yaxından tanıdığımız öz şəxsiyyətimizə nəzər yetirək. Mən bu məsələyə ilk olaraq öz prespektivimdən yanaşıram. Belə ki, yaşadığım həyatım boyunca görürəm ki, bütün yaxşılıqları, həyati gözəllikləri, sevincli halları, firavan həyatı və ümumiyyətlə dünya həyatının ən gözəl hisslərini  bu günə qədər özüm üçün arzulamışam. Bəlkə də bu günə qədər özüm üçün arzuladığımı “sənin” üçün, heç arzulamadım, ya da çox az bir hissəsini təmənni etdim. Mən bunların hər birindən əmin və xəbərdar olduğum kimi, ondan da əminəm ki, “sən” də özün üçün arzuladığını mənim üçün sadəcə mənim sənə təmənni etdiyim qədər təmənni edirsən. Görəsən bizim bir-birimizə qarşı, bu düşüncələrimiz və etdiklərimiz nə qədər həyati bir həqiqət  olmuş və bizə doğrudan da, faydası toxunmuşdur? Doğrusuna qalsa mən “sənə”  qarşı olan düşüncələrimdən və eqoist davranışlarımdan o qədər də məmnun deyiləm. Çünki mənim bu davranışlarım hər zaman “sənin” xoşbəstliyinin məhrumiyyətinə, haqq və hüquqlarının tapdanmasına və həyatının alt-üst olmasına səbəb olmuşdur. Bununla bərabər “sənin” də eyni düşüncə və davranışların sadaladığım nöqteyi-nəzərdən eynilə “mənim” həyatıma təsir etmişdir. Fərqində olmadan etdiyimiz bu hərəkətlərimizdən dolayı hər birimiz hüquqi bir məsuliyyət daşımasaq da, şəri olaraq “haqq” məsuliyyətini üstlənmiş oluruq.

      Bizim bəlkə də hər zaman doğru olmayan xüsusiyyətlərimizdən biri  odur ki, nədənsə çox vaxt bir-birimizi dinlərə, millətlərə, xalqlara, rayonlara, yaxınlıqlara və uzaqlıqlara görə “mənlərə”, “sənlərə” bölürük. Bu bölgülər və fərdiyyətlər, aramızda zühur edən, kin və nifrətin nəticəsi olaraq qiymətləndirilən düşmənçiliyə səbəb oldu. Bizim çox adi hesab etdiyimiz bu ifadələrin, həyat prinsiplərimizə nə qədər böyük təsir etdiyinin heç fərqinə varmadıq. Gəlin heç olmasa bu gündən etibarən, “mən” və “sən” şəxs əvəzliklərini işlətdiyimiz zaman onlar arasındakı qəribliyi, soyuqluğu, kin-küdurəti ortadan qaldırmağa çalışaq ki, “mən” və “sən” kəlmələri yazılış və deyiliş baxımından bir-birinə yaxın olduqları kimi, tərənnüm etdikləri şəxsiyyətlər arasında da mehribanlıq və yaxınlıqlar bərqərar olsun! Onu da unutmayaq ki, həzrət Peyğəmbərimiz Məhəmməd (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur:

      Özü üçün istədiyini din qardaşı üçün istəməyən həqiqi iman etmiş sayılmaz.”

      • Hits: 1072 clicks

      Tecox component by www.teglo.info