İRFANDAN - İLKLƏR

      Share

      İlk sərnişin təyyarəsi

      Dünyada sərnişin daşımaq üçün istifadə olunan ilk hava nəqliyyatı 1909-cu ildə havaya buraxılan “Delag” adlı zeplin olmuşdur. Ümumiyyətlə, 1919-cu ildən 1936-cı ilə qədər sərnişinlər havada üzən zeplinlər vasitəsi ilə mütəmadi olaraq səyahət etsələr də, 1936-cı ildə yaşanan bir qəzadan sonra zeplinlərin yerini yeni tipli sərnişin təyyarələri almağa başladı. Bu gün istifadə olunan sərnişin təyyarələri həmin təyyarələrin dəfələrlə təkmilləşdirilmiş modelidir.

       

      İlk sərnişin qatarı

      1825-ci ildə İngiltərədə Stokton və Darlinqton şəhərləri arasında o dövrün ən uzun dəmiryolu çəkilmişdir. 35 kilometrlik həmin dəmiryolu kömür daşımaq üçün salınsa da, sərnişindaşımada da istifadə olunurdu. 1829-cu ildə Liverpul-Mançestr Dəmiryolu şirkəti lokomotiv seçimi üçün müsabiqə elan etdi. Müsabiqənin qalibi Robert Stefonsonun “Roket” adlı lokomotivi oldu. “Roket” saatda 25 km sürətlə hərəkət edirdi.

      1933-cü ildən etibarən Avropada və Amerikada buxarlı qatarlardan istifadə olunmuşdur. Sürət qatarı adlandırılan həmin nəqliyyat vasitələrinin sürəti orta hesabla saatda 130 km idi. 1957-ci ildə Yaponiya istehsalı olan 3000 SSE adlı sürət qatarı relsə buraxıldı. Həmin qatar saatda 145 km sürətlə hərəkət edərək dünya rekordunu təzələməyi bacardı. Yaponiya sonrakı illərdə dünyada sürət qatarının təkmilləşdirilməsinə liderlik edən ölkə kimi hər zaman bir addım irəlidə olmağı bacardı (ən son sınaqlarda 590 km/saat). Bu gün dəmiryol tarixində gündəlik ən yüksək sürət də məhz Yaponiyaya aiddir. “Nadzomi” adlı qatar hər gün orta hesabla saatda 261,8 km sürətlə hərəkət edir. Fransa “TJV”si isə orta hesabla gündə 259,4 km/saat sürəti ilə hərəkət edir.

       

      İlk avtobuslar

      Dünyada avtobusdan ilk dəfə 1662-ci ildə Parisdə istifadə olunmuşdur. Adın tərkibində “avto” ifadəsi olsa da, həmin minik vasitələri atlar tərəfindən hərəkət etdirilirdi. Onlardan istifadə hüququ yalnız zəngin və elit təbəqəyə məxsus idi. Həmin minik vasitəsindən kütləvi istifadə də elə Parisdə 1820-ci ildə baş tutmuşdur. Latın dilində “hər kəs üçün” mənasına gələn “omnibus” adı ilə istifadə olunan atlı avtobusların adı bir müddət sonra qısaldılaraq “bus” adlandırılmışdır.

      Atlı avtobuslardan 1829-cu ildə Londonda da istifadə olunmağa başlanmışdır. Üç atla çəkilən həmin avtobuslarda 22 nəfərlik oturacaq yer alırdı. Sonradan benzinlə işləyən motorların və tramvayın inkişafı nəticəsində atlı avtobuslar öz əhəmiyyətini itirməyə başladı. 1895-ci ildə Almaniyada ilk dəfə səkkiz sərnişin daşıyan və benzinlə işləyən avtobuslar istehsal olunmağa başladı. 1904-cü ildə ilk dəfə Londonda ikimərtəbəli və benzinlə işləyən avtobusdan istifadə edilməyə başlandı. 

      • Hits: 24 clicks

      Tecox component by www.teglo.info