155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    20 Yanvar Şəhidləri / Elşən Rzayev

      Share

      Hər bir toplumun özünü xalq, millət kimi sübut etməsi üçün ərazisi, iqtisadiyyatı, dili, dini, adət-ənənəsi ilə bərabər, bu müqəddəs dəyərləri qoruyacaq və uğrunda canlarını fəda edə biləcək igid övladlarının olması başlıca şərtlərdəndir.

      Bəşər övladı yarandığı gündən daim azadlığa, istiqlaliyyətə, hürriyyətə can atmış, bu yolda canından belə keçmişdir. Lakin dünyada elə millətlər olmuşdur ki, onlar istiqlaliyyət yollarını çox çətinliklə qət etmişlər. Belə millətlərdən biri də tarix boyu müstəqillik üçün mücadilə edən və bu yolda heç vaxt geri çəkilməyən Azərbaycan xalqıdır.

      Qədim tarixə malik olan Azərbaycan xalqı əsrlərin sınağından həmişə üzüağ çıxmışdır. İllərin qan yaddaşına neçə-neçə zəfərləri yazdı bu ulu xalq. Əsrlər boyu qəhrəmanlıq savaşlarına cəlb olunan milllətin taleyinə zəfərlərlə yanaşı, acı günlər də yazıldı. 1990-cı ilin 20 Yanvar tarixi də milllətimizin məhz belə bir qəhrəmanlıq salnaməsini yazdı.

      Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar xalqımızın şan və şərəf günüdür. Həmin gün küçələri boyamış al şəhid qanları bir mənada milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini ifadə edirdi. Tanklara və silahlı orduya silahsız sinə gərən yüz minlərlə Azərbaycan övladı Vətənin çağırışına çıxmışdılar. Xalqımızın bu mütəşəkkilliyi, döyüş ruhu Vətən məhəbbətindən, Azadlıq, Müstəqillik ideyasının zəruriliyinin dərk edilməsindən doğan bir mücadilə idi.

       1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. O müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz azdlığa qovuşduq və ölkəmiz müstəqillik əldə etdi.

      Azərbaycan xalqı istiqlal mübarizəsinin şəhidlərini paytaxtımızın ən uca zirvəsinə dəfn etdi. Elə bir zirvəyə ki, qələbə rəmzi kimi ucaldılan düşmən sərkərdəsi Kirovun heykəli ondan aşağıda qaldı. Bu, xalq tərəfindən müstəqillik uğrunda mübarizənin birmənalı dönməzliyin, düşmənə qarşı son qələbəyə qədər döyüşmək andı idi. Həyatını Vətənin azadlığı yolunda qurban verən bu igidlərin əbədiləşən məzarları, artıq məzarıstan deyil, bir millətin qürur, iftixar mənbəyi, milli-azadlıq hərəkatına daima işıq salan məşəldir.

                  Bu gün Azərbaycan torpaqlarının iyirmi faizi düşmən tapdağı altındadır. O müqəddəs torpaqlar bu gün Azərbaycan millətinin hər bir nümayəndəsini müsəlləh əsgər olmağa çağırır. İnanırıq ki, tezliklə "Ölürsəm şəhid, qalırsam qazi" şüarının sədaları altında şəhidlərimizin qanları ilə yoğrulan vətənimizin işğal olunmuş torpaqları düşmən tapdağından azad olunacaq. Məhz o zaman torpaq altında uyuyan şəhidlərimizin müqəddəs ruhları şad olacaq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

      • Hits: 926 clicks

      Tecox component by www.teglo.info