Həzi ASLANOV - İNSAN SACAYAĞI

      Share

      Bədən, ruh və ağıl... Bir-birindən ayrı məfhumlar kimi görünür. Hər biri öz-özlüyündə bir funksiya daşıyır. İnsan həyatı üçün isə hər üçünün birlikdə var olması və sağlam olması lazımdır. Bədən nə qədər sağlam və gümrah olsa da, ruh və ağıl da onun kimi sağlam olmadıqca heç bir işə yaramaz.

      Bu yazını yazmağımın səbəbi bir gəncin valideynlərinin yanıma gələrək uşaqları haqqında şikayət etmələri oldu. Belə ki, bu gənc dostumuz sən demə bütün qüvvəsini idmana həsr edir, dərslərindən yayınırmış.

      Bunu eşitdikdə ağlıma bu suallar gəldi: Görəsən, gənclər arasında özünü idman sahəsinə həsr edərək oxumağı və mənəviyyatı ikinci plana atan və ya ağıl və zehin dediyimiz “oxumağa” həsr edərək ruh və bədən barədə hər hansı bir iş görməyən, yaxud da bunun əksini edənlər, qısası, birində özünü inkişaf etdirib, digərlərini heçə sayanlar nə qədərdir? Bu gənclərimiz niyə belə edirlər? Onlara görə bu seçimlər hansı əhəmiyyət dərəcəsinə əsasən edilir?

      Bunu da qeyd edək ki, bədən, ruhağıl insan sacayağının üç ayağı kimidir. Bu sacayağın  ayaqlarından biri olmasa və ya bir-birindən fərqli ölçüdə olsa, onun üzərinə nəsə qoymaq mümkün olmaz. Hər üçü də olmalı və hər üçünün də ölçüləri bir-biriylə eyni olmalıdır.

      Doğma Azərbaycan dilimizə digər dillərdən alınma söz olan sport sözü bədən və ruhun inkişafı üçün fərdi və ya toplu halda planlı və mütəmadi olaraq yerinə yetirilən hərəkətlərə verilən ümumi addır. Bu gün daha çox əylənmək, fiziki hərəkətlərlə məşğul olmaq və yarış kimi mənalarda istifadə edilir.

      Qərb mədəniyyətinin sport (idman) kəlməsində hələ çata bilmədiyi mənalara  İslam mədəniyyəti daha əvvəl çatmışdır. Belə ki, bu sözün qarşılığı olaraq “nəfsini tərbiyə etmək” mənasına gələn “riyazət”  kəlməsi var ki, bu da “yeyib içməyi azaldaraq ehtiras və şəhəvi duyğulara qarşı mübarizə aparmaq, vücudun sağlam və gümrah olması üçün müntəzəm hərəkətlər etmək” kimi daha geniş mənaları əhatə edir. Göründüyü kimi, İslam mədəniyyətində idman fəaliyyəti digər mədəniyyətlərdən fərqli olaraq sadəcə bədəni gücləndirmək deyil, eyni zamanda ruh və ağıla da xitab edərək onlarla da birbaşa əlaqəni ifadə edir.

      Sacayaq dediyimiz bu üçlüyün digər ayağı ağıldır, dedik. Ağıl: zehin, oxumaq, öyrənmək, bilmək və s. kimi geniş mənalarda istifadə oluna bilər. Gənclik dövründə buna oxumağı, dərs çalışmağı da aid edə bilərik.

      Düşüncəsi, dərdi, işi, peşəsi və hədəfi yalnız dərs, imtahan olan, heç bir fiziki işlə məşğul olmayan, hər hansı idman növlərindən biri ilə özünü inkişaf etdirməyən, mənəviyyat və dəyərləri heçə sayan bir anlayış qısır bir anlayışdır.[1] Çünki sadəcə birtərəfli yüklənmək sacayağındakı balansı pozar və bu da yaxşı olmayan nəticələrə gətirib çıxarda bilər. Məsələn, mənəviyyatı olmayan, dəyərlərə söykənməyən bilik nə qədər faydalı ola bilər?!..

      İnsanın ruh və bədəndən ibarət bir varlıq olması dəyərlərimiz müstəvisində geniş izah olunmaqda, bədənin qidası olduğu kimi, ruhun da qidaya ehtiyacı olduğu vurğulanmaqdadır. Oxumaq ağılı, idman bədəni gücləndirdiyi kimi, ibadət, əxlaq, inanc kimi dəyərlər də insan mənəviyyatını inkişaf etdirir və gücləndirir. Ona görə də kamil, müdrik, əhliyyətli və ideal biri olmaq üçün sacayağın digər ayağı olan mənəviyyatı və ruhu gücləndirmək, ona da əhəmiyyət vermək vacibdir. Bilik və qüvvət mənəviyyatla dəstəklənməzsə, aid olduğu bədənlə birlikdə zəhərli bir güc halına gələr.

                  İslam inanc və düşüncəsinin yerləşdiyi bir həyatda bədən, ruh və ağıl bir-birini tamamlayacaq və dəstəkləyəcək şəkildə inkişaf etdirilir. Sadəcə biri insanın islah və kamil olmasına yetərli olmadığı üçün bunlar arasında seçim etməkdən söz gedə bilməz.

      İnsan şəxsiyyətini və onun islahını əsas alan İslam mədəniyyətində “tərbiyeyi-bədəniyyə”, “tərbiyeyi-əqliyyə” və “tərbiyeyi-ruhiyyə” ilə eyni ölçüdə inkişaf planları hazırlanmışdır.

      Gənc dostlarımız da fərdi inkişaflarında bu üçlüyü bir yerdə inkişaf etdirməli, aralarında əsla seçim etmədən hər üçünə əhəmiyyət verməli və bunların bir-birindən ayrılmaz hissələr olduğunu, bir-birini tamamladıqlarını da unutmamalıdır. Bilinməlidir ki, ruhsuz bədən, dəyərlərdən uzaq düşüncə və ağılla dəstəklənməyən ruh və bədən tam deyildir, yarım qalmışdır.

       

      • Hits: 78 clicks

      Tecox component by www.teglo.info