Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عن أَبِي قَتَادَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنِّي لَأَقُومُ فِي الصَّلاَةِ أُرِيدُ أَنْ أُطَوِّلَ فِيهَا، فَأَسْمَعُ بُكَاءَ الصَّبِيِّ، فَأَتَجَوَّزُ فِي صَلاَتِي كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ

                  Əbu Qətadədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Mən uzun qıldırmaq arzusuyla namaza başlayıram. Ağlayan bir uşaq səsi eşidən kimi, anasına əziyyət verməyim deyə, namazı qısa tuturam”. (Buxari, Azan, 61).

                  Namaz ibadəti insanın mənəvi rahatlıq içərisində və xüşu ilə yerinə yetirməsi lazım gələn bir ibadətdir. İnsan namaza başlamadan öncə dünya ilə bağlı düşüncələrini namazın xaricində qoyaraq o halda niyyət etməlidir. Bunun üçün də gündəlik həyatında namaz vaxtlarını və namaz qılacağı zaman müddətini nəzərə alaraq hərəkət etməlidir. Çünki dünyalıq düşüncələr ilə namaza başlayan insanın Allahın qarşısındaymış kimi xüşu ilə namaz qılması çətindir. Buna görə də insan namaz əsnasında fikrinin kənarda qalmaması üçün maksimum dərəcədə cəhd etməli və işlərini də namazına görə tənzimləməlidir. Bu halda təkbaşına namaz qılan bir insanın namazını istədiyi şəkildə uzatması onun öz ixtiyarında qalan bir məsələdir.

                  İslam dinində kişilərin camaat halında namaz qılmalarına əhəmiyyət verilmişdir. Bu səbəblə də mümkün olduğu qədər kişilərin camaat namazlarına qatılıb ibadətlərini cəm halda yerinə yetirmələri İslam dininin təşviq etdiyi gözəl əməllərdəndir. Camaat halında namaz qılarkən hər kəs imama tabe olduğu üçün imamın camaatda iştirak edən hər kəsi nəzərə alması lazımdır. "Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin" (Buxari, Elm, 11) hədisi ilə bunu bir düstur halına gətirən Allah Rəsulu (s.ə.s) yuxarıda qeyd etdiyimiz hədisdə də bu prinsipə diqqət çəkmiş, namazı uzun qıldırmaq istəməsinə rəğmən camaatı nəzərə almağın daha önəmli olduğunu ifadə etmişdir. Bu barədə Əbu Məsud əl-Ənsarinin nəql etdiyi bu rəvayəti də qeyd etmək mümkündür:

      Bir nəfər: "Ya Rəsulallah! Filankəsin çox uzatması səbəbi ilə az qala namazı (bütöv olaraq camaatla) qıla bilmirəm", – dedi. Rəsulullahı (s.ə.s) vəz verərkən həmin günkü qədər qəzəbli halda heç görməmişdim. Rəsulullah (s.ə.s) belə buyurdu: “Ey İnsanlar! Siz (belə etməklə) nifrət etdirirsiniz! Sizdən hər kim camaata namaz qıldırarsa, namazı qısa tutsun. Çünki camaatın arasında xəstə, zəif və təcili işi olanlar vardır!” (Buxari, Elm, 28). Bu rəvayətdən də görüldüyü kimi, Həzrət Peyğəmbər camaat halında edilən ibadətlərdə camaatın halını nəzərə almağı qətiyyətlə tələb etmişdir.

                  Nəticə olaraq, hədisi-şərifdə insanlara rəhbərlik (imamlıq) edən hər bir şəxsin öz tabeçiliyində olan insanları nəzərə almalı olduğu tələb olunmaqdadır. Bu, həyatın hər bir sahəsində diqqət olunması lazım gələn bir əsasdır.

                   

       

       

       

      • Hits: 277 clicks

      Tecox component by www.teglo.info