155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Fuad QULIYEV – BAKI İSLAM UNIVERSITETI ZAQATALA ŞÖBƏSI

      Share

      O bir fədaidir...

      Bir ölkəni, xalqı və mədəniyyəti ayaqda tutan, onu digər xalqlardan fərqləndirən, onu daim irəliyə daşıyan dəyərlər vardır; milli-mənəvi dəyərlər! 

      Onsuz heç bir zaman, heç bir millət var olma iqtidarında deyil. Xalqımızın da məhz bu dəyərlərini yaşadan, tarix səhnəsində öz sözünü deyən, sağlam bir şəkildə ayaqda qalmasına xidmət edən, tarixi şəxsiyyətləri daim var olmuşdur. O şəxsiyyətlər ki, atdıqları hər bir addımla xalqının daim xoşbəxtliyinə, istiqbalına əvəzsiz töhfələr bəxş etmişdir.

      Ölkəmizin yetişdirdiyi bu şəxiyyətlərdən biri də ictimai xadim kimi göstərdiyi misilsiz xidmətləri ilə müasir tariximizə adını qızıl hərflərlə yazdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləridir. Şeyxülislam həzrətlərinin hələ çox kiçik yaşlarından etibarən dini sahəyə maraq göstərməsi, istedadı ilə ustadlarının nəzdində daim diqqət cəlb edərək bir addım önə çıxması onun əslində gələcəkdə nə cür əhəmiyyətli işlərə imza atacağı, istedadı, möhkəm iradəsi və çevikliyi ilə xalqının müqəddəratında önəmli bir şəxsiyyət kimi yer alacağının bariz bir əlaməti olaraq dəyərləndirilə bilərdi. Keçmiş SSRİ rejimində dini sahəyə ciddi nəzarətin olduğu bir dövrdə özünü məhz bu sahəyə həsr etməsi heç də bir təsadüf deyildir. Çünki tarix öz şəxsiyyətlərini məhz elə çətin və keşməkeşli, aqressiya və təzyiqin pik həddə çatdığı və xalqının ehtiyacı olduğu dövrlərdə sanki səhnəyə dəvət edər. Və onlar səhnəyə çıxaraq, xalqın mənafeyini əsas tutaraq, bütün çətinliklərə, təzyiqlərə baxmayaraq xalq adından öz sözlərini deyərlər. Elə bir söz ki, kəskin duruş, qətiyyət və mübarizəyə yön verəcək bir keyfiyyət ehtiva edər.

      İstiqlalımız asanlıqla əldə edilmədi, əlbəttə. Xalqımızın mərd oğullarının öz canı bahasına fədakarlıq göstərməsi, gözünü belə qırpmadan şəhadət şərbətini içməsi heç bir təsadüflə izah edilə bilməz. Necə oğullarımız bu yolda şəhid olarkən, necələri qazi olarkən, necələri də öz mücadiləsini məhz bu iki yoldan birini gözünə kəsdirərək, ölümün gözünə dimdik baxaraq davam etdirdi. Ölkəmizin istiqlal mücadiləsi əsnasında baş verən proseslər, yaşanan hadisələr fonunda Şeyx həzrətlərinin xalqımızın yüksək motivasiyaya nail olmasında, əhval-ruhiyyəsinin müsbət istiqamətdə şəkillənməsində önəmli rolu olmuşdur. Bu elə bir duyğu və hissdir ki, fitrətdə vardır. Ancaq kimiləri bunu içinə basdırar, sabah başına açılacaq bir işə görə, kimiləri də bunu açıqca büruzə verərək mənəvi keyfiyyət və dəyərlərin ən yüksək şəkildə yaşadılması üçün, xalqının gələcəyi üçün əsl duruş sərgiləyər.  

      İstiqlal mücadiləmizin başladığı 1989-1990-cı illərdə ölkəmizdə bir tərəfdən müxtəlif sahələrdə müəyyən proseslər gedərkən, bir yandan da milli-mənəvi dəyərlərimizin düzgün və elmi əsaslarla öyrədilməsi prosesi gedirdi. Qafqaz Müsəlmanları İdarəsi nəzdində ilk olaraq mədrəsə, daha sonra institut statusu alan və hal-hazırda universitet kimi fəaliyyətini davam etdirən Bakı İslam Universiteti və onun filiallarının təşkili Şeyxülislam həzrətlərinin 1980-ci ildən etibarən rəhbərlik etdiyi qurumun çox böyük nailiyyəti idi. Çünki keçmiş sovet dövründə dini sahədə mütəxəssislərin hazırlığı prosesi çox fərqli çərçivədə və məhdud sayda təşkil olunurdu. Bu isə xalqın dini sahədə qarşılaşdıqları məsələlərin həllində ciddi problemlərə - nöqsanlara yol açırdı. 

      Mədrəsə və universitetlərin belə bir çətin dövrdə fəaliyyətə başlaması və bu fəaliyyətlərin zaman keçdikcə daha da möhkəmlənməsi xalqımızın milli-mənəvi dəyərlərini öyrənməsində, yaşadılmasında və gələcək nəsillərə doğru şəkildə çatdırılmasında müstəsna rol oynayırdı.

      Cəmiyyət üçün ən böyük təhlükə hər zaman cəhalət olmuşdur. Yuxarıda bəhs edilən həmin qurumların fəaliyyətə keçməsi bir mənada cəhalətlə savaşın ən böyük nümunəsidir ki, həmin qurumların hazırladığı yüksək din və dünya görüşünə malik kadrlar vasitəsilə bu mübarizə aparılmaqdadır.

      Mənsubu olduğum və Qafqaz Müsəlmanları İdarəsi tabeçiliyində on illərdir fəaliyyətini uğurla davam etdirən Bakı İslam Universiteti və Zaqatala şöbəsinin yetişdirdiyi yüzlərcə ali dini təhsilli mütəxəssislərimizin ölkəmizdə və ölkə xaricində dəyərlərimizi təmsil və təbliğ etdiyinə şahid olmaq insanı qürurlandıran bir hadisədir. Bu kimi qurumlar var olduğu müddətcə insan keyfiyyətimiz daha da yüksələcək və daha böyük uğurlara imza atılacaq. Asanlıqla demək mümkündür ki, bu əsərin müəllifi sözün əsl mənasında bir fədai kimi ömrünü xalqın xidmətinə həsr etmiş Şeyxülislam həzrətləridir.

      “Mənə bir hərf öyrədənin köləsi olaram” kəlamı, dinimizcə elm öyrənməyə və öyrətməyə nə dərəcədə əhəmiyyət verildiyini göstərməsi baxımından təhlil edildikdə ölkəmizdə bu sahədə atılan addımların, görülən işlərin, gələcəkdə görülməsi planlanan işlərin nə cür töhfələr verəcəyini təsəvvür etmək çox da çətin deyil.

      Müstəqil ölkəmizin tarixən keçdiyi təlatümlü yollarda aparılan milli mübarizə, birlik və bərabərlik duyğusu içərisində xoşbəxt və firavan yaşama hədəfi, ədalət, dürüstlük, sədaqət və şəhadət missiyasını hər zaman özündə daşıma məsuliyyəti bu müqəddəs torpaq üzərində yaşayan hər bir kəsin ən ülvi məqsədidir.

       

       

      • Hits: 42 clicks

      Tecox component by www.teglo.info