155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran MƏMMƏDOV – TƏVƏKKÜL

      Share

      Təvəkkül bir məqsədə çata bilmək üçün lazımlı olan bütün tədbirləri aldıqdan sonra Allaha güvənmək, Onun hökmünün mütləq meydana gələcəyinə qəti olaraq inanmaq və işin nəticəsini Ona həvalə etməkdir. 

      Məsələn, bir əkinçi əvvəlcə tarlasını vaxtında belləyər, toxumu əkər və lazımlı bütün işlərini görər, sonra da Allaha təvəkkül edər. Yəni ancaq bu zaman “təqdir nə isə o olar, mən öz üstümə düşəni etdim” deyə bilər. Yoxsa bunların heç birini etmədən “qədərdə nə varsa o olar, mən Allaha güvənirəm” demək təvəkkül deyil, tənbəllikdir.

      Yuxarıda bildirilənlərdən də aydın olduğu kimi, təvəkkül müsəlmanın edəcəyi işlərdə bütün zahiri səbəbləri nəzərə alması, alınması lazım olan tədbirləri görməsi, işləyib-çalışması və bundan sonra son nəticəni yalnız Allahdan gözləməsidir. Hz. Peyğəmbər dəvəsini açıq buraxaraq Allaha təvəkkül etdiyini söyləyən bir bədəviyə: “Onu bağla, sonra təvəkkül et”, - buyurmuşdur. (Tirmizi, Sifatul-Qiyamə: 60)

                 İslam əqidəsinə görə, mövcudatın bütün hərəkətləri, halları və sözləri uca Allahın qəza və təqdiri ilə meydana gəlir. Dinimiz lazım olan tədbirləri aldıqdan sonra insanlara və vasitəçilərə yox, yalnız Allaha söykənmək mənasındakı təvəkkülü əmr edir. Bir ayədə Allah-Təala belə buyurur: “Müsəlmanlar yalnız Allaha güvənsinlər”.(Ali İmran, 122) Hz. Peyğəmbər də bu sözləri ilə müsəlmanlara təvəkkülü tövsiyə etmişdir: “Əgər siz Allaha haqqı ilə təvəkkül etsəniz, o, quşlara ruzi verdiyi kimi sizə də ruzi verər”.(İbn Macə, Zöhd, 14; Tirmizi, Zöhd, 33) Allah-Təala bizə meyvə vermək üçün ağacı, ağacın yetişməsi üçün torpağı, toxumu, suyu, Günəşi vəsilə və ya səbəb etmişdir. Bu dünya imtahan yeri olduğuna görə, Allah bizə verdiyi ehsan və nemətlərini bəzi səbəblərlə əlaqələndirmişdir. Halbuki hər şeyə qadir olan Rəbbimizin səbəblərə ehtiyacı yoxdur. Ancaq səbəbləri yerinə yetirmək və tədbirli davranmaq Allahın qoyduğu qanunlara hörmətin və qulluğun tələbidir.

      Hz. Ömər Mədinədə boş-boş gəzən bir qrup insan gördü və onlardan: “Siz kimsiniz?” -deyə soruşdu. Onlar da: “Biz mütəvəkkillərik” (təvəkkül edənlərik) - dedilər. Bunu eşidən xəlifə: “Xeyr, siz mütəvəkkil deyilsiniz, siz mütəəkkillərsiniz (havayı yeyənlərsiniz). Siz yalançısınız, halbuki mütəvəkkil toxumu yerə atıb sonra təvəkkül edənə deyilir”, - dedi.

      Həqiqi təvəkkül gözəl bir davranış, əxlaqi bir fəzilətdir. Allah-Təala müsəlmanlara təvəkkül etməyi əmr etmiş və belə kimsələri sevdiyini xəbər vermişdir:

      “Möminlər ancaq o kəslərdir ki, Allah xatırlandıqda ürəkləri titrəyər, onlara Allahın ayələri oxunduğunda o ayələr onların imanlarını artırar və Rəblərinə təvəkkül edərlər”. (əl-Ənfal, 2)

      “... Qəti qərar gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali İmran, 159)

      “Bir də ki, daim diri olub heç bir zaman ölməyən Allaha təvəkkül et”. (əl-Furqan, 58)

      “Kim Allaha təvəkkül etsə, O, ona yetər”. (ət-Talaq , 31)

                  Təvəkkül müsəlmanların qədərə olan inamlarının bir nəticəsidir. Təvəkkül edən kimsə, Allaha qeyd-şərtsiz təslim olmuş, qədərinə razı kimsədir. Lakin, necə ki, qədərə inanmaq tənbəl-tənbəl oturmağı, hər şeydən əl-ətək çəkməyi tələb etmirsə, təvəkkül də tənbəllik və miskinliyi tələb etməz. Həqiqi mütəvəkkil işləmədən qazanmayacağını, əkmədən biçməyəcəyini, əməlsiz Cənnətə girilməyəcəyini, ixlasla ibadət və itaət etmədən Allahın razılığına qovuşmayacağını biləndir. Allaha təvəkkül edən həqiqi mömin hər bir işində mümkün qədər sistemli və planlı çalışmaqla, səbəbləri yerinə yetirməyə ciddi səy göstərməklə yanaşı, bunların heç birinə bel bağlamır, yalnız Allaha güvənir. Səbəblərin də, nəticənin də Allah tərəfindən yaradıldığını bilir və buna qəlbən inanır. Başına bir bəla gələndə, bir sıxıntıya düçar olanda: “Halım sonsuz mər­hə­mət sahibi Rəbbimə əyandır, bunda da bir xeyir var”, – deyib səbir edir. Bir uğur qazananda, bir nemət veriləndə: “Bu, ancaq Rəbbimin bir lütfüdür”, – deyib şükür edir. Təvəkkül edən bir insan ən ağır müsibətlər qarşısında belə ümidsizliyə qapılmır. Azacıq sarsılsa da, mətin dayanır. Böyük uğurlar qazansa belə, təkəbbürlənmir, əksinə, şükür edir. Beləcə, əsl mənəvi rahatlığa qovuşur.

      Hz. Ənəs (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim evindən çıxarkən: “ بِسم اللَّهِ ، تَوَكَّلْتُ عَلَى اللَّهِ ، لا حَوْلَ وَلا قُوَّةَ إِلا بِاللَّهِ – Allahın adı ilə, Allaha təvəkkül etdim, güc və qüvvət Allahdandır – desə, ona: “İşini gör, sənə hidayət verildi, bu sənə kifayətdir və sən hifz olundun”,– deyilər. (Bununla da) şeytan ondan uzaqlaşar”. (Tirmizi, Dəavat, 34; Əbu Davud, Ədəb, 112)

       

      • Hits: 42 clicks

      Tecox component by www.teglo.info