155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Sərdar Hüseyin Yıldırım: “İsraf etməyə haqqımız yoxdur”

    PDF faylını alÇapE-poçt

      Share

      Berlin Texnik Universitetində Aviasiya və Kosmik texnologiyalar sahəsində təhsil almışdır. Otuz ilə yaxın Aviasiya sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Hazırda Türkiyənin Aviasiya və Kosmik Texnologiyalar Elmi Mərkəzinin rəhbəridir. Dünyanın yüz qırx ölkəsinə səyahət etmişdir. Sərdar bəy eyni zamanda Türkiyənin İstanbul Universitetinin Tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Bir sıra jurnal və qəzetlərdə məqalələri dərc olunmuşdur. “Geleceğe notlar” (Gələcəyə qeydlər) adlı kitabın müəllifidir.

       

      İrfan: Sizinlə müasir dünyadan və onun gələcəyindən söhbət açmaq istərdik. Bu gün müasir dünyada sanki bir “moda çılğınlığı” var. Bir artistin, məşhur birinin geyindiyi hansısa libas modaya çevrilir. Həmçinin moda olması arzu olunan paltar bir məşhura geyindirilərək insanlara təqdim olunur, satışa çıxarılır. Siz bunu necə qiymətləndirirsiniz, sizcə moda nədir?

      Sərdar Hüseyin Yıldırım: Bu mövzu bizim ən ağrılı yerlərimizdəndir. İnsanlarımızın əksəriyyəti modanın nə qədər sıxıntılı, problemli bir bəla olduğunun fərqində deyil. Hər kəs suyun üstünə düşmüş yarpaq kimi bu axıntıya qapılıb gedir. Moda dediyimiz şey, əslində, birilərinin sizin nə geyinəcəyinizi, necə geyinəcəyinizi, hansı rəngdə geyinəcəyinizi, yaxud nə yeyəcəyinizi, hansı telefonu işlədəcəyinizi, necə oturacağınızı və s. bunların hamısını əvvəlcədən təyin etməsi, sizi yönləndirməsi, idarə etməsidir. Düzdür, bunu zorla etmir, gözəlliklə edir, amma necə?.. Sizin də misal verdiyiniz kimi, məşhur birinə etdirir, siz də onu sevirsinizsə, təqib edirsiniz. Onun yediyi yemək, geyindiyi pencək, nə görsən, arxasınca gedirsən. Bu şəkildə istehsal etdiyi məhsulları milyonlarla insana sata, çox yüksək miqdarda gəlir əldə edə bilir. Əslində, belə edərək bizi istismar etmiş olur. Çünki bizim buna ehtiyacımız olmadığı halda bu xərcləmələri edirik. Məsələn, bir misal verim, evə gedək, paltar dolabını açaq. Hər birimizin bir neçə dəst paltarı – şalvarı, pencəyi, köynəyi, ayaqqabısı var. Kişilərin də vəziyyəti belədir, qadınların da. İndi fikirləşək, hansını nə qədər geyinirik, neçə dəfə geyinirik. Və onlar orada olduğu halda yenə təzə birini almağı fikirləşirikmi?! Bəli, alırıq. Soruşuram, niyə alırsan? Deyir ki, modadır. İndi bu rəng moddadır... O biri rənglər qalır kənarda. Bu, çox təhlükəli bir haldır. Allah qorusun, hər şeydən əvvəl bu, israf olur. İsraf da, bildiyiniz kimi, haramdır. Müsəlman olaraq israf etməyə haqqımız yoxdur. Əvvəla, bu davranış dini baxımdan yanlışdır. İkincisi də, insani olaraq o pencəyə, o şalvara, yaxud hər nədirsə, o əşyaya ehtiyacı olan başqa insanlar var. Bir də belə bir bəhanə tapırlar: “mən bu köhnəsini başqasına verəcəyəm”. Bəlkə də, həqiqətən verənlər var, amma aldığı o yenisi də çox qısa müddətdə köhnəyə çevrilir. Çünki moda dayanmadan sürətlə dəyişir. Moda sizi davamlı olaraq alış-verişə, pul xərcləməyə, hüdudsuz istehlaka sövq edir.  Mən bunu qəbul etmirəm və həyatımda moda olduğu üçün heç nə almadım. Allaha şükür, buna görə heç bir əskiklik də hiss etmədim. Ehtiyac olarsa, xoşuma gələn malı alaram, o ayrı. Amma sırf moda olduğu üçün müəyyən rəng, hansısa forma məni maraqlandırmır. Hər kəs bu şüurla hərəkət edərsə, israf edilən bu məbləğlər başqa xeyirli işlərə sərf edilə bilər və daha insani bir davranış ortaya qoyulmuş olar.

      - Bəzən bu xərcləmələrə dini don geyindirməyə çalışırlar. Məsələn, məşhur bir hədis var, “bir səhabə deyir ki, - Ya Rəsulallah, mən ayaqqabımın ipi daxil hər şeyimin gözəl olmasını istəyirəm. Allah Rəsulu da buyurur ki, - Allah bir quluna nemət verdiyi zaman qulunun üstündə onun nişanələrini görmək istəyər”. Buradan yola çıxaraq biz modaya uyuruq, dəbə uyğun geyinirik deyənlər var, nə qədər doğrudur?

      - Doğru deyil, bu, sadəcə öz nəfsimizi razı salmaqdır. Təəssüf ki, bunun başqa nümunələri də var. İnsanlar öz nəfslərini rahatlatmaq üçün etmək istədikləri işə bəhanə uydururlar. Bunun üçün də dini mənbələrdən istifadə etməyə çalışırlar. Müsəlman olduğu üçün bu şəkildə vicdani olaraq rahatlamış olur. “Peyğəmbərimiz gözəl geyinməyi tövsiyə etmişdir” deyər, “Allah gözəldir, gözəli sevər” deyər... Biz bu sözlərin doğruluğuna etiraz etmirik. Əlbəttə, hər işi gözəl görmək daha yaxşıdır. Amma biz israfa qarşıyıq. Bir şeyin gözəl olması ilə onun israf edilməsini bir-birinə qarışdırmamaq lazımdır. Sırf rəngi dəyişdi deyərək, şəklində azca fərqlilik var deyə, moda olduğu üçün ondan bir dənə də almaq islami bir davranış tərzi deyil. Bunu heç bir şəkildə din ilə, İslam ilə maskalaya bilmərik. Bu bir aldatmacadır və insanlar da buna meyllidir. Bu, bütün işlərdə belədir. “Bunu təkcə mən etmirəm ki, hər kəs bunu edir” deyər; halbuki sən öz hesabını verəcəksən, kimsə sənə görə hesab verməyəcək. Biz də sabah Ruzi-məhşərdə Mövlamızın hüzuruna çıxanda öz etdiklərimizin hesabını verəcəyik. Müsəlman ağılla hərəkət etməlidir, belə bəhanələrə aldanmamalıdır. Əgər bir oyun qurulubsa, müsəlman onu anlamalıdır. “Mömin kəs eyni ilan dəliyindən iki dəfə sancılmaz” buyurulur, hədisdə. Siz ömür boyu moda deyilən eyni dəlikdə sancılırsınızsa, pullarınızı dayanmadan israfa xərcləyirsinizsə, bunu İslamla əsaslandıra bilməzsiniz.

      - Yəni belə deyə bilərik ki, bir şeyin gözəl olmasının səbəbi moda olması deyil. Alınan əşya moda olduğu üçün deyil, gözəl olduğu üçün alınmalıdır. Bir də sizin Türkiyə mediasında dilə gətirdiyiniz, həyəcan təbilləri çaldığınız bir hadisə var - müştərək cinsiyyət, insanları tək cinsiyyətli məhsullara yönləndirmək məsələsi. Yəni paltarda qadın-kişi fərqini ortadan qaldırmağa çalışırlar və bunu moda yolu ilə həyata keçirirlər. Niyə bunun bu qədər təhlükəli olduğunu düşünürsünüz?

      - Bu, dünyanın hər bir nöqtəsində icra edilməyə çalışılan böyük bir layihədir. İnsanların çoxu bu dəhşətin fərqində deyil. Moda yolu ilə qəbul etdirilməyə çalışılan bu “unisex - müştərək cinsiyyət” dediyimiz, həm kişilərin, həm də qadınların geyinə biləcəyi paltarlar məsələsi, əslində, 20-30 ildir gündəmdədir. Əksər insanlar bunu yadırğamadı, məsələn, eynək dedilər, qadın da işlədə bilər, kişi də. Amma o bir başlanğıc idi, nəbz tutmaq idi. İndi iş o həddə gəlib ki, artıq məsələ eyni paltarın geyilməsi deyil, cinsiyyət fərqinin ortadan qaldırılmasına çevrilib. Mən buna “cinsiyyətsizlik layihəsi” deyirəm. Bu layihənin məqsədi nədir? Dünyanı dövlətlərüstü bir güc olaraq idarə etməyə çalışan oliqarx bir quruluş var. Bu qlobal qüvvənin bir bayrağı, dövləti yoxdur, amma əllərində güc var. Pulları çox olduğu üçün finans sektoruna hakimdirlər, mediada güclü təsirləri var. Bunların əsas hədəflərindən biri əhalinin sayını mümkün mərtəbə azaltmaqdır. Hazırda 7,5 milyard olan dünya əhalisinin sayının 10 milyarda qədər yüksələcəyi təxmin edilir. Bu, nəzarət edilməsi çox çətin bir saydır. Nəticə etibarilə əllərində güc olan qüvvələr düşünür ki, bu say nə qədər az olarsa, onlara nəzarət etmə imkanı bir o qədər yüksələr. Bunun birinci yolu müharibələrdir ki, günümüzdə bunu müşahidə edirik. İkincisi bəzi xəstəliklərin yayılmasıdır ki, əvvəllər heç görülməmiş olan bir çox epidemik xəstəlik adları eşidirik. Yeni-yeni mikroblar ortaya çıxır və on minlərlə insanın ölümünə yol açır. Günümüzdə bu iki yolun insan sayının azalmasında kifayət qədər təsiri gerçəkləşdirə bilmədiyi görülür. Uşaq sayının, yəni doğum sayının azaldılması bunun ən təsirli yolu olaraq görülür. Çin kimi bəzi bölgələrdə bunu məcburi etdikləri halda, Qərb dünyasında insanları belə bir həyata həvəsləndirərək etdilər. Bir qadının doğurqanlıq yaşı məlumdur. Siz qadının evliliyini nə qədər gecikdirsəniz, bir o qədər az uşaq dünyaya gətirər. Bu, sadə riyazi hesablamadır. 

      - Nə qədər gecikdirsələr, kardır, deyirsiniz.

      - Bəli, əvvəllər qızlar üçün evlilik yaşı 17-18 idi, sonra 20 oldu, 25, 30... Otuzdan sonraya neçə ili qalır – on il. On ildə neçə uşaq dünyaya gətirə bilər? Burada fiziki bir daraltma var. Bir də karyera söhbəti var, evləndiyi halda uşaq istəmir. İlk uşağını 35 yaşında dünyaya gətirir və tək uşaqla qalır. Demoqrafik bir statistika var: hər qadın 2,1 uşaq dünyaya gətirməzsə, əhalinin sayı azalmağa başlayar. Bu, bir ortalamadır, riyazi hesabdır. Yəni iki uşaq dünyaya gətirsə, əhalinin sayına mənfi təsir göstərir, üç uşaq olsa, artış olar. Bunun üçün karyera həvəsləndirmələri, filmlərlə həvəsləndirmə kimi üsullardan istifadə olundu. Sonra “eşcinsəllik” məsələsi çıxdı. Qadın-qadınla, kişi-kişi ilə evləndi, burada, əlbəttə, uşaqdan söhbət gedə bilməz. “Müştərək cinsiyyət” dediyimiz məsələ də bunun başqa bir təzahürüdür; kişilərin qadına bənzəməsi, qadınların da kişilərə. Yəni Allahın kişi və qadın olaraq yaratdığı iki cinsin fərqlərinin azaldılaraq yavaş-yavaş bir-birinə yaxınlaşdırılması və tək cins kimi qəbul edilməsi. İndi bunu yayğınlaşdırmağa çalışırlar; deyirlər ki, “qadın-kişi” deməyin; “insan” deyin. İlk baxışda məsum bir ifadə kimi görünsə də, nəticəsi çox təhlükəlidir. Bu, yaradılışa üsyandır, Allaha üsyandır. Allah bizi kişi və qadın olaraq, fərqli yaradıb. Bunu dəyişdirməyə çalışsan, Allahın nizamını dəyişdirmiş olarsan ki, bu da fəlakət deməkdir. Qadın kişi kimi, kişi də qadın kimi olduqdan sonra nə deyəcəklər, artıq bir-birimizə ehtiyacımız yoxdur, hər kəs tək yaşasın. Biz birlikdə güclüyük, iş bölümü etdiyimiz zaman. Amma qadın və kişini eyniləşdirsək, bu birlikdəlik, bu dəyər itər. Mən bu layihənin əsrimizin ən böyük təhlükələrindən biri olduğunu düşünürəm. Bu həm İslam aləmi üçün, həm də ailə quruluşuna əhəmiyyət verən hər kəs üçün təhlükəlidir.

      - Bununla mübarizə tərzimiz, üsulumuz necə olmalıdır? Bu gün internetin girmədiyi ev qalmayıb. İnsanın televizorda izlədiyi bir film içində yer alan müsbət bir obraz eşcinsəl çıxa bilir. Bu işi adiləşdirməyə çalışırlar. Buna qarşı gənc nəsilləri, övladlarımızı necə qoruya bilərik?

      - Burda qarşımıza iki yol çıxır: bunları bir şəkildə qadağan edərək, yox sayaraq, ləğv edərək qarşısını almaq olar ki, mən bunun həlledici çözüm olduğunu düşünmürəm. Bunu etməyə çalışanlar da oldu; məsələn, bir müddət evinə televizor almayan tanışlarım oldu. Amma o dövrləri keçdik, indi cib telefonu var, internet var, məktəb var, yol boyu reklamlar var... Hər yerdə bununla qarşılaşa bilirik. İkinci yol isə bu sahəyə özümüzün girməyi və faydalı olan seçimləri təqdim etməyimizdir. Bu çox çətin yoldur, amma başqa yolumuz yoxdur. Məsələn, İrfan jurnalının fəaliyyəti bu mənada təqdirəlayiqdir, çünki faydalı olan şeyləri xalqa çatdırmağa çalışırsınız. Bu kimi fəaliyyətlərin kütləviləşdirilməsi, sayının artması və xüsusilə internet üzərindən insanlara çatdırılması mühümdür. İnternetdə hər şey var, yaxşı-pis. Bunu ayırmaqda böyüklər belə çətinlik çəkir. Bəs balacalar necə ayıracaq? İnternetlə əyri yollara düşən, fəlakətə düçar olan, intihara gedən bir çox insan var. Bıçaq kimidir, yaxşıya da istifadə olunur, pisə də. Biz pisə qarşı filtrləri gücləndirib yaxşını təqdim etməliyik ki, insanlar bundan istifadə etsin. Gördüyümüz iş başdansovdu olmamalı, cəzbedici, zövqləri oxşayıcı olmalıdır. Tərtib etdiyimiz proqramlar elə gözəl hazırlanmalıdır ki, görənləri özünə valeh etsin. Gənc nəsillərə eyni keyfiyyətdə alternativ təqdim etməliyik. Ancaq o zaman deyə bilərik ki, övladım, ora yox, bura yönəl. Bu şəkildə bir şansımız ola bilər, əks təqdirdə şansımız olmaz. Onsuz da, gözəl şeylər rahatlıqla əldə edilməz. Biz çətin olana talib olmalıyıq.

      - Çox təşəkkür edirik, dəyərli vaxtınızı bizə ayırdınız, mühüm mövzulara toxundunuz.

      - Mən də bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm.

       

       

       

       

      • Hits: 31 clicks

      Tecox component by www.teglo.info