155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Borc alıb həccə getmək olarmı?

      Cavab: Həcc ibadətinin fərz olması üçün bir müsəlman fiziki cəhətdən sağlam və imkanlı olmalı, ruhi xəstə olmamalı və həddi-büluğa çatmalıdır.

       Odur ki, həccə getməyə imkanı olmayanın borc götürüb həccə getməsi vacib deyil. Lakin borc götürüb həccə gedərsə, onun yerinə yetirdiyi həcc ibadəti etibarlı olar və həcc ibadəti ilə bağlı öhdəlik ondan götürülmüş olar.

       

      Sual: Səhhət baxımından həccə gedə bilməyən bir müsəlman öz əvəzinə başqasını göndərməyib, həmin pulu sədəqə verərsə, həcc ibadətini yerinə yetirmiş sayılarmı?

      Cavab: Fərz ibadətlərdə əsas olan həmin ibadətin öz vaxtında və əmr edildiyi formada yerinə yetirilməsi, eləcə də şəxsən özünün həmin ibadəti etməsidir. Ancaq bəzi ibadətlər bəzi hallarda vəkalət yolu ilə - başqasına tapşırılmaq surəti ilə də yerinə yetirilə bilər. Odur ki, həcc ibadətini yerinə yetirə bilməyəcək dərəcədə xəstə olan və yaxud həddindən artıq yaşlı olan bir insan özünün əvəzinə həcc etməsi üçün xərclərini qarşılayaraq başqasını göndərə bilər. Lakin həmin məbləği yoxsullara verməklə həcc ibadətini yerinə yetirmiş sayılmaz. Bu səbəbdən həcc ibadətinin məsuliyyəti davam edər, lakin verdiyi sədəqənin savabına nail olar.

       

      Sual: Həcc ibadəti fərz olan bir müsəlman onu yerinə yetirmədən vəfat edərsə, onun varisləri nə etməlidirlər?

      Cavab: İmkanlı olan bir müsəlman həcc ibadətini yerinə yetirmədən ölərsə, onun qoyub getdiyi mal-dövlət ilə özünün yerinə həcc ibadətinin yerinə yetirilməsini vəsiyyət etmiş və mirasının üçdə biri bunun üçün kifayət edirsə, onun varisləri tərəfindən sözügedən vəsiyyət mütləq yerinə yetirilməlidir. Ancaq vəsiyyət etməmişsə, varislərindən hər hansı bir nəfər öz imkanı ilə onun adına həcc edə bilər. Çünki Hz. Peyğəmbər (s.ə.s) insanlara olan borcun verilməsinin vacibliyini dəlil göstərərək Uca Allaha qarşı olan həcc borcunun da varislər tərəfindən yerinə yetirilməli olduğunu bildirmişdir. (Nəsai, Mənasikül-həcc, 8-9)

       

      Sual: Qurbanlıq heyvan çəki ilə alına bilərmi?

      Cavab: Qurbanlıq heyvan canlı olaraq çəkilmək surəti ilə alınıb satıla bilər. Əgər cəmiyyətdə hər hansı bir aldatma və mübahisəyə yol verməyən bir adət-ənənə varsa, ətin qiymətini əvvəlcədən müəyyən etmək şərti ilə, kəsildikdən sonra əti çəkilərək pulunun ödənməsi ilə də satın alına bilər. Bunun etibarlı olması üçün kəsilmədən əvvəl tərəflər arasında müqavilə tamamlanmalı və ətin qiyməti müəyyən edilməli, kəsildikdən sonra da ətin miqdarındakı qeyri-müəyyənliyin aldatma və mübahisəyə yol açmayacaq şəkildə dəqiqləşdirilməsi şərtdir. Bundan əlavə, qurbanın başı, ayaqları və içalatı kimi bəzi yerlərinin satıcıda qalması şərti də qoşulmamalıdır.

       

      Sual: Bir kimsə nisyə qurbanlıq alıb kəsə bilərmi?

      Cavab: Qurban ibadəti Uca Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilən bir ibadətdir. Bu məqsəd də yalnız insanın öz mülkiyyətindəki heyvanı qurban etməsi ilə gerçəkləşər. Mülkiyyət heyvanı böyütmək, bağışlamaq və miras yolu ilə olmaqla yanaşı, satın almaq yolu ilə də reallaşır. Nisyə alış-veriş caizdir. Bu alış-veriş borcun ödənməsinin müəyyən vaxta qədər təxirə salınmasıdır. Odur ki, nisyə satın alınan bir mala satın alan sahib olduğu üçün, bu yolla alınan bir heyvanın qurban edilməsində də hər hansı qəbahət yoxdur.

       

      Sual: Alınan bir qurbanlıq heyvan ölərsə, nə edilməlidir?

      Cavab: Satın alınan bir qurbanlıq kəsilmədən əvvəl ölərsə, satın alanın imkanına görə fərqli hökmü var. Belə ki, əgər həmin şəxs imkanlıdırsa, yenidən qurbanlıq alıb kəsməlidir. Çünki ona vacib olan qurbanı kəsməmişdir. Lakin həmin şəxs yoxsuldursa, yenidən bir qurbanlıq almasına ehtiyac yoxdur. Çünki yoxsula qurban vacib deyil, o, satın almaqla özünə satın aldığı heyvanı kəsməyi vacib etmişdir. Aldığı heyvan öldüyü üçün də məsuliyyət aradan qalxmış olur və yenidən almağa ehtiyac qalmır. Həmçinin alınanda sağlam olan heyvan qurban edilmədən qüsur meydana gələrsə, əgər satın alan varlıdırsa, yeni bir qurbanlıq alıb kəsməlidir. Əgər yoxsul olarsa, aldığı heyvanı kəsməsi kifayətdir. Ancaq kəsilən zaman meydana gələn qüsurlar qurbanlığa əngəl təşkil etmir.             

       

      Sual: Kəsilən qurbanın qanından alına sürtülməsi dinimizdə varmı?

      Cavab: Kəsilən qurbanın qanının alına sürtülməsinin dinlə heç bir əlaqəsi yoxdur. Dini mənbələrimizin heç birində buna uyğun bir məlumat yoxdur. Odur ki, xalqımız tərəfindən yerinə yetirilən bu adət-ənənə başqa anlayışlardan bizə keçmişdir. Bu səbəbdən dini baxımdan qeyri-səhih olan bu kimi adət-ənənələrin tərk edilməsi məqsədəmüvafiqdir.

       

      Sual: Qurban kəsən qəssaba pul əvəzinə qurban ətindən vermək olarmı?

      Cavab: Qəssaba pul əvəzinə qurban ətindən verilə bilməz. Çünki verilərsə, qurban ibadətini yerinə yetirmək üçün çəkilmiş olan xərcin bir hissəsi ona zəhmət haqqı kimi verilmiş olar. Hz. Əlinin belə dediyi nəql edilmişdir: “Rəsulullah (s.ə.s) dəvələr kəsilərkən başında durmağımı, dərilərini və yunlarını yoxsullara paylaşdırmağımı əmr etdi. Onlardan hər hansı bir şeyi qəssab pulu kimi verməyi mənə qadağan etdi və: “Qəssabın pulunu özümüz verərik”, – buyurdu”. (Buxari, Həcc, 120-121)

       

      • Hits: 48 clicks

      Tecox component by www.teglo.info