Mövlananın Könül Dünyasından: Həqiqi Bir Namazin İfasi

      Share

      Həzrət Mövlana namazın Allah ilə rabitə olduğunu bildirərək namaz əsnasında ruhani təfəkkürümüzün necə olacağını belə bəyan edir.

      Namaza duran qul, iftitah təkbiri gətirərkən, kəsiləcək qurban kimi Allaha ram olaraq nəfsani aləmdən uzaqlaşmalıdır.

      “- Ya Rəbb, biz sənə qurbanıq” hissiyyatı içində olmalıdır. Çünki qurban kəsilərkən də “Allahu Əkbər” deyilir. Biz də “Allahu Əkbər” deyərkən kəskin qılıncla nəfsimizin boynunu vurmalıyıq.

      Camaatla namaz qılınarkən səf-səf duraraq qiyamətin bir mənzərəsi yaşanır. Qiyamda durarkən Allah təalanın o çətin qiyamət günündəki xitabını xatırlamaq lazımdır. Allah təala buyuracaq ki:

      “- Hanı sərmayən? Verdiyim ömür möhləti içində nələr işlədin? Kiramən Katibinin yazdıqlarından xəbərin varmı? Vücudunu nələrə sərf etdin? Gözün nələrə baxdı? Ağlınla nələr düşündün? Qazancını hara xərclədin? Əlin və ayaqların nə işə yaradı? Verdiyim bu nemətlərdən necə istifadə etdin?”

      Bu cür ağır suallar qarşısında utancından qiyamda dura bilməyən qul, taqəti kəsilərək rükuya gedər. Rükuda Allahı təsbih etməyə başlar. Ona:

      “- Rükudan qalx, Rəbbinin suallarına düzgün cavab ver!” buyurular.

      Bunu eşidən qul rükudan qalxaraq yenidən qiyamda durar, “səmiallahu limən hamidəh” deyərək utancından dərhal səcdəyə qapanar və təsbih edər.

      Yenə Allah tərəfindən:

      “- Başını qaldır, halını, etdiyin əməlləri düşün!” -deyilər.

      Qul yenə utanaraq başını səcdədən qaldırar. İki səcdə arasında qısa bir müddət oturar, utancından yenə səcdəyə qapanar. Allah təala təkrar:

      “- Başını qaldır və verəcəyin hesabı düşün!” -deyər.

      Qul iki səcdədən sonra oturduqda Allahdan belə bir nida gələr:

      “- Sənə saysız-hesabsız nemətlər verdim. Nə qədər şükr etdin? Verdiyim sərmayədən necə istifadə etdin?”

      Nəhayət qul sag tərəfə salam verər və sanki peyğəmbərlərdən, xüsusilə də hz. Məhəmməd (s.ə.s)-dən şəfaət istər:

      “- Ey ulular, şəfaət edin! Pərişan haldayam.” –deyər.

      Ulular da deyər ki:

      “- Tədbir zamanı keçdi, onun məkanı dünyada idi. İndi isə hamının ürəyi qorxu və təlaşla doludur…”

      Sonra sol tərəfə salam verərək, qohum-əqrəbasından mədəd istər. Onlar da:

      “- Bizdən kömək gözləmə! Biz öz dərdimizlə məşğuluq. Biz kimik ki, bizdən mədəd umursunuz?” -deyərlər.

      Ümidlər tükəndikdə qul təsbihat və duaya başlayar.

      “- Ya Rəbb! Bütün fanilərdən ümidim kəsildi. Əvvəl də Axır da sənsən. Mənə yardım edəcək olan da sənsən.” -deyərək yalvarar. 

      Namazı məhz bu hikmətləri düşünərək qılmaq lazımdır. Allahın “səcdə et və yaxınlaş” dəvətinə tədili-ərkan ilə riayət edilməlidir. Namazın zahiri üçün (bədəni qismi) təharət və dəstəmaz lazım olduğu kimi batini üçün də mütilik və ixlas gərəkdir. Allah təala buyurur:

      Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (əl-Muminun, 1-2)

                  Mütiliklə qılınan bir namaz da günahlara qarşı mənəvi zireh olar. Necə ki, ayədə:

      “...Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (əl-Ənkəbut, 45) buyurulur.

                  İxlas və qəlbi keyfiyyətdən uzaq qılınan bir namaz haqqında isə:

      “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər. (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar)” (əl-Maun, 4-5)

      • Hits: 1020 clicks

      Tecox component by www.teglo.info