155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Natiq ƏHMƏDOV – ÖMRÜMÜZ BİR İL OLSAYDI

      Share

      Bir illik ömrümüz olsaydı bu fani dünyada... Yanvar ayında doğulsaq, fevral ayında  gəzməyə başlasaq, mart ayında danışsaq, aprel ayında məktəbə, may ayında universitetə getsək, iyun ayında hərbi xidmətə başlasaq və iyul ayında onu tamamlasaq, avqust ayında evlənsək, sentyabrda oğul-uşağa başımız qarışsa, oktyabr ayında təqaüdə çıxsaq, noyabr ayında nəvə-nəticə əzizləsək və nəhayət, dekabr ayında fani dünyaya gözlərimizi yumsaq... Belə olsaydı, ömür necə tez keçərdi, elə deyilmi? 

      Rəbbimizin dünya imtahanında bizim üçün təqdir etdiyi  zaman diliminə "ömür" deyirik. İyun ayında bir İRFAN ömrünü daha yaşayaraq yarılamışıq artıq. Ömrümüzdən keçən zamanın geri gəlməsi mümkün deyildir. Bu səbəblə insan daima səngərdə keşik çəkən əsgər kimi ayıq olmalıdır. Çünki dinimizdə zaman dəyərli və önəmlidir. Hər ibadətin özünə aid bir vaxtı var. Hətta vaxt ibadətin şərtidir. Müsəlman şəxsiyyəti həm keçən vaxtının hesabını, dəyərləndirməsini etməli, həm də Allahdan qafil davranmayaraq gələcəyini inşa etməli və nizamlamalıdır. Həyatın sürətlə axan ritmində, gözqamaşdıran bəzəkləri arasında  insan bəzən əslini unudur. Bu halda mənəvi dünyası ilə baş-başa qalaraq daxili mühasibəsini etməli, özündən soruşmalıdır: Yerdə və göydəki varlıqlar öz dilləri ilə Allahı təsbih edərkən Ona nə qədər yaxın ola bildim?  Keçən zaman dilimində Rəbbim ilə qəlbimin arasına kimləri, nələri qoydum?  Haqqın-həqiqətin, fəzilətin, ədalətin yanında ola bildimmi?

      Zaman çox önəmlidir. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: "Beş şey gəlmədən əvvəl beş şeyin qiymətini bilin: ölümdən əvvəl həyatın, məşğuliyyətdən əvvəl boş zamanın, yoxluqdan əvvəl varlığın, qocalıqdan əvvəl cavanlığın, xəstəlikdən əvvəl sağlamlığın".

      Üzərimizə doğan və zamanın şahidi olan Ay da, Günəş də Allahın ayələridir. Əsas olan, gün və ay üzərimizdən keçərkən Rəbbimizin neməti və əmanəti olan zamanın içini necə doldurduğumuzdur. Sayı məhdud olan nəfəslərimizi necə və  hansı məqsədlərə sərf etdiyimizdir.  Ömür sərmayəmizin hər anını yaradılış və varlığımızın qayəsinə uyğun keçirib-keçirməməyimizdir.

      Arxada qalan bir saniyəni dünyanın bütün xəzinələri geri gətirə bilməz. İnsan hər nəfəs aldığında bir xəzinə yox olub gedir. Bütün zamanını, bütün nəfəsini bu dünya üçün istifadə edib axirət üçün heç nə hazırlamayanlar əbədi səadəti təhlükəyə atmış olarlar. Zamanın hər anı qulluq şüuru ilə yaşanmalı, hər davranış ilahi rizanın həssas tərəzisi ilə ölçülməlidir. Bu həssasiyyətin necə olmasını ariflərin, zahidlərin timsalında görmək olar:

      “Bir vaxtlar yol üzərində yerləşən dərgahın dərvişləri yoldan keçən hər kəsi dərgaha qəbul edərdilər. Burada dərvişlər könül dili danışar, anlatmaq istədiklərini məna dili ilə ifadə edərdilər. Bir gün dərgahın qapısına bir yolçu gəlir və səssizcə qapının qarşısında gözləməyə başlayır. Bir müddət sonra qapı açılır. Salamlaşdıqdan sonra  ikisi arasında sözsüz dialoq başlayır. Gələn yolçu dərgahda qalmaq istəyirdi. Dərviş içəri girir və əlində ağzınacan su dolu qabla qayıdır. Bu, “yeni bir qonağı qəbul edə bilməyəcək qədər doluyuq” demək idi. Bunu görən qonaq dərgahın bağçasına yönəlir. Qopartdığı bir gül yarpağını gətirib qabdakı suyun üstünə qoyur. Gül yarpağı suyun üstündə üzürdü və su daşmamışdı. Dərviş qapını açaraq qonağı içəri buyur edir. Suyu daşırmayan gül yarpağına hər zaman yer var idi”.

      Bəli, iyun ayı etibarilə artıq bir İRFAN ömrünü yaşayaraq yarılamışıq. Keçib gedən zaman içində bir qapıda bir gül olmaq diləyi ilə....

       

       

      • Hits: 40 clicks

      Tecox component by www.teglo.info