Səfa MURADOV – BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ: الصَّلَوَاتُ الْخَمْسُ، وَالْجُمْعَةُ إِلَى الْجُمْعَةِ، وَرَمَضَانُ إِلَى رَمَضَانَ، مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرَ

                  Əbu Hüreyrədən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Böyük günahlardan uzaq durulsa, beş vaxt namaz ilə cümə bir sonrakı cüməyə qədər və ramazan digər ramazana qədər aralarında işlənən günahların bağışlanmasına vəsilədir". (Müslim, Təharət, 16)

                  İbadətlər insanın mənəvi yüksəlişinə xidmət edərək onun günahlardan təmizlənməsinə səbəb olur. Bunun əldə olunması üçün hər bir ibadətin tələb olunan şərtlərə uyğun olaraq yerinə yetirilməsi lazımdır. Hədisdə beş vaxt namaz, cümə namazı və Ramazan ayında tutulan orucların insanın günahlardan təmizlənməsinə vəsilə olduğuna diqqət çəkilir. Lakin bunun olması üçün böyük günahlardan uzaq durulması şərt qoşulur. Bu mənada Qurani-Kərimdə Uca Allah belə buyurur: "Əgər sizə qadağan olunan böyük günahlardan çəkinərsinizsə, biz də sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir mənzilə daxil edərik". (ən-Nisa, 4/31) Bu ayədə Uca Allah böyük günahlardan uzaq durulduğu təqdirdə digər günahların bağışlana biləcəyinə diqqət çəkərək insanlara şərəfli bir mənzil olan cənnəti vəd edir. Lakin Həzrət Peyğəmbərin yuxarıda qeyd olunan hədisi bu ayəni təfsir edərək, təkcə böyük günahlardan uzaq durmaqla deyil, eyni zamanda beş vaxt namaz, cümə namazı və Ramazan orucları kimi önəmli ibadətlərin də yerinə yetirilməsi lazım gəldiyini bəyan edir.

                  Beş vaxt namaz və cümə namazının insan mənəviyyatına qazandırdığı bir çox faydalar vardır. Öncəliklə insana nizamlı bir həyat tərzini təlqin edən namaz ibadəti, eyni zamanda insana Allah qarşısında önəmli bir dəyər qazandırır. Çünki namaz ibadətində insanı hər cür mənfiliklərdən uzaqlaşdırmaq və faydalı işlərə meyl etdirmək xüsusiyyəti vardır. (əl-Ənkəbut, 29/45)

                  Ramazan ayına gəlincə, bu ay başından sonuna qədər inanan insanlar üçün içində böyük dəyərlər daşıyan bir aydır. Öncəliklə Quranın nazil olduğu ay olduğuna görə, Uca Allah tərəfindən "mübarək bir ay" olaraq vəsf edilən (əd-Duxan, 44/3; əl-Bəqərə, 2/185) bu ay eyni zamanda fərdin və cəmiyyətin inkişafına müsbət təsirlər göstərir. Bir ay boyunca tutulan oruclar, ehtiyac sahiblərinə verilən sədəqələr və edilən bütün xeyir-həsənatlar fərdi olaraq özünü inkişaf etdirdiyi kimi, cəmiyyətdə də müsbət bir atmosferin əmələ gəlməsinə səbəb olur. Buna görə də, ibadətlərin belə bir xüsusiyyətinin olduğu yaddan çıxardılmamalı və layiq olduğu şəkildə yerinə yetirilməsinə çalışılmalıdır. Çünki hədisdən də anlaşıldığı kimi, ibadətlər insanın mənəviyyatına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda onu hər cür pisliklərdən də uzaqlaşdırar.


       

       

      • Hits: 17 clicks

      Tecox component by www.teglo.info