155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    t.f.d Abbas QURBANOV – ZİRVƏYƏ GEDƏN YOL

      Share

      İstanbulun tarixi olduqca qədimdir. Belə ki, buranın şəhər kimi təxminən 3 min, paytaxt kimi isə 1600 ilə qədər yaşı vardır. İstanbul Avropa ilə Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşən bir şəhərdir.

       Şəhər tarix boyunca fərqli sivilizasiya və mədəniyyətlərə ev sahibliyi etmiş, əsrlər boyu müxtəlif dindil və irqdən insanların bir yerdə yaşadığı kosmopolit və metropolit quruluşunu qorumuş və tarixi müddətdə bənzərsiz bir mozaika halını almışdır. Uzun zaman dilimləri boyunca hər sahədə mərkəz olmağı və zirvədə qalmağı bacaran dünyadakı nadir məskunlaşma yerlərindən biri olan İstanbul keçmişdən günümüzə qədər dünyanın paytaxtı sayılır.

      Şəhərin ilk adı Vizantiya olmuşdur. Bu ad ilk dəfə Meqara kolonistləri tərəfindən verilib. Adın xüsusi ad olan “Bizas”dan törədiyi düşünülür. Qədim Yunan ənənəsi bu adın yunan kolonistlərin əfsanəvi bir kralına aid olmasına istinad edir. Müasir alimlər fərziyyələrə əsasən “Bizas” adının Frakiya və İliriya mənşəli olduğunu deyirlər. I Konstantin 330-cu ildə İstanbulu Roma İmperiyasının şərq paytaxtı elan etmişdir. O həmçinin  şəhər üçün “Nova Roma” adını tanıtmağa çalışdı. Lakin bu ad geniş istifadə edilməmişdir. İstanbul adına tarixdə ilk dəfə X əsrdə ərəb, sonradan türk mənbələrində rast gəlinir. Buna baxmayaraq “Konstantinopol” adı cümhuriyyət qurulana qədər Qərbdə şəhər üçün ən geniş yayılmış ad olaraq qalmışdır. “Konstantiniyyə” və “İstanbul” adlarının hər ikisi Osmanlı İmperiyasının hakimiyyəti dövründə istifadə olunurdu.  

      Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul 330-395-ci illər arasında Roma İmperiyasına, 395-1204 ilə 1261–1453 illəri arasında Bizans İmperiyasına, 1204–1261-ci illər arasında Latın İmperiyasına və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir. Yüz illər boyu neçə-neçə qüdrətli dövlətlərin paytaxtı olan İstanbul, bu xüsusiyyətini 13 oktyabr 1923-cü ildə paytaxtın Ankaraya daşınması ilə itirdi.

      Osmanlı İmperiyasına paytaxt olma tarixi 6 aprel - 29 may 1453-cü ildə baş tutan mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi ilə başlamışdı.

      Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. 

      VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə - boğazın Avropa yaxasında ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı.

      Növbəti il mühasirə yenidən başladı və bu dəfə dəniz əlaqəsini kəsmək üçün Anadolu Hisarı (boğazın Asiya yaxasında qala) inşa edildi. Bizans İmperatorunun sülh təklifindən sonra mühasirə başa çatdı. 

      Konstantinopol I Bəyazidin oğlu olan Musa Çələbi tərəfindən 1412-ci ildə yenidən mühasirəyə alındı. Musa Çələbi qarışıqlığa Bizansın səbəb olduğuna və bəzi şahzadələrin Bizans tərəfindən dəstəkləndiyinə inanırdı. Buna baxmayaraq rəqib şahzadələrdən olan Mehmed Çələbinin hərəkətə keçməsi ilə bu mühasirə də dayandırıldı.

      Dördüncü mühasirə II Muradın dövründə oldu. II Murad Bizansa elçilər göndərərək Mustafa Çələbinin dəstəklənməməsini tələb etdi, ancaq bu tələbi müsbət nəticələnmədi. Üsyan ilə mübarizə aparan II Murad Mustafa Çələbini dəstəklədiyinə inandığı Bizans İmperiyası üzərinə yeridi və mühasirə başladı. Bizans İmperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqlardan çəkilməyi və xərac verməyi qəbul etməsindən sonra bu mühasirə də başa çatdı. 

      II Mehmed taxta çıxdığı vaxt Konstantinopol Osmanlı İmperiyasının torpaqları ilə əhatələnmiş vəziyyətdə idi. Şəhərə edilən hücumların uğursuzluqla nəticələnməsi və şəhərə kömək gətirən gəmilərin də Osmanlı donanmasını yarıb keçməsindən sonra II Mehmed dövlət adamları ilə birlikdə yığıncaq keçirdi. Yığıncaqda Avropa dövlətlərinin köməyə gələcəyini təkrarlayan Çandarlı Xəlil Paşa mühasirənin dayandırılmasını və Bizansdan 70000 duka vergi alınmasını təklif etdi. Aralarında Zağanos Paşa ilə II Mehmedin müəllimi Molla Güraninin də olduğu tərəf isə bu təklifə qarşı çıxdı. Buna baxmayaraq yığıncaqda heç kim Qızıl Buynuza (Xəlic körfəzinə) necə daxil olunacağı ilə bağlı bir təklif edə bilmədi. II Mehmed taxta çıxmamışdan 14 il əvvəl Venesiyalı komandan Qattamelata gəmilərini Adicedən Qarda gölünə qurudan yeridərək aparmışdı. Gəmilərin qurudan yeridilməsində bu hadisənin örnək alındığı güman olunur. Gəmilərin torpaqdan Qızıl buynuza endirilməsi, böyük Osmanlı toplarından istifadə və qala divarlarının altından şəhərə daxil olmaq üçün qazılan tunellər mühasirənin taleyini həll etmişdir.

      Beləliklə, 29 may 1453-cü ildə, Fateh Sultan Mehmedin komandanlığındakı Osmanlı ordusu illərdir xəyallarını qurduqları Konstantinopola daxil oldu.

       

       

       

       

      • Hits: 64 clicks

      Tecox component by www.teglo.info