155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əli ÇINAR – İSTANBUL TƏRBİYƏSİ

      Share

       “İstanbul tərbiyəsi bir baxıma İslam tərbiyəsidir”.

      Bu ifadəyə yaxın günlərdə bir qəzetdə rast gəlmişdim. Görəsən, həqiqətən də belədirmi, yoxsa bu ifadədə mübaliğə varmı? 

      Bir İstanbul bəyəfəndisi olan mərhum Musa əfəndinin “Cəmiyyət həyatımızda 60 illik ədəb fərqi” adlı məqaləsinə baxdığım zaman bir şəhərin kölgəsində bir mədəniyyətin necə mənimsəndiyini, bir şəhərin adı ilə anılacaq insan portretini necə meydana gətirdiyini anladım. Mərhum Musa əfəndi o İstanbulu belə xülasə edirdi:

      “Səmimi bir ailənin fərdləri kimi hər kəs bir-birini candan sevərdi. Birinin sevinci hamının sevinci, birinin kədəri hamının kədəri idi.

      Xəstələr ziyarət edilər; xoş söz, gülər üzlə problemlər aradan qaldırılardı. Hər səmtdə bircə həkim olar, o məhəlləyə kifayət edərdi. Hər kəs namaz qıldığı, az yediyi və piyada çox gəzdiyi üçün duzlaşma, revmatizm kimi xəstəliklər az görülərdi. Həkimlər bir ata şəfqəti ilə xəstələri müayinə edər, əksər hallarda kasıblardan pul götürməz, yeri gəlsə dərman pulunu özləri ödəyərdi.

      Eyni səmtdə bir cənazə düşəndə məhəllənin bütün sakinləri iştirak edər, onlar da ən yaxın qohumlar qədər kədərlənər, cənazə sahibini təsəlli edər və o evə günlərcə yemək aparardılar.

      Yoxsul, kimsəsiz və darda qalmış kimsələrə könül xoşluğu ilə, Allah rizası üçün hər kəs əlindən gəldiyi qədər kömək edərdi. Fərzdən sonra ən mühüm ibadətin “möminlərin könüllərini razı salmaq” olduğunun şüurunda idilər. Ağızlarından hər zaman şirin, xoş sözlər çıxardı.

      Zənginləri təvazökar insanlar idi. Yeyib-içdikləri, əyin-başları ilə təkəbbürlənməzdilər. Nemət verənin Allah olduğunu heç unutmadıqları üçün çox şükür edərdilər. İsrafdan çəkinər, kasıb və kimsəsizləri qoruyar, evlənə bilməyən imkansızlara, yetimlərə maddi-mənəvi kömək etməkdən həzz alardılar. Bayram günlərində yemək süfrələri açar, xüsusilə ramazan aylarında iftar süfrəsi ay boyunca açıq olardı. Zəngin-kasıb ayırımı etmədən hər kəs eyni süfrəni bölüşərdi. Zənginlərin kisəsi kasıblara daim açıq olar, insanlar kasıblara yardım və xidmət göstərməyi fərzi-əyn kimi görərdi.

      Ailə həyatında kişi öz həyat yoldaşına könül oxşayan ifadələrlə səslənər, ona layiq olduğu nəzakət və şəfqətlə rəftar edərdi. Hər ikisi də Allahın əmrlərini birlikdə, nöqsansız yerinə yetirməyə səy göstərərdi.

      Evin xanımı da ərinə qarşı çox itaətkar idi. Yeri gəldi-gəlmədi etiraz etməz, hər xüsusda ərinə yardımçı olardı. Ərinin gücünün yetmədiyi şeyləri alması üçün təkid etməzdi. Buna görə də maddi çətinliyə düşmədən məsud və bəxtiyar bir həyat sürərdilər. Geyim və ev əşyaları diqqətlə işlədilər, köhnəldi deyə dərhal atılmaz, dəyişmək üçün həvəslənməzdilər.

      Kişi evin çölündəki işlərlə məşğul olar, evin ehtiyaclarını təmin edərdi. Qadın da evin xanımı olaraq içəridəki işləri görməklə, uşaqların tərbiyəsi ilə məşğul olmaqla mükəlləf idi. Məşhur fransız ədəbiyyatçı-səyyah Pierre Lotinin dediyi kimi: müsəlman türk qadını evinə o qədər düşkün, ərinin ev həsrətini aradan qaldıracaq elə bir zəka və biliyə malik idi ki, evin kişisi axşam çağı böyük bir həsrətlə evinə qayıdardı.

      Ata-ananın bir dediyi iki edilməz, valideynlərə qarşı tam itaət göstərilərdi. Böyüklər də, gələcəkdə ciddiyyət sahibi, ağırbaşlı və təvazökar insanlar olsunlar deyə, balacaların yanında yüngül tərzdə davranışlara yer verməzdi.

      Uşaqların tərbiyəsinə çox əhəmiyyət verilərdi; hər istədiyi yedirilməz, yersiz istəkləri qəbul edilməzdi. Bu şəkildə uşaq hər istədiyinin edilə bilməyəcəyini dərk edər, itaətkar olmağı öyrənərdi. Hər zaman dini, milli, ictimai mövzularda məsləhət verilər, gözəl əxlaq, həya və dürüstlük təlqin edilərdi. Uşaqlar icazəsiz heç bir yerə gedə bilməz, icazə aldıqları zaman da söz verdikləri vaxtda evə qayıdardılar.

      Ailə fərdləri yeməyi günün müəyyən vaxtlarında, birlikdə yeyərdilər. Axşam yeməyindən sonra adətən evdə oturar, bəzən də qohum, dost-tanış ziyarətinə gedilər, evə qonaq gələrsə də, onlara gülər üz, şirin dil ilə ikram edilərdi. Evdə uşaqların da rahat başa düşəcəkləri nümunəvi söhbətlər edilərdi.

      Evdə xidmətçi varsa, onlara da gözəl rəftar edilər, xidmətçilər də özlərini evin fərdi kimi hiss edər, işlərinə laqeyd yanaşmaz, canla-başla işlərini yerinə yetirərdilər. Xidmətçi gəncdirsə evlənməsinə kömək göstərilər, yaşlıdırsa cənazəsi o qapıdan çıxardı.

      Hər kəs zövqlə geyinər, təmiz, düzgün, səliqəli geyinməyə əhəmiyyət verərdi. Geyimlərdə görkəmsizlik, səliqəsizlik görülməzdi. Əksər hallarda paltar köhnələnə qədər geyinilərdi.

      Gündəlik alış-verişində satıcı müştərinin digər dükandan alış-veriş etməsinə görə kədərlənməz, əksinə, böyük bir sevinc hissi duyardı. Çünki hər kəs bir-birini səmimiyyətlə sevərdi.

      Hər kəs bir-birinə hörmət göstərərdi. Ədəb-ərkan və xoş rəftar var idi. İndiki kimi biliksiz oxuyub-yazan insanlar yerinə oxuma səviyyəsi yüksək olmasa da, bilikli, mədəni, dünyagörüşü yüksək insanlar çox idi. “Avam təbəqə” olaraq adlandırılan dabbağlar, balıqçılar, faytonçular və s. o qədər kübar, zərif bir ləhcə ilə danışardılar ki, tərifə sığmaz. Kaş ki, həyatda olsaydılar, bugünkü insanların qaba, kobud və duyğusuz hərəkətlərini görərək onlara nəzakət, tərbiyə, ədəb-ərkan dərsi keçəydilər...

      Quran və din dərsi müəllimlərinə, hörmətəlayiq hər şəxsə xüsusi ehtiram göstərilərdi. Zərurət olmadan böyüklərin yanında yüksək səslə danışmaq ayıb və hörmətsizlik sayılırdı.

      Heç kim həsəd, paxıllıq, qeybət kimi pis davranışlar sərgiləməz, şayəd biri belə bir hərəkətə cürət edərsə də, qarşısındakı şəxslərdən xəbərdarlıq gələcəyini bilər, xalqın nəzərində gözdən düşməkdən çəkinərdi.

      İnsanlar bir-biri ilə dalaşmaz, bir-birini təhqir etməz, alçaltmazdı. Kiçiklər böyüklərə hörmət göstərər, böyüklər də kiçiklərə qarşı şəfqətlə davranardı.

      Qul haqqından, borc götürməkdən və borclu qalmaqdan ehtiyat edərdilər. Borclu olan şəxs ac qalsa da, yenə borcunu vaxtında ödəyərdi. Dürüstlük və istiqamət var idi.

      Həyatda maddiyyatı əsas götürmədikləri üçün ruhi sıxıntılar görülməzdi. Bu gün rifah içində sıxıntı və ruhi böhranlar var, amma o günlərdə yoxluq içində könül rahatlığı var idi.

      Bugünkü kimi halal-haram demədən sərvət yığmaq yerinə o günlərdə qənaət var idi. Hər kəs özündən əvvəl qonşusunun, yaxınlarının mənfəət və rahatını düşünərdi. İsraf, bədxərclik yox idi. Özləri israfçı olmadıqları üçün uşaqlarına da eyni duyğunu aşılayardılar.

      Hər kəs önünə nə qoyulsa, onu yeyər, Allaha şükür edərdi. Quru çörək yeyilsə də, böyük bir qəlb fərahlığı ilə yeyilər və yeməkdən sonra həmd duası ehmal edilməzdi. Lazımsız yerə qarnı tıxa-basa doldurmazdılar.

      Bayramlara, mübarək gecələrə hörmət göstərilər, belə günlərdə hər kəs bir-birini ziyarət edər, Quran, mövlud oxunardı.

      ….”

      Nə deyirsiniz?

      Yuxarıda anladılanları nəzərə alsaq, həqiqətən də, “İstanbul tərbiyəsi İslam tərbiyəsi” deyildimi?

       

      • Hits: 77 clicks

      Tecox component by www.teglo.info