155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adem ŞAHİN – İSTANBUL AYNADIR

      Share

      Bir neçə gündür ki, İstanbul haqqında yazmaq istəyirəm. İstəmək tutuqluğu aşmaq üçün kifayət etmir. 

      Nə qələm kağız üstündə sürünür, nə də klaviatura takır-tukur səslər çıxarır. Atamın vəfatında belə yazmaq bu qədər çətin olmamışdı. İstanbuldan başqa hansı yazını yazarkən bu qədər çətinlik çəkmişdim, xatırlamıram...

      Başa düşdüm ki, İstanbulu yazı ilə təsvir etmək onu fəth etmək qədər çətin imiş. İstanbulu yazmaq asan deyil. Hər yerindən qalxan onu yaza bilməz. Hər qarşısına çıxana yar olmaz. İstanbul min nəfərin istədiyi, min nəfərin arxasınca qaçdığı, amma bir nəfərə qismət olan qız kimidir. Məcnun Leylanı necə təsvir edib bitirə bilər? İstanbul deyiləndə qələm əldən düşür...

      “Atam haqqında yazmaq çətin deyildi” demişdim. “İstanbulu yazmaq niyə çətin gəlir?” deyə öz-özümə sual verirəm. Bir atanı anlatmaq asandır, indi gücün çatırsa “ataları” anlat... İstanbul “atalar şəhəridir” Əziz Mahmud Hüdayidən Mərkəz Əfəndiyə, Səhrayi-Cədiddə yatan Musa Əfəndidən Əyyub Sultan həzrətlərinə qədər hansı birini layiqli şəkildə anladıb bir yazıya sığdırmaq olar? Dədə-babalarımızı səhv, yaxud əskik anladaraq incitmək olmaz. Bu qədər günahımız yetmirmiş kimi, bir də üstünə könül əhlinin incidilmiş qəlbləri əlavə olunmasın.

       Boğazın suyunda bat, amma könül əhlinin gözündən düşmə...

      İçindən dəniz keçən, başının üstündə dənizə yer verən və ayaqları altına da dəniz sərilən yeganə şəhər İstanbuldur. İstanbul Kəbə, digər sevdiyimiz şəhərlər məscid kimidir. Məscidləri sevirik, amma Kəbəni daha çox sevirik. İstanbul çörək kimidir, digər şəhərlər isə biskvit. Biskvit çox sevilsə də, çörəyin yeri ayrıdır, Quran kimi hər zaman baş üstündədir.

      İstanbul sudur, digər şəhərlər isə şərbət. Su ilə yarışa biləcək, suyu geridə qoya biləcək başqa bir içki yoxdur, olmayacaq da...

      İstanbul... Başlamaq da çətindir, bitirmək də...

      İstanbul acı kimidir; hər kəs sevməyə bilər, hər kəs həzz almaz. Həyat bir az da acını sevmək, acını istəmək, acı ilə birlikdə var olmaq, acı-şirin yaşamaq deyilmi?

      Paxlavanı hər kəs sevir. Bəs sən acını sevirsənmi?

      Bir ərəb atalar sözü var: “Şərəful-məkan bil-məkin – Bir məkanın şərəfi orada mövcud olanlarla, yaşayanlarla var olar”. İstanbulu İstanbul edən təkcə onun balığı, boğazı və yeddi təpəsi deyildir. İstanbulu İstanbul edən Rəsulullahın: “İstanbul bir gün əlbəttə fəth olunacaqdır”, - sözüdür. Bu sözün arxası onun üzündəki pərdəni qaldırır: “Onu fəth edən sərkərdə nə gözəl sərkərdə, onun əsgərləri nə gözəl əsgərlərdir!”. “Nə gözəl sərkərdə” və “nə gözəl əsgər” iltifatını eşidən Əbu Bəkrin, Ömərin, Osmanın, Əlinin və adını çəkə bilmədiyim onlarla səhabənin könlündən İstanbula sahib olmaq, onu fəth etmək arzusu keçməmiş ola bilməz. Rəsulullah (s.ə.s) “nə gözəl sərkərdə” və “nə gözəl əsgər” deyəcək, bunu eşidənlər “o sərkərdə, o əsgər mən olmayım” deyə arzulamasın, bu, mümkün deyil.

      Əbu Əyyub əl-Ənsari həzrətlərini qoca yaşlarında özünü atın-dəvənin belinə bağladaraq İstanbula qədər gətirən ruh məhz o “nə gözəl sərkərdə” və “nə gözəl əsgər” sözündəki parıltıdır.

      O, “qulum” desin, yetər...

      O, “ümmətim” desin, yetər...

      O, “övladım” desin, yetər...

      Bir məkanın şərəfi orada yer alanlara bağlıdır. Məkan insana şərəf qatmaz, insan məkana şərəf qatar. Bir torpağın altında Rəsulullahın “nə gözəl sərkərdə” dediyi komandan, “nə gözəl əsgər” müjdəsini alaraq başları göyə ucalmış igidlər varsa o torpaq əziz olmazmı, o torpaq sevilməzmi? Bir torpaq ki, altında və üstündə onun: “qulum”, onun: “ümmətim”, onun: “övladım” dediyi insanlar var, o torpaq şair Nədimin:

      “Bu şəhri Sitanbul ki, bi-mislü-bəhadır,

      Bir sənginə yekparə əcəm mülkü fədadır”.

      (Bu İstanbul şəhəri ki, misli-bərabəri yoxdur. Onun bir daşına bütün əcəm mülkü fəda olsa, dəyər), - deyə ifadə etdiyi kimi mübarək bir şəhər olar. Qulum, ümmətim, övladım sözlərinə layiq olan insanlar, əlbəttə ki, sevilər. Onlar səhrada yaşasalar, ora da İstanbul kimi hörmət qazanar.

      Mömin möminin aynası olursa, torpaqdan yaradılan insana üstünə ayaq basdığı torpaq niyə ayna olmasın? Şair Nədim İstanbulun bir daşını əcəm diyarına dəyişmir. Şair əslində İstanbulun daşında öz əksini görmüşdür. İstanbul nədir ki? İstanbulda nə var? – deyərək bəyənməyənlər də İstanbul aynasında özlərini görürlər. İstanbulu öyən, İstanbulu sevən kəs əslində özünü öymüş, özünü sevmiş olur. “Günəşin varlığını qəbul edən, günəşin var olduğunu deyən kəs, əslində, gözüm görür deməkdədir”.(Mövlana) İstanbulu pisləyən, ona düşmən olan isə özünü tanımamış, özündən ayrı düşmüş kimsədir. İstanbulu öyən də, söyən də doğru söyləyir; heç aynadan küsmək olar?

      Mövlana məsnəvisində deyir: Əbu Cəhl Rəsulullahı (s.ə.s) gördüyü zaman: “Mən bu qədər çirkin birini görmədim, Haşim oğullarının ən görkəmsizi!” – deyir. Sonra Əbu Bəkr (r.a) gəlir: “Ey Muhamməd! Sən necə də gözəlsən, necə də möhtəşəmsən! Baxışın və gülüşünlə güldən gözəl, incidən parlaqsan!” – deyir. Rəsulullah (s.ə.s) Əbu Bəkrə də, Əbu Cəhlə də, bir-birinə zidd şeylər söyləmiş olmasına baxmayaraq, eyni cavabı verir: “Haqlısınız, doğru söylədiniz”, - deyir. Rəsulullaha “bu necə ola bilər, iki zidd bənzətməyə də doğru dedin” deyə sual verirlər. Rəsulullah da: “Mən haqqın cilalanmış aynasıyam, mənə baxan özünü görər”, - buyurur.

      Mömin möminin aynasıdır. Mömin qardaşımızda gördüyümüz, aşkarladığımız bütün nöqsanlar, xətalar, qüsurlar içimizdəki “mən”in yansımasıdır. “İstanbulu necə görürük” sualı, əslində, “İstanbuldan necə görünürük” cavabını ehtiva edir.

      1996-cı ildə ilk dəfə İstanbulda qonaq oldum. Əziz Mahmud Hüdayi vəqfinin ən üst mərtəbəsində Osman Nuri Topbaş ustadımızı ilk dəfə gördüm, ilk dəfə söhbətində iştirak etdim. Təbəssümündəki işıltı, gözlərindəki şəfqət və mərhəmət dolu baxışı dinləyənləri avqust ayının istisindəki qar kimi əritmişdi. Ana baxışından daha mülayim, daha dərin desəm, görəsən, anam duyarmı? Osman Nuri Topbaş xocamız o gün bizə İstanbulu anlatdı. Bəlkə də, bizi “İstanbul sərxoşu” olaraq gördü.  Sərxoşa sərxoş olduğu şeylərdən bəhs etmək lazımdır. Yoxsa qarşılıqlı münasibətlər davam etməz.

      Xocamız söhbətdə: “Yaxşının yaxşısı İstanbuldadır. Axtarsan, yaxşının ən yaxşısını burada taparsan. Pisin də ən pisi buradadır. Axtarsan, onu da taparsan. Nəyi axtarsan, İstanbul sənə onu verər”, - dedi. Aradan 23 il keçməsinə baxmayaraq, niyə bu sözü unutmadım?  Damardan verilən dərman belə bir müddət sonra bədəni tərk edir. Könülə girən könül əhlinin könüldən gələn sözləri isə həmişə diri qalır, heç yerini tərk etmir. Rəsulullahın (s.ə.s) sözləri necə olub ki, vurğularına qədər dəyişilmədən, itmədən qalıb?

      Sizin üçün mühüm olan dəniz, qum, lokum, içki, kababdır, desəniz, bu başqa;

      Eşq, sevgi, tarix, könül, Üsküdar, Sultantəpə, Çamlıca desəniz, başqa...

      Nə axtardığını bilməyən nə tapdığını, harada olduğunu da bilməz. İnsan özünün axtardığı şeydir.  

      İstanbul bütün comərdliyi ilə öz yerindədir. Axtarana axtardığını verir. Əslində, sualımız bəllidir,: biz nə axtarırıq? Axtarışlarımızın nəticəsində ya bəlamızı taparıq, ya da mövlamızı...

       

      • Hits: 73 clicks

      Tecox component by www.teglo.info