İslam RƏSULOV – TOXUM OLDUĞUMUZU BİLMİRDİLƏR

      Share

      15 mart, cümə günü…

      Müsəlmanlar üçün müqəddəs sayılan bir gündə, Yeni Zelandiyanın Kreysterç şəhərində 50 nəfərin şəhid olması ilə nəticələnən və bir o qədər insanın yaralandığı terror hadisəsi hər birimizi dərindən sarsıtdı. 

      İslama kinin, özündən olmayanlara nifrətin kök saldığı xəstə zehniyyətin zəhərli dişləri bir daha məsum müsəlmanların qanına bulaşdı. Qlobal güclərin durmadan apardığı anti-İslami təbliğat təlqinləri ilə zombiləşən, niyyəti qeyri millətləri və dinləri kölələşdirmək olan, insanlığını unutmuş mənfur bir məxluqun əliyalın insanlara silahlı hücumunu ürək ağrısı ilə izlədik. Həyat fəlsəfəsi eqoizm və hedonizm kimi mərəzlərlə formalaşan mənfur təcavüzkarın kimliyi, inancı və düşüncə tərzi bir daha İslama diş qıcıyanların hər dövrdə, hər an pusquda gözləyən köpəklər kimi üzərimizə hücum etməyə hazır olduğunu göstərdi. Günahsız insanları qətl edərkən istifadə etdiyi silahın üzərindəki mesajlar əslində hədəfin bütün İslam aləmi, Türk dünyası olduğunu açıq-aydın göstərmiş oldu.

      Əslində bu mənfur təcavüz bizə bir yerdən tanış gəlir. 1992-ci ilin soyuq fevral gecəsi yaşanan və 623 dinc sakinin qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması və mindən çox adamın itkin düşməsi ilə nəticələnən Xocalı soyqırımı ilə o gün Yeni Zelandiyada yaşanan hadisə mahiyyətcə bir-birindən fərqlənmirdi. Qanlı Yanvar hadisələrində Bakı küçələrindən axan yüzlərlə müsəlmanın qanı ilə o cümə günü məscid divarlarına bulaşan qanın axmasına eyni zehniyyət səbəb olmuşdu. O cümə yaşadıqlarımız bizə 1995-ci ildə yaşanan və minlərlə bosniyalı müsəlmanın vəhşicəsinə qətlə yetirildiyi Serebrenitsa Qətliamını bir daha xatırlatdı. Səlib Yürüşləri zamanı İslamın göz bəbəyi sayılan Qüds küçələrində xaçlıların törətdiyi dəhşətli qırğınlar bir daha gözlərimizin önündə canlandı. Bütün yaralarımızı yenidən hiss etdik. Biz öz tariximizi unutsaq da düşmənlərimizin heç nəyi unutmadığının şahidi olduq. Qan çanağına dönmüş gözlərin minarələrimizdə, ay-ulduzumuzda olduğunu, düşmən süngülərinin ana bətnindəki körpələrə sancılmaq üçün itiləndiyini bir daha dərk etdik. O gün dahi mütəfəkkirmiz Cemil Meriçin bu sözünün nə qədər həqiqət olduğunu yəqinliklə yaşadıq: “Olimp dağının uşaqları Hira dağının övladlarını əsla qəbul edə bilməyəcəklər”.      

      Bütün müqəddəsatı heçə sayan, qadın, qoca, uşaq demədən günahsız insanları öldürməyi, bununla da İslam aləminə göz dağı verməyi hədəfləyən alçaq zehniyyət bizi öldürməklə İslamın önünə keçilə bilməyəcəyini unudur hər halda. Ölüm ki, bizim üçün şəhadətlə taclanmışdır. Ölüm ki, bizim üçün candan da şirin yara qovuşmaq olan şəbi-arusdan fərqsizdir. Biz ki, vətən, millət və din uğrunda ölümə göndərdiyi övladının saçını Allaha qurban edərcəsinə xınalayan, qəlbi imanla döyünən anaların övladlarıyıq.

      Onlar bizi öldürməklə bitirə bilməyəcəklərini unudurlar. Çünki biz “bir ölür, min dirilirik”. Onlar terrorla, hiylə ilə, qəlblərə qorxu salaraq İslamın qarşısını alacaqlarını düşünürlər. Halbuki Allahın nurunu tamamlayacağından xəbərsizdirlər. Şair nə gözəl deyir:

      Baban belə söndürəmədi İslamın nurunu,

      Sənmi söndürəcəksən, Əbu Cəhilin torunu?

      Əslində o acı fəlakətin yaşandığı gündən sonra Yeni Zelandiyada yaşanan hadisələr bunu bir daha sübut etdi. Alınan rəsmi məlumatlara görə bölgədə yaşayan qeyri-müsəlmanların İslam dinini öyrənmək üçün məscidlərə axın etməsi və yüzlərlə insanın İslamı qəbul etməsi şər gördüyümüz bir çox hadisənin xeyrə vəsilə ola biləcəyini bir daha sübut etdi. Mərhum Aliya İzzetbeqoviç boşuna deməmişdi: “Bizi torpağa gömdülər, amma toxum olduğumuzu bilmirdilər”.   

       

       

      • Hits: 77 clicks

      Tecox component by www.teglo.info