Eldar KƏRIMOV – DUY, DÜŞÜN, DAVRAN!

      Share

      Duymaq, düşünmək və davranmaq. Bu üç feil insan psixologiyasının əsasını təşkil edir. Duyulmayan bir şeyi düşünmək, düşünülməyən bir şeylə də davranmaq mümkün deyil. İnsanın duyğularına toxunmayan bir şey ona həqiqi mənada təsir edə bilmir.

       Bir iş görüb dəyişmək istəyən fərd, mütləq gördüyü işin onun duyğularına toxunmasına diqqət etməli və onun daxilindəki xəzinənin ortaya çıxmasına münbit şərait yaratmalıdır. Hər nə qədər kiçik yaşlarda uşaqlar duymadıqlarını və ya düşünmədiklərini davranışlarında sərgiləsələr də, bu, davamlılıq təşkil etmir. Müəyyən bir yaşdan sonra valideynlərindən və ya yaxın ətrafındakı insanlardan təqlidi, yamsılama yolu ilə  öyrənib ortaya qoyduqları davranışları duymağa və dünüşməyə başlayır. Davranış psixologiyasında buna erkən yaşlardakı təqlid etmə mərhələsi (imitation) deyilir. Yaş irəlilədikcə insanın fiziki və psixoloji inkişafı onun hadisələrə və davranışlara baxışını dəyişir.

      Yaşının irəliləməsinə baxmayaraq, hələ də uşaqlıq illərindəki kimi təqlidi duyğu və davranışları ilə hərəkət edənlər isə ən təhlükəli stereotipləri meydana gətirir. Bu tip insanlar duyğusallıqdan uzaq olduqları üçün spesifik düşüncələrə sahib ola bilmir. Özünə xas düşüncələri olmayan insanlar da pozitiv və ya neqativ düşüncəli insanların təsiri altına daha tez düşə bilir. Bu stereotiplərə valideynləri tərəfindən uşaqlıq illərində sevgi və mərhəmət duyğusundan uzaq qalan fərdlərdə daha çox rast gəlinir. Dərslərini atasının şilləsindən qorxduğu üçün oxuyan bir uşaqda ilkin mərhələdə atasına qarşı sevgidən uzaq aqressiya halları baş qaldırır. İkinci mərhələdə isə oxuduğu dərslərə məcbur edildiyi üçün gördüyü işdən həzz ala bilmir. Bu zaman ailədə, cəmiyyət üçün, böyüklərə kifayət qədər kin bəsləyən və gördüyü işi robotlaşdırılmış mexanizm kimi yerinə yetirən fərdlər yetişir. Bütün bunların fonunda biz onu qəbul etməliyik ki, ailədaxili münasibətlər sevgi və şəfqət üzərinə qurulmadığı təqdirdə həmin ailədə böyüyən uşaqların nə özlərinə, nə də ki, cəmiyyətə faydası olur.   

      Ona görə də valideynlərimizin üzərinə düşən əsas vəzifə əvvəlcə özlərini uşağa sevdirmələri, yəni onların  duyğularına toxunmalarıdır. Duyğusal bağlarla ata-anasına bağlanan və valideynlərini sevən uşaqlar ata-anasının dediyi sözləri düşünməyə başlayır və müsbət düşüncənin nəticəsində valideynlərinin istəyinə uyğun davranış ortaya qoyaraq gördüyü işdən həzz ala bilir. Bunun əksi olduğu təqdirdə isə uşaq qorxduğu üçün valideynlərinin dediklərini edir və gördüyü işin mahiyyətinə varmadan o işdən tez bir zamanda canını qurtarmağa çalışır. Bu məsələni bir az da aydınlaşdırmağa çalışsaq, hamımız qəbul edərik ki, heç kim sevmədiyi bir adamla bir yerdə oturub onunla saatlarla vaxt keçirmək istəmir. Çünki həmin adamın danışdığı sözlər, etdiyi hərəkətlər, ümumilikdə onun mənfi aurası insanın duyğularına mənfi təsir edir, özünü başqalarından uzaqlaşdırır. Bu eynilə ləzzəti duyulub hiss edilmədən yeyilən bir yeməyə bənzəyir. Bu yemək insana həqiqi mənada doyma həzzi yaşada bilmir, sadəcə boş mədəni doldurur.

      Bunun üçün valideynlər uşaqlarda görmək istədikləri davranışların əvvvəlcə onların duyğularına toxunub-toxunmadığına baxmalıdır. Uşaq valideynini sevib onun dediyi işə bütün sevgisini verə bilirsə, deməli, həmin işdə tez bir zamanda daha çox uğur qazanacaq. Yox əgər hər gün səhər yuxudan oyandığı zaman sevmədiyi bir işə getməyin məyusluğunu yaşayırsa, deməli, o hələ çox yerində saymağa davam edəcək. Uşaqlar sevdikləri bir iş ilə məşğuldursa, onlar hər gün öz işlərinə yeniliklər əlavə etməkdən həzz alacaqlar. Bu zaman kürəyinə götürdüyü yükün ağırlığı onu narahat etməyəcək.

      Bir az da uşaqlara düşünmələri üçün fürsət verilməsi əsas şərtlərdəndir. Hər bir valideyn onu düşünməlidir ki, insan öz düşüncələri ilə hərəkət etdiyi zaman azadlığı hiss edir. İnsanlar istər genetik olaraq bağlı olduqları, istərsə də fərqli sosial mühitlərdə yetişdikləri üçün onların düşüncələri də bir-birindən fərqlənir. Öz düşüncələri ilə hərəkət etməyənlər başqalarının düşüncələri ilə hərəkət etməyə vadar olur. Çünki insanın düşünmədən yaşaması mümkün deyil. Ya özünün düşüncələri olacaq, ya da başqalarının düşüncələrinə təzim edəcək.

      Duyğular düşüncələrə, düşüncələr də davranışlara çevrildiyi zaman fərd öz gücünü hiss edər. Bu zaman gördüyü işi duya bilməyən, duyduqlarını düşüncələrə çevirməyən və düşündükləri ilə hərəkət etməyən milyonlarla insandan fərqlənər.

      3D yaşam formulunu bir ağac kimi qəbul etsək, duyğular edilən feilin kökü, düşüncələr gövdəsi, davranışlar isə meyvəsidir. Bu üç keyfiyyətə sahib olub, keyfiyyətli həyat yaşamaq ümidi ilə...

       

      • Hits: 43 clicks

      Tecox component by www.teglo.info