Şirəli Məmmədov - XƏBƏRLƏR

      Share

      Norveç: İsrailin Fələstində məskunlaşması qanunsuzdur

      “İsrail hökumətinin Fələstin ərazilərində yaşayış massivləri salması qeyri-leqaldır”.

       Misir Xarici İşlər nazirliyinin yaydığı açıqlamaya görə, bu sözləri Norveçin xarici işlər naziri İne Eriksen Soreyde misirli həmkarı ilə görüşündə deyib.  

      Görüş vaxtı hər iki ölkənin XİN başçısı regional problemlər, o cümlədən Yaxın Şərqlə Afrika qitəsində təhlükəsizlik və sabitliyin təmin edilməsi barədə fikir mübadiləsi ediblər.

      Görüşdən sonra keçirilən mətbuat konfransında xanım Soreyde BMT-nin Qaçqınlar Komitəsi (UNRWA) vasitəsilə Fələstinə dəstək verdiklərini qeyd edib. XİN rəhbəri həmçinin İsrailin Fələstin ərazilərində saldığı yaşayış massivlərinin qanunsuz olduğunu deyib.

       

      Ekoloji çirklənmə səbəbindən milyonlarla insan ölür

      Avropalı tədqiqatçıların araşdırmaları nəticəsində məlum olub ki, ildə 8.8 milyon insan ekoloji çirklənmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişir. Bu barədə “European Heart Journal” adlı dərgidə məqalə dərc edilib. Məqalədə bildirilir ki, tədqiqat qrupunun üzvü Prof. Dr. Thomas Münzel bu rəqəmin il ərzində siqaret səbəbindən ölənlərin sayından çox olduğunu deyib.   

      Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına görə, 2017-ci ildə siqaret səbəbindən ölənlərin sayı 7.2 milyon nəfər olub.

      Ekoloji çirklənmənin Avropada təxminən 800 min insanın vaxtından əvvəl ölümünə səbəb olduğunu müəyyən edən tədqiqat qrupu bildirib ki, bu vəziyyət orta insan ömrünü 2 il azaldıb. Tədqiqat hesabatında ekoloji çirklənmənin əvvəla ciyərlərə təsir etdiyi, sonra qan dövranında problemlər yaradaraq ürək xəstəliklərinə səbəb olduğu və nəticədə ölüm baş verdiyi qeyd edilib.

       

      Süd Yolu qalaktikasının çəkisi müəyyən olunub

      ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) Süd Yolu qalaktikasının çəkisini öyrənib.

      “Daily Mail” qəzetinin saytında xəbər verilir ki, astronomlar Hubble və Gaia teleskoplarının məlumatlarını təhlil edib və müxtəlif riyazi metodlardan istifadə edərək dəqiqləşdiriblər ki, Günəş sisteminin yerləşdiyi Süd Yolu qalaktikasındakı göy cisimlərinin ümumi çəkisi Günəşə bərabər olan 1,5 trilyon ulduzun ağırlığı qədərdir. Qalaktikanın uzunluğu isə 256 min işıq ilidir.

      Astronomlar qeyd ediblər ki, qalaktikanın çəkisi nə qədər ağır olarsa, onun ulduz yığını da ağırlığın təsiri altında o qədər sürətlə hərəkət edir. Əvvəllər aparılmış tədqiqatlarda ulduz toplusunun Yerdən uzaqlaşma sürəti müəyyən edilmişdi. İndi isə bu sürətə uyğun olaraq qalaktikanın çəkisini dəqiqləşdirmək mümkün olub.

       

      Küveytdə müəzzinlərə və tibb bacılarına sürücülük vəsiqəsi verilməyəcək

      Küveytdə məscid müəzzinləri və tibb bacılarına sürücülük vəsiqəsi verilməyəcək. Yerli “əl-Ənba” qəzetinin verdiyi məlumata görə, bu istiqamətdə qanun layihəsi qüvvəyə minib. Yol Polisi İdarəsinin rəis müavini Yusif əl-Hadə bu qərarı belə açıqlayıb:

      “Müəzzinlərin böyük əksəriyyəti məscidlərdə işləyir və orada yaşayırlar. Tibb bacılarının gediş-gəlişləri isə Səhiyyə Nazirliyinin təsis etdiyi avtomobillərlə təmin edilməlidir”.

       

      Qəzzalıların ümrə qadağası ləğv edildi

      İsrailin mühasirəsi altında olan Qəzza Zolağından ilk zəvvar qrupu ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşüb.  Qəzza Vəqflər Nazirliyi Həcc və Ümrə bürosunun rəhbəri Adil əs-Savalihi ilkin olaraq 798 zəvvarın ümrə ziyarəti üçün yola düşdüyünü deyib. Savalihi, uzun müddət davam edən fasilədən sonra zəvvar sayının bu qədər az olmasını Qəzza sakinlərinin həddindən çox kasıb olması ilə izah edib.

      Qeyd edək ki, qəzzalıların müqəddəs torpaqlara getməsini təmin edən Rəfah sərhəd qapısı 2014-cü ilin dekabr ayında bağlanmışdı.

       

      Malayziyada İslam peyğəmbərini təhqir edən şəxs həbs edilib

      Malayziyada İslam peyğəmbəri Həzrət Muhammədi (s.ə.s) sosial şəbəkədə təhqir edən 4 şübhəlinin məhkəməsi başa çatıb. Şübhəlilərdən biri ittihamları qəbul edib və məhkəmə onun barəsində 10 il həbs qərarı verib. Digər şübhəlilər isə ittihamlarla razılaşmayaraq məhkəmənin yenidən keçirilməsini tələb edib.

      Polis təşkilatı son günlərdə Malayziyada sosial şəbəkələrdə Həzrət Muhammədi (s.ə.s) təhqir etmə faktlarının çoxaldığını qeyd edib. 

       

      • Hits: 46 clicks

      Tecox component by www.teglo.info