Mövlana Deyir Ki... / Nurlan MƏMMƏDZADƏ

      Share

      Statistik məlumatlara görə dünyada ən çox intihar hadisəsi Norveçdə qeydə alınmışdır. Görəsən niyə məhz Norveç? Həyat tərzinə görə dünyada birinci yerləri tutan Norveç insanı görəsən nədən bezib həyatına qəsd edir?

       Məhz bunun səbəbini araşdıran tədqiqatçılar əhali arasında aparılan sorğu nəticəsində müəyyən ediblər ki, bolluq və firavanlıq içində yaşayan norveçlilər həyatdan zövq ala bilmədikləri üçün intihar edirlər. Uzun illər arxasınca düşdüyümüz kapitalizmin acı nəticəsi deyilmi bu? Sən demə, mənəviyyatın unudulduğu, hər şeyin maddi dəyərlərlə ölçüldüyü atmosferdə insanın xoşbəxtliyi bir yerə qədərmiş.

      Dünyaya aldanıb maddə hərisinə çevrilən və nəticədə çarəsizlik içində çırpınan bəşər övladı, hər zaman doğru yolu göstərən könül ərlərinə ehtiyac duymuşdur. Xüsusilə müasir insanımız, həyatdan bezib intihar edən Avropa insanı bu cür könül ərlərinə ehtiyac içində qıvranmaqdadır. Əslinə baxsaq, elə biz özümüz də. İçində olduğumuz 2007-ci ilin UNESCO tərəfindən “Mövlana ili” adlandırılmasının ən əsas səbəbi də budur hər halda. Demək olar ki, bütün bəşəriyyəti istila etmiş kapitalizm və fərdiyyətçilik fəlsəfəsinin insanlığı uçuruma doğru apardığının fərqinə varan kütlələr böhrandan çıxış yolunu yalnız “Kim olursan ol, yenə gəl!” deyən mövlanaların sevgi dolu dərgahında axtarır...

      Kimdir Mövlana? Nədir Mövlana fəlsəfəsi?

      Qısaca deyə bilərik ki, Mövlana aşiqdır; insan aşiqi, Haqq aşiqi. Fəlsəfəsi də eşq və sevgidən ibarətdir. Fəlsəfə deyərkən mürəkkəb teoremlər arxasınca düşən zavallılara yazığım gəlir. Həyatın fəlsəfəsi əslində çox sadədir. Sevgi... Mürəkkəb deyil, bəsit.

      Mövlanaya görə hər şeydə sevgi vardı. Həyat sevincə gözəldi. Çünki sevgi iksiri kainatın yaradılış mayasında vardır.

      Mövlana deyir ki: “Eşq də əlif kimidir. Əlif Bəsmələdə (bismillah sözündə) gizlidir. Oxunmaz, amma o olmadan da bismillah səslənməz.” Ona görə eşq də əlif kimi hər şeydə gizlidir. Görünməz, amma həyata rəng qatar, məna qatar. Necə də möhtəşəm təşbeh! Mövlana istəyirdi ki, insanlar hər şeydə sevginin varlığını dərk etsin, istisini duysun. Hər şey sevgidən doğsun. Mövlana istəyirdi ki, ailələr bugünkü kimi şəhvət və maddə üzərinə deyil, sevgi üzərinə qurulsun. Sevgidən yoxsul, həyat fəlsəfəsi yıxılanı yemək olan insanlığın ilahi eşqlə yenidən dirilməsini istəyirdi.

      Mövlana deyir ki: “Sevgidə günəş kimi ol! Çünki məhz sevgi ilə qaranlıqları aydınlatmaq mümkündür. İnsanların qəlbinə məhz onunla yol tapmaq mümkündür.” Bu gün şəxsiyyət yetişdirmə kursları açıldı, bu sahədə cildlərlə kitablar yazıldı, filmlər çəkildi. Ətrafımızdakı insanlarla əlaqələrdə onları qazanmanın yolunu göstərən bir sıra əsərlər yazıldı. Halbuki neçə yüz il bundan əvvəl bu sahədə söz söyləyənlər vardı. Və onlar şərq insanı idi...

      Mövlana deyir ki:

      Sevgidə günəş kimi ol,

      Dostluq və qardaşlıqda axar su kimi ol,

      Xətaları örtərkən gecə kimi ol,

      Təvazökarlıqda torpaq kimi ol,

      Hər nə olursan ol,

      Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!

      Çox təəssüf edirəm ki, bu gün Avropada ən çox satılan əsərlər arasında Mövlananın Məsnəvisi birincilik qazanarkən və qərb insanının ən çox oxuduğu yazar Mövlana ikən, biz hələ də öz irsimizə biganə yanaşırıq. Qərbin zər-zibasından vaxt tapıb özümüzə baxa bilirikmi ki, mövlanalarımızı da tanıyaq? Keçən il dekabr ayının 21-də dərc olunan Yeni Şafak qəzetində Gökhan Özcanın bir məqaləsini oxumuşdum. Bizdəki qərb heyranlığını və əslindən uzaqlaşma xəstəliyini dilə gətirən o məqalənin başlığı ilə yazımı tamamlamaq istəyirəm.

      “Noelə divanə, Mövlanaya biganə”          

      • Hits: 718 clicks

      Tecox component by www.teglo.info