Şükür ƏNDƏLİFOV - SƏMAVİ DİNLƏRDƏ NAMAZ İBADƏTİ

      Share

      Dinlər tarixində səmavi dinlər deyiləndə Allah tərəfindən vəhy yolu ilə nazil olan əsaslara söykənən dinlər nəzərdə tutulur. 

      Bura üç din daxildir: Yəhudilik, Xristianlıq və İslam. Dində ibadətlərə nə qədər çox diqqət və zaman ayrılarsa, onun varlığı bir o qədər uzun olar. İlahi olmayan bir çox dinlərin tez bir vaxtda təhrif olunmasına səbəb ibadətsiz olmaları və ya ibadətlərinə az vaxt ayırmaları olmuşdur.

                  İbadət kəlməsi ərəb dilində “abədə” kökündən dilimizə keçmiş, mənası isə boyun əymək, itaət etmək və qulluq etməkdir. Dinlərdə ibadət deyildiyində ilk öncə ağıla namaz, dua, oruc, zəkat, sədəqə və həcc gəlir. İbadətlər günlük, həftəlik, illik olaraq bölünməklə bərabər fərdi və camaatla da ola bilər. Keçmiş peyğəmbərlərə və onların ümmətlərinə də namaz, oruc, zəkat kimi ibadətlərin fərz edildiyini bizə Qurani-Kərim xəbər verir.

                  İbadət deyilincə ilk əvvəl ağıla namaz gəlir. Namaz kəlməsi Qurani-Kərimdə “salət” olaraq ifadə olunur. Namazın lüğəvi mənası “dua etmək” deməkdir. Ümumi olaraq namaz, dua, niyaz, rəhmət, istiğfar olaraq tərcümə olunur. Üç böyük dinin atası olan İbrahim (ə.s) peyğəmbərin duası Qurani-Kərimdə belə zikr olunur: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbimiz! Duamı qəbul buyur”.  (İbrahim 14/40)

      Yəhudilikdə namaz

      Yəhudilikdə ibadətlər günlük, həftəlik və illik olaraq fərdi və ya camaatla yerinə yetirilir. İbadətə başlamadan əvvəl dəstəmaz üçün ayrılmış suda əlləri biləklərə qədər yuyaraq dəstəmaz alınır. Bundan əlavə, ehtiyac olarsa, dəstəmaz öncəsi qüsl də alınır. Bugünkü yəhudilərdə qismən namaza bənzər üç vaxt ibadət var. Bunlar səhər (şaharit), ikindi (minha) və axşam (maarib və ya arvit) namazlarıdır. Bu namaz ibadəti fərdi qılına bildiyi kimi, ən az on nəfərdən ibarət olan camaat şəklində də qılına bilər. Üzü Qüdsə tərəf duraraq ayaq üstə bir neçə dualar oxunur, xəfif rüku edilir və sonda oturulur. Namaz əsnasında ibadət şalı örtülür, alın və ya qol bağı taxılır. Fərdi qılınan namazlarda bel hissəsinə “tallit” deyilən bir qurşaq bağlanır. Bu üç vaxt namazdan başqa həftəlik və bayram günləri (musaf) namazları da var. Qadınlar namaz qılarkən baş örtüsü taxarlar.

      Xristianlıqda namaz

      Xristianlıqda ibadətin təməli Hz. İsanın (ə.s) namaz mövzusundakı təlqini və Hz. İsa (ə.s) duası olmaq üzrə iki əsas fikir üzərində formalaşır. Dua ibadəti 325-ci ildə İznik Konsilində qəbul edilmişdir.

      İbadət tanrının xristianlara bir sirridir. Bu sirr vasitəsi ilə Tanrıya çatmaq və onu tanımaqdır. Tanrıya çatmanın yolu isə duadır. Bu gün müqəddəs mətnlərə baxaraq namazın olub olmadığını başa düşmək çətindir. Süryani kilsəsində namaza bənzər bir ibadət mövcuddur. Xristianlıqda namaz ümumi olaraq dua və kilsələrdə ayin şəklində edilir. Bu gün xristianlığa aid xüsusi ibadət var ki, ona “Messe” deyilir. Bu ibadət kilsədə camaatla və papaz nəzarətində edilir. İbadətlər günlük, həftəlik və illik olaraq bölünür. Günlük ibadətlər səhər və axşam olmaqla gündə iki dəfə edilir. Həftəlik ibadətlər bazar günləri səhər və axşam kilsədə edilir. İllik ibadətləri isə Noel, Paskalya bayramlarıdır. Nəticə olaraq xristian ibadətlərində də namazdakı kimi qiyam və səcdə yer alır.

      İslamda namaz

      Namaz kəlmeyi-şəhadətdən sonra İslamın birinci təməlidir. Rəsuli-Əkrəm (s.ə.s) “Namaz dinin dirəyidir” (Kənzul-Umman,c,7,7-284) buyuraraq namazın dinimizdə çox böyük əhəmiyyət kəsb edən ibadət olduğunu bildirmişdir. Namazın imana yaxın olması səbəbi ilə Allah-Təala Qurani-Kərimdə namazı imanla yanaşı zikr edir. Bu səbəblə namaz imanın əlaməti sayılır.

      “Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir”. (əl-Həcc,78)

      Hz. Peyğəmbər (s.ə.s) Məkkədə ikən beş vaxt namaz fərz qılınmazdan əvvəl səhər günəş doğmadan əvvəl, axşam da qürub etdikdən sonra iki rükət namaz qılardı. Merac vaxtların ən şərəflisi, halların ən fəzilətlisi və duanın ən əzizi olduğu üçün həmin gecədə beş vaxt namaz fərz qılınmışdır.

      İslamda namazın dörd növü var: fərz, vacib, sünnə və nafilə namazlar. Bunların da günlük, həftəlik və illik növləri var. Camaatla və fərdi olaraq qılınan namazlar var. Namaz ruzi gətirir, sağlamlığı qoruyur, xəstəliyi aradan qaldırır, qəlbə qüvvət, üzə gözəllik və parlaqlıq, ruha fərəh, bədən üzvlərinə enerji verir. Ruha qida, qəlbə nurdur. Allahın nemətlərinin qoruyucusudur və ilahi əzabdan qurtuluşa vəsilədir. Namaz bədəni şeytandan uzaqlaşdırır, Allaha yaxınlaşdırır. Qısacası, ruhun və bədənin sağlamlığını qorumaq baxımından namazın xüsusi yeri vardır.

       

      • Hits: 67 clicks

      Tecox component by www.teglo.info