Quran Tilavətində Musiqinin Tarixçəsi / Prof. Dr. Ömər Aslan

      Share

      Bəzi İslam araşdırmaçıları bu qənaətə gəlmişdir ki, Quranın musiqi ilə (avazla) oxunmasının kökləri hicri ikinci əsrə gedib çıxır. Quranı ilk dəfə avazla oxuyan adamın Übeydullah b. Əbi Bəkr (h.14-79) olduğu rəvayət edilir.

       (İsmail Karaçam, Qurani-Kərimin fəzilətləri və okunma qaydaları, s.135.) Quranı avazla / musiqi ilə oxuma məsələsi hər nə qədər ilkin dövrlərdə ortaya çıxsa da bu məlumat onu göstərir ki, hz. Peyğəmbər (s.ə.s)-in dövründə Quran avazla oxunmamışdır. Lakin onu da qeyd etmək lazımdır ki, Quranın gözəl səslə oxunması xüsusunda hz. Peyğəmbərin müxtəlif hədisləri vardır. “Quranı səsinizlə bəzəyin”( Əbu Davud, I, 339;  Nəsai, II, 139; İbn Macə, I, 426.), “Səsinizlə Quranı bəzəyin. Şübhə yoxdur ki, gözəl səs Qurana gözəllik qatar.” (Sünəni Darimi,  III, 291-294.) “Hər şeyin zinəti vardır. Quranın zinəti də gözəl səsdir.” (Suyuti, Zəhru-r-Rubə alə-l-Muctəbə) kimi hədislər buna nümunədir.

      Bu mövzudakı hədisi-şəriflər həm Peyğəmbərin avazla Quran oxumağı mədh etdiyini, həm də bu şəkildə tilavətin icra edildiyini ortaya qoyur. Quran tilavətində avazla oxumanın hicri ikinci əsrdən başladığını qəbul etsək belə əshabın bu əmr və tələbləri diqqətə almadığını söyləmək mümkün deyil. Çünki Peyğəmbər (s.ə.s) və əshabi-kiram gözəl səs və avazla Quran oxuyanları mədh etmişdir. Necə ki, Allah Rəsulu bir gecə Əbu Musa əl-Əşarini özünün də xəbəri olmadan dinləmiş, avazla oxumasını bəyənərək onu bu sözlərlə təltif etmişdir: “Ey Əbu Musa, şübhəsiz ki, sənə Davud (ə.s)-ın mizmarlarından (nəğmə, melodiya) bir mizmar verilmişdir.” (Buxari, VI, 112; Müslim, I, 546; Nəsai, II, 180) Əbu Musanın bu ifadələrlə hz. Peyğəmbərin iltifatına məzhər olması səsindəki ahəngi Quran tilavətində əks etdirməsindən qaynaqlanır.

      Buradan görürük ki, Quranın avazla oxunmasının ilk dəfə hicri ikinci əsrdə meydana çıxması ilə bağlı fikirlər bu hədislərlə ziddiyyət təşkil edir. Belə bir qənaətə gəlmək mümkündür ki, hicri ikinci əsr Quranın ilk dəfə avazla oxunduğu dövr deyil, digər elmlərin tədvin edildiyi kimi bu məsələnin də ilk dəfə ətraflı şəkildə ələ alındığı mərhələdir. Yaxud da bu dövr Quran tilavətində ərəb cəmiyyətinə aid məhəlli avazlardan ayrılaraq, digər millətlərin özünəməxsus avazının meydana gəldiyi dövrdür.

      Mənbələrdə Heysəminin Abbasi xəlifələrindən Mənsura (236/850) Qurani-Kərimin avazla oxunmasına dair verdiyi təsnifat diqqətçəkicidir. Bu təsnifata görə hicazlılar Quranı təbii şəkli və ərəb üsulu ilə okumuşlar, şamlılar rahiblərin üsulundan, bəsrəlilərsə fars üsulundan istifadə etmişlər. (Okiç, Qurani-Kərimin üslub və qiraəti, s.20) digər tərəfdən məsələnin belə olması Quranın sırf ərəb avazı ilə deyil, digər millətlərin səs və ahəngi ilə də oxuna biləcəyini göstərməkdədir.

      Burada belə bir sual çıxır ortaya. Hz Peyğəmbərin Quranın ərəb avazı ilə oxunmasını istəməsinə baxmayaraq, necə olur ki, Quran digər millətlərə məxsus avazlarla oxunur? Unutmamaq lazımdır ki, Quran sadəcə ərəblərin deyil, bütün insanların kitabıdır. Yuxarıda da ifadə edildiyi kimi Quranın musiqi ilə oxunmasında yeganə etalon ərəb ləhni deyil. Əlavə olaraq deyə bilərik ki, ləhn sadəcə səsdəki ahəng və təğənni deyil, eyni zamanda dillə bağlı qaydaları da ehtiva edir. Quran tilavətində icra edilən məhəlli ritmlərdə ahəng səsi fərqli olsa da tilavət qəlibi ərəb ləhnindən başqa bir şey deyildir. Əslində sözügedən ritm fərqi yalnız qeyri-ərəb millətlərdə deyil, eyni zamanda ərəblərin öz aralarında da mövcuddur. Bu da öz növbəsində Quranın tilavətdəki genişliyini və beynəlmiləlliyini göstərir.  

      Nəticə olaraq demək olar ki, bu xüsusda olan hədislər və tətbiqat diqqətə alındığı zaman Quran tilavətində avazın, təğənni və musiqinin hicri ikinci əsrdə deyil, birbaşa Peyğəmbər zamanında icra edildiyi müşahidə olunur.

       

      • Hits: 1034 clicks

      Tecox component by www.teglo.info