Doç.Dr.Mesut KAYA - ƏMANƏT ŞÜURU

      Share

       “Əmanət” İslamın ən zəngin kəlmələrindən biridir. Həyatımızı bütün yönləri ilə əhatə edən, insanlığımızın olmazsa-olmaz məfhumlarından biridir; 

      varlığımızla bütünləşmiş, bizdən ayrı düşünülməyəcək bir sifətdir, əmanət. Belə ki, əmanəti itirən insan, insan olmaqdan çıxar. Əmanət duyğusu korşalmış insan varlıq qayəsini itirər.

      Allah-Təala insan oğlunu yaratdığı zaman əmanəti göylərə, yerə və dağlara ərz etmiş, onlar əmanətin böyüklüyünü dərk edib onu götürməkdən imtina etmişdilər. Onların götürə bilmədiyi əmanəti insan götürmüş, bu çətin vəzifəyə talib olmuşdur. Allah-Təala da ondan əmanəti qoruyacağına dair qüvvətli bir əhd almışdır. Ancaq hər insan bu əmanəti götürüb daşıya bilməmişdir. Buna görə də əmanəti daşıya bilməyənlər zalım və cahil olaraq adlandırılmışdır. (əl-Əhzab, 72)

      Yaxşı, bəs əmanət nədir?

      Allah-Təala insanı yaradarkən onu mükəmməl xüsusiyyətlərlə təchiz etmişdir. Bunların başında “ağıl” gəlir. İnsan ağlı ilə Allahın birliyini və onun əmrlərini qavrayar. İnsan ağlı ilə mükəlləf olar. Ağlı ilə peyğəmbərin göstərdiklərini nümunə götürər. Bu baxımdan ağılın da bir əmanət olduğu deyilmişdir.

      Əmanət insan ilə Rəbbi arasında olan müəyyən münasibətləri ifadə edir. Bunların başında qulların yerinə yetirməli olduğu Allahın əmrləri, fərzlər və ibadətlər gəlir. Allah-Təala qullarını yaratmış, onlara ağıl, iradə, sağlıq və bir çox nemətlər vermişdir. Bütün bu nemətlər qarşısında qullarının çiyinlərinə qulluq əmanətini yükləmişdir. Başqa bir ifadə ilə: Allahın Hz. Peyğəmbər (s.ə.s) vasitəsilə göndərdiyi İslam bir əmanətdir. Hətta İslam müsəlmanların öhdəliyinə verilmiş ən böyük əmanətdir.

      Sələfi-salehindən bəziləri Quranda ifadə edilən əmanətin namaz olduğunu deyirlər. Namaz İslamın ən əsas amillərindən olması baxımından əmanət olaraq adlandırılmağa necə də layiqdir! Rəsuli-əkrəmin “gözümün nuru” deyə ifadə etdiyi namaz üstümüzdəki ən böyük əmanətlərdən biridir. Nəsillər namaz sevdası ilə yetişdirilməli, namaz şüurlu anlara ən mükəmməl bir şəkildə daxil edilməlidir. Namazsız bir nəsil yetişdirmək ən böyük müsibətdir. Necə ki, ayeyi-kərimədə: “Sonra onların arxasınca pis bir nəsil gəldi; onlar namazı tərk etdilər, şəhvətlərinə uydular”, - buyurulmuşdur. (Məryəm, 59)

      İslamı təmsil edən simvollar da müsəlmanlara əmanətdir. Məscid, minarə, azan, qiblə və Kəbə kimi rəmzlər İslam şüurunu müsəlmanlarda yaşadan simvollardır. İslam sonrakı nəsillərə bu  yolla ötürülür. Dənizçilər qaranlıq dənizlərdə mayakla yollarını tapdıqları kimi, İslam rəmzləri ilə də nəsillər həqiqəti tapır. Bunlar sayəsində öz mənliklərini itirməzlər.

      Quran Allahın Muhamməd ümmətinə əmanətidir. Müqəddəs kitabımız bizim üçün bir nur – hidayət rəhbəridir. Dinimiz və dünyamız onunla aydınlanır. Quranı ədəbinə riayət edərək oxumaq, ayələri üzərində təfəkkür etmək, halalını halal, haramını haram bilmək, hökmləri ilə əməl etmək Allahın bu əmanətinə sahib çıxmaq deməkdir. Necə ki, Allah-Təala: “Hamınız Allahın ipinə (Qurana) möhkəm sarılın!” (Ali-İmran, 103) buyurmaqdadır. Həzrət Peyğəmbərin sünnəsi də əmanətdir. Allah Rəsulunun şəfaətinə nail olmaq üçün onun sünnəsinə sahib çıxmaq lazımdır.

      Ümməti-Muhamməd Qurani-Kərimi Allah-Təaladan nazil olduğu kimi, Həzrət Peyğəmbərin təbliğ etdiyi şəkildə günümüzə qədər mühafizə etmişdir. “(Bu Quran) elm verilmiş kəslərin sinələrində açıq-aydın (parıldayan) ayələrdir” (əl-Ənkəbut, 49) – ayəsinə əsasən onu daim qəlblərində daşımışlar. Buna görə də bu ümmət “kitabını qəlblərində daşıyan ümmət” deyə vəsf edilmişdir.  Beləcə, Quranı əzbərləmək, yəni hafizlik də bir əmanətdir. Əsrlər boyu davam edən bu ənənə günümüzdə də yaşadılmalı, könüldən-könülə süzülən Qurani-Kərim heç bir kəsilmə olmadan qiyamət səhərinə qədər varlığını davam etdirməlidir. Unutmaq olmaz ki, Allah-Təalanın: “Şübhəsiz ki, onu biz nazil etdik, biz də qoruyacağıq” (əl-Hicr, 9) ayəsi hafizlərlə təcəlli etmiş, Allah onların vasitəsilə bu kitabı qorumuşdur. Bu səbəblə övladlarımız Quranı əzbərləməyə yönləndirilərək hafizlik əmanətinə sahib çıxılmalıdır.

      Elm də əmanətdir. Alimlərimizin göz nuru ilə yazdığı kitabları tozlu rəflərə tərk etmək əmanətə xəyanətdir. O kitabları başa düşmək üçün ömrünü elmə həsr edəcək adamlar yetişdirmək, onlara şərait yaradacaq mədrəsələr, müəssisələr və vəqflər qurmaq və elm yolunda xidmət etmək boynumuzun borcudur. 

      Qadınlar da əmanətdir. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Qadınlar barəsində Allahdan qorxun! Siz onları Allahın əmanəti kimi almısınız”.(Müslim, Həcc, 147) Əmanətə sahib çıxaraq halal yedirməli, şəfqət, məhəbbət və mərhəmətlə rəftar göstərməliyik. Uşaqlar da əmanətdir; onları İslam əxlaq və ədəbi ilə yetişdirməliyik.

      Ədalət də əmanətdir. Hökm sahibi olanlar ədalətlə hökm verməli, zülm etməkdən çəkinməli və insan haqlarını diqqətə almalıdır.

      Təbiət və bütün canlı varlıqlar da əmanətdir. Həddi aşan istehlak, lüks və israfa düşərək gələcək nəsillərin haqqını qəsb etmək doğru deyil. Hava, su və torpaq kirlədilməməli, hər birinin əmanət olduğu şüuru ilə hərəkət edilməlidir. Bu, insanın yer üzündəki “xəlifə”liyinin tələbidir.

      Peyğəmbərimizin buyurduğu kimi: “Əmanəti olmayanın dini yoxdur”.(Mamər b. Rəşid, “Cami”, XI, 157) Bu halda əmanətə sahib çıxmaq həm insan, həm də müsəlman olmağımızın gərəyidir.

       

      • Hits: 68 clicks

      Tecox component by www.teglo.info