Natiq ƏHMƏDOV - KİMLƏRDƏNSƏN?

      Share

      Gəncə soyuğunda hərbi xidməti başa vurmuş, rayona qayıtmaq üçün dayanacaqda dayanmışdım. Elə bu vaxt yanıma nəvəsi ilə bir ağsaqqal yaxınlaşdı. 

      Salamlaşıb bir az söhbət etdikdən sonra eyni rayondan olduğumuz məlum oldu.  Söhbət əsnasında mənə “kimlərdənsən?” deyə sual verdi. Sağollaşıb avtobusa mindiyimdə yol boyu bu sual ağlımdan çıxmır, məni dərin düşüncələrə aparırdı.

      Həqiqətən, gördüyümüz hər rəsm, eşitdiyimiz hər kəlmə, qarşılaşdığımız hər davranış ilahi bir mesajdır, bizə. Bütün bunlar sanki varlıq güzgüsündə özümüzü görməyimiz, tövhid anlayışını maddi və mənəvi cəhətləri ilə idrak etməyimiz üçün qığılcımlardır. Biz öyrəşmişik bilərək və ya bilməyərək uzun-uzun cümlələr ilə özümüzü ifadə etməyə, həyatın qaç-qovunda ətrafımızda baş verənlərə biganə yanaşmağa.  Halbuki biz Yaradanı tanıyıb ona qul olmaqla vəzifələndirildik. Bu vəzifənin məsuliyyəti ağırdır. Hər nə qədər bu həyat yolunda şeytan planlar qurmuş, yolayrıclarında adamlarını yerləşdirmiş,  yol nişanlarını  bəşər övladının əleyhinə quraşdırmış olsa da, iman sahibinin  dörd tərəfini Qurani-Kərimin: "Qəm yemə, Allah bizimlə bərabərdir!" nidası işıqlandırar. Bununla nurlanar bütün yollar, bununla yox olar möminin sinəsində dolanan iztirab duyğusu.  Könül yükü yüngül gələr insana və ətrafına, arxasına  baxdığında Hz. Peyğəmbəri görər, əshabı, alimləri, arifləri görər... Kimlərlə bərabər olduğunun fərqinə varar.

      Bəzən kiçik  bir mikrobla mücadilə etməyi bacarmayan insan, üstəlik bir də içində qiyamət, axirət, hesab kimi neçə-neçə qorxuları daşıyır. "Allah sənə Haqq qorxusu vermişdirsə, bu, sənin üçün: "Qorxma!" xitabıdır " demişdi, Mövlana Cəlaləddin Rumi həzrətləri. Bu bir həqiqətdir ki, qiyamət nə vaxt qopursa qopsun, dünyanın təqdir olunmuş günü, ayı, ili nə vaxt bitirsə bitsin, burada əsas olan möminin sabah öləcəkmiş kimi sona hazır olmasıdır. Dünyanın keçici həvəslərinə ağlını və ruhunu bağlamadan burada bir qonaq olduğunu, ziyarət vaxtı bitəndə ondan soruşulmadan əbədi aləmə yola salınacağını bilməlidir. Elə isə bizim borcumuz bizə əmanət olaraq verilənləri Onun istədiyi şəkildə istifadə etməkdir. Səhabələrdən biri Peyğəmbərimizdən (s.ə.s) soruşmuşdu: "Ya Rəsulallah, qiyamət nə vaxt qopacaq?" Peyğəmbərimiz belə cavab vermişdi: "O gün üçün hansı hazırlıqları gördün?"  

      Ömür bu və ya digər şəkildə bitəcək. Yazıldığından nə çox olacaq, nə də az. Əsas məsələ həyat adlanan bu yol azuqəsini necə sərf etdiyimizdir. Əsas məsələ ömrün son dayanacağında bizdən soruşulacaq  sualdır: “Kimlərdənsən?”

       

       

      • Hits: 64 clicks

      Tecox component by www.teglo.info