Aqil ƏLİYEV - QOCALIQ VƏ XƏSTƏLİK GƏLMƏDƏN...

      Share

      Çox təəssüf ki, insanlar əksəriyyətlə əllərindəki imkanları və fürsətləri itirdikdən sonra onları aramağa, axtarmağa başlayırlar. Bu zaman ya gec olur, ya da artıq həyatda dərin izlər və yaralar buraxılmış olur. 

      Balıq suda olarkən dəryanın dəyərini bilməzmiş; susuz qaldıqda, sahildə çabaladıqdan sonra anlayarmış suyun qiymətini.

      İnsan üçün ən dəyərli nemət onun sağlam olmasıdır. Digər nemətlər əksərən sağlamlıqla əldə edilir. İnsan sağlam olarsa, təhsil ala bilər; təhsil alarsa, bir sənət sahibi ola bilər. Sənəti varsa, öz məişətini təmin edər və Allahdan başqa heç kimə möhtac olmaz. Elə bunun üçündür ki, insanlar ta keçmişdən günümüzə qədər hər zaman bir-birinə sağlamlıq və uzun ömür arzulamışlar. Hətta sağlamlığı sultanlıqdan da üstün görmüşlər. Elə bu ifadə də boş yerə deyilməmişdir: “Bu cahanda sağlamlıq kimi var-dövlət və sultanlıq yoxdur”.

      İnsan sağlam olarsa, həm ibadətlərini doğru-düzgün yerinə yetirər, həm də gündəlik işlərini heç bir çətinlik çəkmədən görə bilər. Uca dinimiz İslam da sağlamlığa çox əhəmiyyət vermiş, insanı xəstə edəcək, xəstəliyini artıracaq hər bir şeyi qadağan etmişdir. Bu etibarla sağlamlığımıza çox diqqət etməliyik.

      Təbii ki, xəstəlik də Uca Allahın bir sınağıdır. İnsan xəstələnərsə, mütləq müayinə və müalicə olunmağın yollarına baş vurmalıdır. “Sağlam bədəndə sağlam ruh olar” deyib böyüklərimiz. Bir hədisi-şərifdə buyurulur: “Müalicə olunmaq Allahın təqdiridir. Müalicə olunun, çünki Uca Allah müalicəsiz heç bir xəstəlik yaratmamışdır. Sadəcə biri istisnadır. O da qocalıqdır”. (Tirmizi, Tibb 21)

      Xəstə olub müalicə olunmaqdansa, xəstələnməməyə çalışmaq daha asan və məntiqlidir. Həqiqətən, sağlamlığın qədir-qiymətini xəstə olduğumuz zaman daha yaxşı dərk edirik. Heç bir ağrı-acı çəkmədən yatan kəslə səhərə qədər ağrılarla, sancılarla qıvrılan kəs bir ola bilməz. Böyük haqq dostu Sədi Şirazi (r.ə) belə demişdir: “Gecənin nə qədər uzun olduğunu bilmək istəyirsənsə, xəstələrdən, gecələr gözləri pəncərədə qalanlardan soruş”.

      Başqa bir hədisi-şərifdə belə buyurulur: “İki nemət var ki, insanlar onların qədir-qiymətini bilməkdə aldanmışdır. Bunlar sağlamlıq və boş vaxtdır”.(Buxari, Riqaq 1)

      Həm dünyamızı, həm də axirət həyatımızı qazanmaq üçün iki əvəzolunmaz nemətdir: sağlamlıq və boş vaxt. Bu qədər ilahi və nəbəvi xəbərdarlıqlara baxmayaraq, hər gün ən çox ehmal olunan nemət, boşa gedən dəyər: sağlamlığımız və boş vaxtımızdır. İçki, narkotik və siqaret kimi zərərli vərdişlərlə sağlamlığımız əldən getməkdə; mobil telefonların, planşetlərin, kompüterlərin , “evimizi bəzəyən” plazma televizorların, serialların önündə, yaxud əyləncə məkanlarında dəyərli vaxtımız tükənməkdədir.  

      Gündüzlərini orucla, gecələrini ibadətlə keçirərək taqətsiz və yorğun düşən Abdullah ibn Amr adlı səhabəyə: “Belə etmə! Oruc tut, ancaq hər gün yox. Gecə ibadət et, ancaq yuxunu da al. Çünki bədəninin və gözünün sənin üzərində haqqı vardır...” (Buxari, Savm 54) - buyuran Allah Rəsulu (s.ə.s) insanın hansı niyyətlə olursa-olsun, öz sağlamlığını təhlükəyə atmasına icazə verməmişdir.

      İbadətlər üçün ən mühüm amillərdən biri də gənclikdir. İnsan gəncliyin verdiyi enerji ilə bütün ibadət vəzifələrini tam və dəqiq şəkildə yerinə yetirir və bunun müqabilində daha çox savab və mükafat qazana bilir. Çünki gənc daim aktiv və dinamikdir. İbadətə, elmə və faydalı əməllərə yönələcəyi kimi, pis vərdişlərə və digər mənfi yollara da meyl etməsi qaçınılmazdır. Gənclik insan ömrünün ən qiymətli çağıdır. Gənclikdən sonrakı dövr isə qocalıq, taqətsizlik və xəstəlik dövrüdür ki,bundan sonra insanlar istəsələr belə, artıq cavanlıqdakı kimi aktiv və çalışqan ola bilməzlər. Buna görə gəncliyimizdə olunan ibadət də çox dəyərlidir. Bir hədisdə buyurulduğu kimi, qiyamət günündə əzəmətli ərşin kölgəsində olacaq və qiyamətin dəhşətli sıxıntılarından əmniyyətdə olacaq yeddi sinif insandan biri də gəncliyini ibadət-itaətlə keçirən müsəlman olacaqdır.

      Gənclik çağı elm, irfan, ibadət, sənət və iş əldə etmək üçün müstəsna bir nemətdir. Bütün bu mərhələləri, önümüzə çıxan əngəlləri, maneələri səbirlə və soyuqqanlılıqla aşa bilsək, bu zaman əldə etdiyimiz imkanlarla və dəyərlərlə qocalığımızı da sıxıntısız və məşəqqətsiz keçirə bilərik. Əks təqdirdə qocalıq vaxtımızda əldən gedən cavanlığa, ömrümüzə və itirdiyimiz fürsətlərə görə ah-vay etməkdən başqa əlimizdən bir şey gəlməyəcəkdir.

      Xülasə, gənclik və sağlamlıq sərmayəsindən düzgün istifadə edib həm qocalığımızda, həm də axirət həyatımızda bizi məsud və bəxtiyar edəcək, üzümüzü ağ edəcək əməllərin sahibi olmağa çalışmalıyıq.

       

       

      • Hits: 74 clicks

      Tecox component by www.teglo.info