155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müşfiq XƏLİLOV - ÖLMƏDƏN ƏVVƏL ÖLMƏK

      Share

      Uca Allahın son elçisi axır zaman Nəbisi Peyğəmbərimiz Muhamməd (s.ə.s) dünyanın ömrünü bir günə bənzətmiş və özünün də bu günün ikindi vaxtında dünyaya gəlib Peyğəmbərlik vəzifəsinə başladığını xəbər vermişdir. 

      Bu xəbərə görə, dünyanın ömrünün dörddə üçü getmiş və geriyə ancaq  dörddəbiri qalmışdır.

      O halda qiyamətin qopması uzaqda deyildir. Qurani-Kərimin ifadəsi ilə: “iqtərabətis-səah  – qiyamət yaxınlaşdı.(əl-Qəmər, 1) Ağaclar yarpaqlarını tökmək üzrədir. İsrafil (ə.s) sura üfürmək üzrədir. Bir hesab günü, böyük bir hesab günü gəlməkdədir.

      O halda biz müsəlmanlar  gəlməkdə olan o böyük hesab gününə hazır olmalıyıq. Hakimlər hakimi olan Uca Allahın hüzuruna çıxmağa hazır olmalıyıq. Dünyada ikən bütün etdiklərimizin hesabını verməyə hazır olmalıyıq.

      Öz-özümüzdən soruşaq: O dəhşətli gündə hesab verməyə hazırıqmı? Var-dövlətin heç bir fayda verməyəcəyi, rüşvətin qəbul olunmayacağı, dünyəvi məqam və rütbələrin heç bir işə yaramayacağı o böyük gündə hakimlər hakiminin hüzurunda hesab verməyə hazırıqmı?

      Allahdan başqa hər şeyin bir sonu vardır. Bu dünyanın da sonu vardır. Yəni hər şey fanidir. Yalnız dünya deyil, Uca Yaradan xaric hər şey fanidir. Deməli, bu dünyada kimsə qalmayacaqdır. İstəsək də, istəməsək də, hər kəs yolçudur. Dönüş Allahadır...

      Uca Allah şərəfli kitabımız Qurani-Kərimdə buyurur:

      Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız! (əl-Ənkəbut, 57)

      “De: Xəbəriniz olsun ki, qaçıb durduğunuz o ölüm, şübhəsiz ki, gəlib sizi yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi bir-bir xəbər verəcəkdir”. (əl-Cümə, 8)

      Ayələrdə açıqca göstərilir ki, hər kəs öləcək və dönüş yalnız Allaha olacaqdır. Əcəl saatını dəyişdirmək mümkün deyildir. Ölümün çarəsi və dərmanı yoxdur. İlahi qanun belədir.

      Kim öldüsə, artıq onun qiyaməti qopmuşdur. Buna “kiçik qiyamət” deyilir. Elə isə o kiçik qiyamət gəlmədən öncə ölümə hazır olaq. Necə deyərlər; ölmədən əvvəl ölək. Əcəl yetişmədən əvvəl nəfsani istəkləri tərk etməklə ixtiyari şəkildə ölək, yəni nəfsimizi öldürək. Dünya həyatının sona çatması ilə yeni həyat başlayır. Orada bu ömrün, bu canın, bu nemətlərin hesabı soruşulacaq. Ona görə də sağlığında axirətə hazırlaşan, özünü sorğu-suala çəkib əməllərinə diqqət edən insan ölümü dərk etmiş, yəni ölüm gəlmədən əvvəl ölmüş sayılır.

      Diqqət edin! Malına, mülkünə, gücünə, ordularına güvənən, dünyaya hökm edən necə sultanlar, hökmdarlar bu dünyadan Allahı unudaraq getdi. “Allah” deyənləri yandırmaq istəyən Nəmrudlar getdi... Allahın nurunu söndürmək, Allahın Rəsulunu öldürmək istəyən Əbu Cəhillər, Əbu Ləhəblər getdi... Xəstələrə dərman yazan həkimlər getdi... Gücsüzə zülm edən zalımlar getdi... “Mən sizin ən uca Rəbbinizəm!” deyən fironlar getdi... Təkəbbüründən dolayı, şalvarımın ütüsü pozular deyə Yaradana səcdə etməyən lovğalar getdi...

      Bəli, mövqeyi və vəzifəsi, malı-mülkü,  gücü və qüvvəti nə olursa olsun, hər gələn getdi. İndi haradadır o parlayan gözlər? Hanı o danışan dillər? Hanı o gəncliyi, sərvəti, məqamı ilə məğrur olub axirəti unudanlar? Hanı o saraylara sığmayan hökmdarlar? Hanı keçici gözəlliyi ilə özünü bəyənib başqalarını xor görənlər? Zaman onları əritmədimi? Möhtəşəm saraylardan ayrılıb məzar çuxuruna, yumşaq döşəklərdən ayrılıb sərt torpağa, ləzzətli yeməklərdən ayrılıb qurd-quşa yem olmağa getmədilərmi? Malları, övladları, dostları, Allahdan başqa arxalandıqları ilahları onları qurtara bilmədi.

      Ölümdən və hesabdan qurtuluş yoxdur. Kimi və nəyi sevirik sevək, bir gün ayrılacağıq. Nə qədər malımız olursa olsun, bir gün itirəcəyik. Sıra bizə də gələcəkdir və bu, heç də uzaq deyildir.

      Bu səbəblə, ey dost, ölümə hazır olmaqdan başqa çarəmiz yoxdur.  Pəyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Dünyada bir qərib və ya yolçu kimi yaşa!”(Buxari, Riqaq 2) Hər kəs kimi biz də bu yolu gedəcəyik. Bürünəcəyimiz kəfən, bəlkə də, çoxdan toxunmuşdur. Gedəcəyimiz yer torpaq, bu dünyadakı son evimiz məzardır. O məzar ki, ətləri yeyəcək, sümükləri çürüdəcəkdir. Hesab vermə yerimiz məhşərdir. Son məkanımız cənnət və ya cəhənnəmdir. Biz cənnətə layiq olmağa çalışaq. Bu hazırlığın  ən yaxşısı, şübhəsiz ki, təqvadır. Bunun üçün Hz. Rəsulullahın izindən ayrılmayaq. Unutmayaq ki, axirət nemətləri ancaq bu dünyada qazanılır. Bu qazancın tək yolu da, qısa ifadə ilə desək, İslamın istədiyi müsəlman ola bilməkdir.

      Uca Allahımız şərəfli kitabımızda belə xəbərdarlıq edir:

      “İnsanların hesab vaxtı (olan) qiyamət günü yaxınlaşdı. Onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər”. (əl-Ənbiya, 1)

       

       

      • Hits: 114 clicks

      Tecox component by www.teglo.info