Nicat QƏRİBOV - HEKAYƏLƏR

      Share

      YUSUFA TALİB OLMAQ

      Ay kimi parıldayan Yusuf Misirə qul kimi gətirilmiş, bazarda hərrac üsulu ilə satılacaqdı.

       Hər kəs ona bir qiymət biçir, aşiqləri növbəyə durub müştəri siyahısına yazılırdı. Kimi sandıq dolu ləl-cəvahirat, kimi zənbil-zənbil müşk-ənbər, kimi top-top ipək-atlas hazırlayırdı. Bəhslər qızışmış, qiymət getdikcə yüksəlmişdi. Elə bu vaxt üzü bir xəritə kimi qırış-qırış, beli ikiqat bükülmüş yaşlı bir qarı ürkək addımlarla bu izdihama yaxınlaşdı. Həyəcandan səsi titrəyirdi:

      “Mənə yol verin! Yusufu mən almaq istəyirəm! Hərracda məni unutmayın! Mənim də öz bəhsim var, yol verin!”
      Gözətçilərdən biri onun qarşısını kəsdi:

      “Ay nənə! Əsillərdən, zənginlərdən bu qədər aşiqi var ikən sən Yusufu nə ilə alacaqsan? Hərracda nə ilə yarışacaqsan?”

      Nənə əlini qurşağına atıb dedi:
      “Bu ipi görürsənmi? Bunda tam 99 999 ilmək var. Bunu hörmək üçün gözlərimin nurunu tökmüşəm!..”

      Gözətçi onun xətrinə dəyib incitmək istəmirdi. Buna görə də qoluna girib alçaq səslə dedi:

      “Nənəcan, nə danışırsan?! Hər kəs bir-birindən qiymətli xəzinələrlə bura gəlib. Hördüyün bu iplə Yusufa talib olmaq istəyirsən?”
      Qarı nənə Yusufu ürəkdən sevirdi. Gözətçinin xoş niyyətini başa düşüb içindən keçənləri ona danışdı.  İstəmirdi ki, onu bu məclisdən kənarlaşdırsın. Tək istəyi orada qalıb Yusufu seyr etmək, qoxusunu hiss etmək idi. Yalvaran gözlərlə boynunu büküb dedi:

      “Bilirəm, oğul! Bilirəm ki, mənim malım hər kəsinkindən daha dəyərsizdir. Amma könlüm Yusufu istəyir. Mənim gücüm ancaq əlimdəki bu ipə çatdı. Bununla gözəllər gözəli Yusufu satın ala bilməyəcəyimi bilirəm. Amma heç olmasa məni də onun taliblərinin yer aldığı siyahıya yazacaqlar. İstəyirəm ki, mənim haqqımda: “O da vaxtilə Yusufa talib olmuşdu. O da Yusufu istəyirdi, - desinlər. - Mən yenə də talib olum, bəlkə də, bəxt üzümə güldü!..”

       

       

      EŞŞƏKLƏ MÜBAHİSƏ ETDİYİN ÜÇÜN

      Meşədə eşşək ilə tülkü otun rəngi haqqında mübahisəyə düşürlər. Eşşək otun rəginin qırmızı, tülkü isə yaşıl olduğunu iddia edir. Mübahisə böyüyür və davaya çevrilməyə başlayır. Bir-birilərini gərəksiz yerə yaralayırlar. Meşədə sakitçiliyi pozduqları üçün meşənin kralı olan aslanın hüzuruna çıxmalı olurlar.

      Hər ikisi danışdıqdan sonra bir-birilərindən şikayətçi olurlar. Aslan ikisini də dinlədikdən sonra eşşəyə azadlıq, tülküyə isə həbs cəzası verir.

      Tülkü haqlı olaraq etiraz edir. Aslandan otun rəngini soruşur. Aslan da cavabında “yaşıl” deyir. Tülkü soruşur: “Madam ki otun rəngi yaşıldır və mən iddiamda haqlıyam, nəyə görə eşşəyə bəraət, mənə həbs cəzası verdiniz?”

      Kral aslan tülküyə dönərək belə cavab verir: “Eşşəklə mübahisə etdiyin üçün”.

       

       KİRPİ KİMİ OL

      Bir zamanlar bütün heyvanlar dondurucu soyuq qış aylarından çox təsirlənmişdi. Buna görə də kirpilərin çoxu donaraq ölürdü. Çünki əksər heyvanlardakı kimi onları soyuqdan qoruyan qalın kürkləri yox idi. Təkcə onları isti saxlaya bilməyən tikanları var idi.

      Bu vəziyyətdən ən az zərərlə xilas olmaq üçün kirpilər bir yerə toplanıb çıxış yolu axtarmağa başlayırlar. Müzakirə edə-edə nəhayət bir qərara gəlirlər. Beləliklə, gecə olduqda bütün kirpilər bir yerə toplanır və bir-birilərinə daha yaxın duraraq gecəni keçirirlər. Bu üsulla kirpilər bir-birilərinə yaxın duraraq bədən temperaturlarından faydalanacaq, aralarından keçən soyuq havanı əngəlləyərək donmaqdan xilas olacaqdılar.

      İlk gecə bu təcrübəni yaşayaraq donmaqdan xilas olduqlarını görürlər. Amma başqa bir problemlə qarşılaşırlar. Üşüyən kirpilər bir-birilərinə daha da yaxınlaşdıqca yaralanmalar baş verir. Daha sonrakı gecə bir-birlərinə çox yaxınlaşıb yaralanmasınlar deyə uzaq durmağa çalışırlar, amma bu dəfə də yenə donub tələf olmalar baş verir. Beləliklə, hər gecə gah yaxınlaşıb gah da uzaqlaşmaq yerinə bir-birilərini yaralamayacaq, lakin bədən istiliyindən istifadə edəcək qədər məsafədə dayanmağı öyrənirlər.

      Nəticə: Bizim də uzun tikanlarımız var. Bunlar həyata qarşı olan müdafiə sistemimizdir. Bəzən faydalı, bəzən də zərərli olur. Çox zaman heç kimi yanımıza buraxmırıq. Halbuki mülayimlik (istilik) ancaq yaxınlaşmaqla mümkündür. Bir-birini incitməyəcək qədər uzaq, həyatın soyuq zamanlarında üşüməyəcək qədər də yaxın olmağı öyrənməliyik. Kirpilər kimi.

       

       

      • Hits: 68 clicks

      Tecox component by www.teglo.info