İRFANDAN: ƏN GÖZƏL İNSAN – HZ. PEYĞƏMBƏR

      Share

      Hər il İslam dünyasında Rəbiuləvvəl ayı Hz. Peyğəmbər (s.ə.s)-in mübarək doğum günü münasibəti ilə keçirilən silsilə mövlud proqramları ilə yadda qalır.

       Müsəqillikdən sonra öz milli-mənəvi dəyərlərinə qayıdış edən Azərbaycanda da hər ilin bu ayında Allah Rəsulunu tanıdan, Ondan bəhs edən, Onu vəsf edən tədbirlər, seminar və proqramlar keçirilir. Bu il də ölkəmizin müxtəlif bölgələrində mövlud tədbirləri həyata keçirildi. Bu tədbirlərdən biri də noyabr ayının 24-də “İrfan” ictimai fikir jurnalı tərəfindən təşkil olunan “Ən gözəl insan” adlı simpozium oldu.

      Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutan tədbirdə Bakı İslam Universitetinin müəllimi Dr. Anar Qurbanov, Türkiyə Cümhuriyyəti Rəcəb Tayyib Ərdoğan Universiteti ilahiyyat fakültəsinin  müəllimi İbrahim Erol və Türkiyə Cümhuriyyəti Şırnak Universitetinin dosenti İbrahim Baz məruzəçi olaraq iştirak ediblər.

      Əvvəlcə tədbir iştirakçıları “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədzadənin müqəddəs məkanları özündə əks etdirən foto-sərgisi ilə tanış olublar. Qurani-Kərimlə açıq elan edilən tədbirin girişində aparıcı Nurlan Məmmədzadə Hz. Peyğəmbərin üstün keyfiyyətlərindən və bu günün əhəmiyyətindən danışıb. Sonra söz alan Bakı İslam Universitetinin müəllimi Anar Qurbanov Hz. Peyğəmbərdən əvvəlki cahiliyyə dövründən söz açıb. Hz. Peyğəmbərin gəlişi ilə qəbilələrarası münaqişələrə son qoyulduğundan, insana lazımi dəyərin verildiyindən və Onun qurduğu Mədinə Şəhər Dövlətində digər din mənsubları ilə sülh şəraitində yaşamağın üstün nümunələrindən bəhs edib.

      Daha sonra çıxış edən Türkiyə Cümhuriyyəti Rəcəb Tayyib Ərdoğan Universitetinin müəllimi İbrahim Erol “Hz. Peyğəmbər və Gənclik” mövzusuna toxunub. Cəmiyyətdə gənclərin aparıcı rol daşıdığını qeyd edən natiq Rəsulullah (s.ə.s)-in gənclərə xüsusi qayğı ilə yanaşdığını, onların istedadlarını düzgün istiqamətləndirdiyini vurğulayıb. Eyni zamanda müasir dövrdə Hz. Peyğəmbərin hədislərini inkar edərək “Bizə Quran kifayətdir” deyənləri qınayıb. Qurani-Kərimdən əsaslı dəlillərlə İslamın ilk yarandığı gündən bəri belə bir şeyin olmadığını və mümkünsüzlüyünü ətraflı olaraq izah edib.

      Simpoziumda çıxış edən Şırnak Universitetinin dosenti İbrahim Baz “Hz. Peyğəmbər və ailə” mövzusunda çıxış edib. Natiq öz çıxışında bugünkü cəmiyyətlərdə ailədaxili problemlərə toxunub. Dünya statistikasında boşanan ailələrin və ailədaxili şiddətdən əziyyət çəkən fərdlərin hər gün artan periodla irəlilədiyini və bu durumun heç də işıqlı gələcək vəd etmədiyini qeyd edib. Ailələri qurtarmaq naminə Hz. Peyğəmbərin ailədaxili münasibətlərindən nümunələr verərək Onun bu mövzuda da ən gözəl örnək olduğundan danışıb. “Çünki O, ən gözəl ata, ən gözəl ər, ən gözəl baba idi. Bu gün xoşbəxt ailə qurmaq istəyiriksə, Onun ailədaxili münasibətlərini göz önündə tutmalı və bu əxlaqını həyatımıza əks etdirməyə çalışmalıyıq”, - deyə o bildirib.

      Sonda söz alan Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim də öz növbəsində qonaqları və iştirakçıları salamlayıb. İnsanlar arasındakı münasibətlərə müsbət töhfələr verən bu kimi tədbirlərin faydasından danışaraq Azərbaycan Respublikasının və xalqının mənafeyinə xidmət edən belə tədbirlərə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. O, fondun hər zaman ölkənin birlik və bərabərliyinə, gənc nəslin düzgün maariflənməsinə, vətəninə, millətinə və dövlətinə sahib nəsillərin yetişməsinə olan xidmətlərindən dolayı qürur hissi keçirdiyini qeyd edib.

      Xoş anlarla yadda qalan tədbirin sonunda iştirakçılara kitab hədiyyə edilib. 

       

       

       

      • Hits: 77 clicks

      Tecox component by www.teglo.info