Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَاَنْذِرْ عَشِيرَتَكَ الْاَقْرَبِينَ

      “Ən yaxın qohumlarını xəbərdar et!” (əş-Şüəra, 26/214)

       

      Ən mükəmməl surətdə yaradılan, bütün nemətlər ixtiyarına verilən və əbədiyyət yolçusu olaraq sınağa çəkilmək üçün dünyaya göndərilən bizlərin xəbərdaredicilərə ehtiyacımız vardır. Qurani-Kərimin bir çox yerində Həzrət Peyğəmbərin (s.ə.s) bütün insanlar üçün xəbərdaredici olaraq göndərildiyi bildirilir. Yuxarıdakı ayədə isə xüsusi olaraq ən yaxın qohumların xəbərdar edilməsi əmr olunmuşdur. Peyğəmbərimiz (s.ə.s) bu ayə nazil olduqdan sonra Qüreyş qəbiləsinə mənsub bütün qohum-əqrəbalarını və qəbilə nümayəndələrini Səfa təpəsinə dəvət edib onları İslama dəvət etmişdir. Bu dəvət və xəbərdarlığının bir yerində belə səslənmişdi: “Ey Əbdülmütəllib oğulları, özünüzü cəhənnəmdən xilas etməyə çalışın! Qızım Fatimə, sən də özünü cəhənnəmdən xilas etməyə çalış! Çünki axirətdə sizin üçün heç nə edə bilmərəm. Ancaq sizinlə qohum olduğuma görə aramızdakı münasibətləri kəsməyəcəyəm”. (Buxari, Təfsir, 26.) Bildiyimiz kimi, Həzrət Peyğəmbər ilk təbliğinə zövcəsi Xədicədən (r.anhə) başlamış, tədrici şəkildə digər qohumlarına haqq dini təbliğ etmiş, daha sonra ərəb xalqını və nəhayət, qonşu xalqları və dövlət başçılarını İslama dəvət etmişdir.

      Yuxarıdakı ayeyi-kərimədə ilk növbədə Həzrət Peyğəmbərə (s.ə.s) xitab edilməklə yanaşı, bütün möminlərin də ilk əvvəl öz yaxınlarını xəbərdar edib İslamı onlara təbliğ etmələri tələb olunur. Belə ki, “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (ət-Təhrim, 66/6.) ayəsində də hər bir müsəlmanın öz qohum-əqrəbalarına görə məsuliyyət daşıdığı bildirilir. Həmçinin Allah Rəsulu (s.ə.s) bu minvalda: “Hər biriniz çobansınız və hamınız əlinizin altındakılara görə məsuliyyət daşıyırsınız!” (Buxari, Nikah, 81) - buyuraraq bir möminin ilk əvvəl öz ailəsinə İslami prinsipləri aşılamağını tövsiyə etmişdir. Buna görə də İslami təbliğə əvvəlcə öz valideynlərimizdən, həyat yoldaşımızdan, uşaqlarımızdan başlamalı və daha sonra sırası ilə yaxın qohumlarımıza, qonşularımıza, uzaq qohumlara və nəhayət, bütün cəmiyyətə İslami həqiqətləri çatdırmağa səy göstərməliyik.

      Həmçinin unutmamalıyıq ki, İslami təbliğdə müvəffəq olmaq istəyiriksə, İslamın buyruqlarını əvvəlcə məhz özümüz yerinə yetirməliyik. Yəni ilk əvvəl biz İslami həyat tərzimizlə övladlarımıza və qohumlarımıza nümunə olmalıyıq. Çünki Uca Allah başqa bir ayeyi-kərimədə: “Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi nə üçün deyirsiniz?” (əs-Saff, 61/2) buyuraraq etmədiyimiz əməllər barəsində danışmağı qınamışdır. Bir insanın başqalarına verdiyi tövsiyələrin təsirli olması və qarşısındakı şəxsdə iz buraxa bilməsi üçün özündə həmin xüsusiyyəti daşıması vacibdir. Allah-Təala bizləri əvvəlcə İslamı öz həyatımızda layiqincə yaşamaqda, sonra da digər insanlara təbliğ edə bilməkdə müvəffəq eyləsin!

       

      • Hits: 72 clicks

      Tecox component by www.teglo.info