MÜSAHİBƏ

      Share

      Müsahibimiz bu yaxınlarda İpəkyolu nəşriyyatında çapdan çıxan “Dini bütövlük kontekstində sünnə” kitabının müəllifi Rüfət Şirinovdur. 

      Türkiyə Cümhuriyyətinin Samsun şəhərindəki Ondokuz Mayıs Universiteti ilahiyyat fakültəsindən məzun olan müsahibimiz Mərmərə universitetində hədis sahəsi üzrə magistr təhsilini tamamlamış, hal-hazırda Səlcuq universitetində eyni sahə üzrə doktorantura təhsilinə və “Əli əl-Qari və şərh metodları” adında elmi işinə davam etməkdədir. Uzun müddət Bakı İslam Universitetində müəllim kimi işləmiş mütəxəssisin İrfan jurnalında da yüzdən çox məqaləsi nəşr edilmişdir. Altı kitab müəllifi olan araşdırmaçı-ilahiyyatçı evlidir və iki qız övladı var.

       

       

      İrfan: Əvvəla belə gözəl bir əsərin nəşri ilə əlaqədar sizi təbrik edirik. Maraqlıdır, belə bir əsərin qələmə alınması hansı ehtiyacdan qaynaqlandı?

       

      Rüfət Şirinov: Bu gözəl dəvətinizə və təbriklərinizə görə mən də təşəkkür edirəm. İlk əvvəl onu qeyd etmək istərdim ki, İslam ədəbiyyatını təşkil edən əsərlərin əksəriyyətinin məqsədi, əslində, ortaqdır. Məqsəd Allahın bəşəriyyətə göndərdiyi müqəddəs kitab olan Qurani-Kərimi düzgün başa düşməyin və onun arzu etdiyi şəkildə müsəlman olmağın yollarını göstərməkdən ibarətdir. Bu əsərin qələmə alınmasının da əsas məqsədi, əlbəttə ki, bu amala xidmət etməkdir.

      Məlum olduğu kimi, İslam dininin iki əsas mənbəyi vardır. Bunlardan biri uca Allahın bütün bəşəriyyət üçün göndərdiyi həyat rəhbəri Qurani-Kərim, digəri də həmin kitabın həyata əks edən tərəfi olan sünnə, yəni Hz. Peyğəmbərin (s.ə.s) hədisləridir. Şübhəsiz ki, İslam alimləri bu məsələ barəsində həmfikirdirlər. Ancaq İslamı qəbul edə bilməyən din düşmənləri və müxalifləri hər fürsətdə bu iki təməli sarsıtmaq və nəticədə dinə zərər yetirmək istəmişdir. Öz məkrli məqsədlərinə çatmaq istəyən İslam düşmənlərinin metodları yaşadıqları dövrlərə görə müxtəlif olmuşdur. Hələ hədislərin tamamının yazılmadığı ilk dövrlərdə saxta hədislər uyduraraq insanları əsas məqsədindən uzaqlaşdırmağa çalışarkən, sonrakı dövrlərdə “əslində hədislərin hamısı uydurmadır və üçüncü əsrdən etibarən yazılmışdır, odur ki, din sadəcə Quran hökmləri çərçivəsində yaşanmalıdır” vəsvəsəsi ilə inananların saf dünyasını bulandırmağa çalışmışlar. Əfsuslar olsun ki, ədəbiyyatda “oriyentalist” adı ilə məşhur olmuş qərbli şərqşünasların əsas arqumentlərindən biri olan bu fikir İslam dünyasında da özünə ardıcıllar tapmış, köklü bilgi sahibi olmayan dırnaqarası alimlər onların məkrli fikirlərinə dəstək vermişdir. XIX əsrdə Hindistanda sistemləşən bu axın müxtəlif coğrafiyalarda özünə tərəfdar tapa bilmişdir. Günümüzdə də dəb halına çevrilməyə başlayan sözügedən cərəyanın tələsinə düşməmək və sünnənin labüdlüyünü saf imana malik insanlara çatdırmaq məqsədi bizi belə bir əsər qələmə almağa sövq etdi. Əsərin əsas məqsədlərindən biri də kiminsə fikirlərinə cavab vermək deyil, məsələnin əslini olduğu kimi ictimaiyyətə çatdırmaqdır.  

       

      - Yazılarınızdan da müşahidə edirik ki, Hz. Peyğəmbərin sünnəsinə geniş yer verirsiniz. Bir müsəlman üçün sünnəyə tabe olmaq şərtdirmi?

      - Görkəmli İslam alimi və mütəfəkkiri İmam Əzəm Əbu Hənifə deyir ki: “Sünnə olmasaydı, heç birimiz Qurani-Kərimi başa düşə bilməzdik”. Odur ki, hədislər Qurani-Kərimi düzgün başa düşməyin açarıdır. Açar olmadan evə daxil olmaq mümkün olmadığı kimi, sünnə olmadan Qurani-Kərimin ruhuna və məqsədinə varid ola bilmərik.

      Digər tərəfdən, sünnəyə tabe olmanın labüdlüyünü məhz Qurani-Kərim özü ifadə edir. Məsələ barəsindəki bir neçə ayədən bəziləri belədir: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…” (əl-Həşr, 7); Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik” (ən-Nisa, 80); (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” (Ali İmran, 31). Deməli, hər bir müsəlmanın borcudur ki, Hz. Peyğəmbərin (s.ə.s) Allahın nəzarəti və tələbi ilə ifadə etdiyi və yerinə yetirdiyi hərəkətləri olan hədislərə tabe olsun və həyatını onun tövsiyələri əsasında tənzimləsin. Həmçinin unutmamaq lazımdır ki, Hz. Peyğəmbərin əxlaqı tamamilə Qurani-Kərim əsasında formalaşmışdır. Hz. Aişə (r.a) anamız bu həqiqəti belə ifadə etmişdi: “Onun əxlaqı Qurani-Kərimdir”.

      Hz. Peyğəmbər (s.ə.s) özü də bir neçə hədisində sünnəyə tabe olmağın əhəmiyyətinə toxunmuşdur. Məsələn, rəvayətlərin birində: “Sizə iki əmanət buraxıram. Bunlardan möhkəm yapışdığınız müddətcə, əsla doğru yoldan sapmayacaqsınız. Bunlar: Allahın kitabı və Peyğəmbərinin sünnəsidir”, - buyurulmuşdur (İmam Malik, Müvəttə). Onun (s.ə.s) hədislərini nəzərə almaq və dedikləri ilə əməl etmək cənnətə getmə səbəbidir. Bir dəfə Peyğəmbərimiz belə buyurmuşdu: “Ümmətimin hamısı Cənnətə girəcək, ancaq imtina edənlər müstəsna”.  Soruşdular: “Ya Rəsulallah, imtina edənlər kimlərdir?” Rəsulullah (s.ə.s) belə buyurdu: “Kim mənə itaət edərsə, Cənnətə girər. Kim də mənə asi olarsa, imtina etmiş olar!" (Buxari).

      “Mən Rəsulullahın (s.ə.s) etdiklərinin heç birini tərk etməmişəm. Hamısını yerinə yetirmişəm. Əgər onun sünnələrini tərk etsəm, haqq və hidayət yolundan azacağımdan qorxuram”,- deyən Hz. Əbu Bəkrin, “Öz rəyi ilə hökm verənlərdən uzaqlaşın. Şübhəsiz ki, onlar sünnə düşmənləridir. Rəsulullahın (s.ə.s) hədislərini əzbərləmək və öyrənmək çətin olduğuna görə öz rəyləri ilə danışarlar. Beləliklə, özləri də yolu azar, onlara tabe olanlar da!”- görüşünü müdafiə edən Hz. Ömərin, “Agah olun! Mən peyğəmbər deyiləm. Mənə vəhy də gəlmir. Ancaq mən gücüm nisbətində Allahın kitabı və Rəsulunun (s.ə.s) sünnəsiylə əməl edirəm”,- fikrini səsləndirən Hz. Əlinin, “Sünnəyə sarılın. Sübhəsiz ki, sünnə dinin əsasıdır”,- deyən Ürvənin (r.a.) tövsiyələrini nəzərə alsaq, sünnəyə sarılmağın və hədislər çərçivəsində Quranı anlamağa çalışmağın hər bir müsəlmanın borcu olduğunu görərik. Odur ki, bundan başqa fikir səsləndirənlərin heç biri burada qeyd etdiyimiz və edə bilmədiyimiz bir çox alim və səhabələrdən daha bilikli deyil və Hz. Peyğəmbəri daha yaxşı tanımır.

      Xülasə, sünnəyə tabe olmaq Quran, hədis və alimlərin görüşlərinə əsasən vazkeçilməz şərtdir.

       

      - Müasir dövrdə sünnəni 14 əsr əvvəlki şəkli ilə tətbiq etmək mümkündürmü? 

       

      - Allahın Qurani-Kərimdə buyurduğuna görə, İslam dini ən son səmavi din, Hz. Peyğəmbər də ən son peyğəmbərdir. Deməli, bundan sonra qiyamətə qədər nə yeni bir ilahi kitab gələcək, nə də peyğəmbər göndəriləcəkdir. Odur ki, Qurani-Kərim və hədislərdəki mesajlar qiyamətə qədər öz hökmünü mühafizə edəcəkdir.

       Hz. Peyğəmbərin (s.ə.s) həm nəbəvi, yəni peyğəmbərlik vəsfi, həm də bəşəri, yəni insani xüsusiyyətləri vardır. Onun peyğəmbərlik vəsfləri gərəyi etdiyi əməllər ilk dövrlərdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyur. Əsas məsələ ondan ibarətdir ki, günümüzdə yeni çıxan və Qurani-Kərim ilə hədislərdə açıq şəkildə öz əksini tapmayan məsələlərin həlli yolu bu iki mənbənin ümumi məntiqinə uyğun şəkildə öz əksini tapsın. Bunu da ancaq bu sahədəki mütəxəssislər, yəni müctəhid alimlər ortaya qoya bilər. Bu sahədə söz sahibi olmayanların fikir bəyan etməsi etika qaydalarına və elmi əxlaqa uyğun deyildir.   Qərəzsiz şəkildə məsələyə yanaşsaq görərik ki, Qurani-Kərim ayələri və Hz. Peyğəmbərin hədisləri 14 əsr əvvəl olduğu kimi, bu gün də ortaya çıxan məsələlərə öz münasibətini bildirmişdir. Deməli, sünnələri əsas məqsədinə uyğun olaraq günümüzdəki şəkli ilə yerinə yetirməliyik.

       

       - Sünnənin ortadan qalxmasını dinin yox olması ilə bir tutursunuz. Bu iddia nəyə əsaslanır?

      - Sünnəyə şübhə ilə baxmağı əsas götürən oriyentalist alimlərin və onların islam coğrafiyasındakı təmsilçilərinin əsas məqsədi, əslində, Qurani-Kərim barəsində şübhə yaratmaq və insanları ondan uzaqlaşdırmaqdır. Onlar çox yaxşı bilirlər ki, hələlik açıq şəkildə Qurana hücum etmək üçün münasib şərait yoxdur. Bunu mərhələli şəkildə həyata keçirməyə çalışırlar.

      Bunun birinci mərhələsi insanları məzhəblərə ehtiyacın olmadığına inandırmaq idi. Həmçinin məzhəblər arasındakı mübahisələri inkişaf etməyə ən böyük əngəllərdən biri kimi göstərirdilər.  Halbuki əslə müvafiq fərqli izahların olması mütərəqqiliyin gərəyi və İslamın gözəlliyidir.

      İkinci mərhələ sünnəyə hücum etmək və insanların nəzərində hədisləri etibarsızlaşdırmaq idi. Bunun üçün də hədislərin uydurma olduğu və 3 əsr sonra yazıldığı utopiyası ortaya atıldı. Çünki Quranı aradan qaldırmağın qarşısındakı ən böyük əngəl hədislərdir. 

      Bundan sonrakı mərhələ də bəzi ayələr barəsində şübhə yaratmaq və nazil olduğu dövrə xitab etdiyini söyləyərək Quranı öz istədikləri şəkildə qısırlaşdırmaqdır. Buna görə də sünnənin ortadan qaldırılmasının əsas məqsədi dini etibarsızlaşdırmaqdır. Nəticədə təməli sarsılan bina necə çökürsə, əsas mənbələri sarsılan din də bir müddət sonra yox olacaqdır.

      İslam alimləri Quranın sünnəyə olan ehtiyacının sünnənin Qurana olan ehtiyacından çox olduğunu söyləyirlər. Deməli, Quran sünnə və hədislər çərçivəsində başa düşülə bilər. Əgər sünnə olmasa Qurani-Kərim tam başa düşülməz və tətbiq edilə bilməz. Yəni Qurani-Kərimin əmr etdiyi həyat düsturları hədislər sayəsində başa düşüləndir. Məsələn, namazın qılınma şəkli, zəkatın verilmə miqdarı, orucun kəffarəsi, bəzi miras məsələləri hədislərin izah etməsi ilə başa düşülür. Balıqların halal olması hədislərlə bilinir. Sünnə olmasa cümə namazının iki rükət şəklində qılınacağı bilinməzdi və s.

      Sünnə müsəlmanları birləşdirən və ümmət şüurunu formalaşdıran ən əsas amillərdən biridir. Sünnə xeyirxahlığı, sülhü, əmin-amanlığı, qardaşlığı, qayğıkeşliyi formalaşdıran həyat tərzidir. Təkqanadlı quşun uçması imkansız olduğu kimi, sadəcə Quran və yaxud təkcə hədislərlə dini yaşamaq və müsəlman olmaq da imkansızdır. Kamil İslam və müsəlmanlıq hər ikisinə eyni şəkildə yanaşmaq və riayət etməklə olur.

      - Vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edir, gələcək çalışmalarınızda uğurlar diləyirik.

       

      - Mən də sizin çalışmalarınızda uğurlar arzu edir və dini əslinə uyğun şəkildə cəmiyyətə çatdıraraq maarifləndirmə əzminizə görə təşəkkür edirəm.

       

       

      • Hits: 98 clicks

      Tecox component by www.teglo.info