155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adem ŞAHİN - QARA LÖVHƏ

      Share

      Bir “uşaq parkı”nın içindəyəm. Kitab-dəftərdən, fikirdən uzaqlaşıb bir az dincəlmək istəyirəm. Parkın içində divara asılmış qara lövhə gələnləri belə bir sual ilə qarşılayır: “Salam!

       Necəsən, yaxşısan?” Əhvalımı soruşur. Niyə də soruşmasın?! Köhnə dostlarından biri ilə qarşılaşıb. Təəssüf ki, qara lövhəni tanıyan nəsillər yavaş-yavaş tarix səhnəsindən silinməkdədir. Zəmanəmizin uşaqları isə ağıllı lövhələrlə dostluq edirlər.

      Mən təbii qazı olmayan bir evdə böyümüşəm. Qırıq-sökük nə varsa, peçdə yandırmaq üçün yığardıq. İş həyatımda da təbii qazın olmadığı bəzi bölgələrdə işlədim. Camaatın peçdə yandırmaq üçün ağaclardan tökülən xırda budaqları necə yığdıqlarına şahid oldum. Bu gün yolda gedərkən yol kənarında qurumuş ağac budaqları, lazımsız odun parçaları görsəniz, bilin ki, o bölgədə yaşayanların evində qaz yanır. Artıq onların odun və ya kömürlə işləri qalmayıb. Oturduğum parkın yerləşdiyi bölgədə də təbii qaz, yaxud şəhərin istilik sistemi olmasaydı, yəqin ki, bu qara lövhəni də divardan söküb aparar, parçalayıb yandırardılar. Bəlkə də, heç divara asmazdılar. Çox yaxşı xatırlayıram, uşaq vaxtı bələdiyyənin hazırladığı oturacaq taxtalarının yandırmaq, yaxud satmaq məqsədilə oğurlandığını eşitmişdim.    

      “Salam!” deyən qara lövhəyə yaxınlaşıram. Tənha görünür, bu geniş parkda. Televizorların, məktəb formalarının və yazı taxtalarının ağ-qara olduğu dövr arxada qaldı. Yazı taxtaları əvvəlcə qaradan yaşıla keçdi. Yaşıl rəngin, uzun müddət baxılsa da, gözləri yormadığı deyilir. Cərrahların xəstəxanada geyindikləri önlüyün də bənzər rəngi olur. Yaşıl lövhələr bir müddət sonra ağ rəngə, tabaşirlər isə xüsusi qələmlərə (marker) çevrildi. Ağ lövhələr də öz növbəsində yerini ağıllı lövhələrə buraxdı. Bundan sonrakı mərhələdə, yəqin ki, nə məktəb qalar, nə də sinif. İstəyən internet yoluyla dərslərinə qulaq asar, öyrənəcəyini öyrənər, axırda da imtahanını verib diplomunu alar. Hər kəs pulun dəyər itirməsindən danışır, amma diplomun dəyərsizləşməsindən danışan yoxdur!..

      Parkın divarına qara yazı taxtası asmaq fikri, mənə elə gəlir ki, burada yaşayan ruslardan birinə aiddir. Lövhənin qarşısına da iki sıra oturacaq qoyublar ki, açıq hava sinfi kimi görünsün. Heç siniflərdəki qara lövhələrdən bəhs edən bir mahnı eşitdinizmi? Olsaydı, məncə, dəyərdi.

      Qorxu filmi çəkməli olsaydım, mütləq orada yazı lövhələrini də işlədərdim. Belə filmlərdə daha çox qapı və yelləncək qıcırtısından istifadə edirlər. Məncə tabaşir qıcırtısı, yaxud müəllimin dırnağının taxtaya sürtündüyü zaman çıxartdığı səs onlardan heç də geri qalmazdı. Bir də qara lövhənin qarşısında imtahan vermək var idi... Bəs müəllimin yazdıqları silinmədən dəftərə köçürmək həyəcanı necə? O qara lövhə neçə-neçə balacanın rəngli dünyalarını qaraldıb tək rəngə, tək tipə çevirib. Ey qara taxta, üstünə nələr yazıldı, nələr!.. Silinənlərin də həddi-hüdudu yoxdur. Mürəkkəb yalamaq ilə tabaşir tozu udmaq arasında məna cəhətdən bir fərq yoxdur. Amma ekran üzərində barmaq sürüşdürmək mürəkkəb yalamaqdan və tabaşir tozu udmaqdan çox fərqlidir.  Nəcib Fazil Qısakürək də qara lövhədən bəhs edir, orada silə bilmədiklərindən gileylənir:  

      Dünyanı qınasam da, yenə onunla ilgim;

      Nəfsə əl sürə bilmir, qara taxtada silgim...

      Kəbənin qara örtüsü ilə qara lövhə arasında bir bənzərlik qurula bilərmi? İkisinə də baxanda insanı dərin fikirlərə qərq edir. Bir şair Kəbənin qara örtüsünü belə dilə gətirmişdi: “Kəbədən niyə qara geyindiyinin səbəbini soruşdum. Dedi ki, mən qara geyinməyim, bəs kim geyinsin?! Sevgili Muhammədim (s.ə.s) 53 il burada yaşadı, amma məkkəlilərin əziyyəti səbəbi ilə məndən ayrıldı. Mən o gündən bəri qara geyinirəm; mənə “qara örtüklü Kəbə” deyirlər. Mədinə isə ona qovuşduqdan sonra yaşıla büründü; ona da “yaşıl qübbəli Mədinə” deyirlər”.

      Yaşıl həyat rəngidir. Qış qaradır, bahar isə yaşıl. Həzrət Muhamməd (s.ə.s) bahardır; hansı könüldə varsa, ora gülüstandır, hansı dildə varsa, o dil sahibləri bahar kimi bərəkətlidir.

      Qara lövhə niyə Kəbə kimi qaralıb? Elm öyrənmək evdən uzaqlaşmağı, yuxusuz gecələr keçirməyi, pulunu sağa-sola deyil, kitaba, mədəniyyətə sərf etməyi tələb edir. Elm yoluna düşmək həyatda ikən ölmək, nəfsin istəklərini tormozlayaraq ona qara günlər yaşatmaq deməkdir. Həm əylən, həm yat, həm gəz, həm internetdə vaxt keçir, həm də elm öyrən – bu, mümkün deyil.

       

      Qara rəng gücü, nəcabəti təmsil edir. İşığı və bütün rəngləri əmən ən güclü rəng qaradır. Qara buludlar nəhayətində yağış gətirər. Yağış bərəkətdir, yağış həyatdır. Kəbə və yazı taxtası – ikisi də qaradır. İkisində də əsil heybət, nəcabət və güc-qüvvət var. Qara Kəbəyə sarılan kəs Haqqa yol tapar. Qara lövhəyə sarılan isə əsil olar, güclənər, özü və sözü bərəkətlənər. Elm rütbəsi dərəcələrin ən böyüyüdür. Ən böyük rütbəyə gedən yol qara lövhədən keçir(di).

      Qara yazı taxtası tarixdən silinmək üzrədir. Yerinə keçən ağıllı lövhələrin gənclərin üzərindəki təsiri eynidirmi? Yenilər də əsillilik, güc, bərəkət verə bilirmi?

      Əlimdə tabaşir olsaydı, qarşımdakı lövhəyə: “Allah var, ölüm var, hesab var! Qədərə kədər olmaz!” – deyə yazardım, gəlib-keçənlər oxusun deyə. Siz nə yazardınız?

       

      • Hits: 89 clicks

      Tecox component by www.teglo.info