Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Dua etmək üçün müəyyən bir vaxt varmı?

      Cavab: İslam dininə görə, dua etmək üçün mütləq şəkildə tabe olunmalı xüsusi bir vaxt və ya məkan yoxdur. 

       Belə olan halda hər yerdə və hər vaxt dua edilə bilər. Uca Allah Rum surəsinin 17-18-ci ayələrində: “Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! Göylərdə və yerdə həmd (şükür və tərif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə təriflər deyin!” – buyuraraq ibadət və duanın gün ərzində edilməsinin əhəmiyyətini vurğulamışdır. Bununla yanaşı, Qurani-Kərim və hədisi-şəriflərdən aydın olur ki, təhəccüd vaxtında, yəni obaşdan edilən dualar daha çox məqbuldur (bax. Tirmizi, Dəavat, 80). Məsələn, Ali-İmran surəsinin 16-17-ci ayələrində cənnətliklərə belə müjdə verilir: “O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən Sənə iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər. Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və səhur vaxtı (obaşdan) Allahdan bağışlanmaq diləyənlərdir”. Zariyat surəsinin 16-17-ci ayələrində isə belə buyurulur: “Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar”. Bundan əlavə, Ramazan gecələrində, Ərəfat vəqfəsində, təhəccüddə, azan və iqamə oxunan vaxtlarda, fərz namazların axırında edilən duaların qəbul ediləcəyi müxtəlif hədisi-şəriflərdə vurğulanmışdır (bax. Müslim, Səlatül-müsafirin, 166; Tirmizi, Dəavat, 80, 139; İbn Macə, Siyam, 48).   

       

      Sual: Zəkat hissə-hissə verilə bilərmi?

      Cavab: Zəkat ibadətində əsas olan müsəlmanın bu ibadəti ləngitmədən yerinə yetirməsidir. Ancaq nağd ödəmək mümkün olmayan hallarda bir il ərzində hissə-hissə vermək də caizdir.  

       

      Sual: Qohumluq əlaqələrinə ziyan vuran bir vəsiyyət yerinə yetirilə bilərmi?

      Cavab: Dinimiz yaxınları arayıb-axtarmağı, gedib-gəlməyi, uzaqda olanları imkan daxilində ziyarət etməyi, möhtac olanlara köməklik göstərməyi buyurur (bax. Buxari, Ədəb, 10-11). Odur ki, bir kimsə, məsələn: “Mən öldükdən sonra əmini ziyarət etməyəcəksən!” – deyə qohumluq əlaqələrini zədələyən bir vəsiyyət edərsə, bu kimi vəsiyyətlər tamamilə etibarsız sayılar və bunun yerinə yetirilməsi halal olmaz.

       

      Sual: Qulaqdan gələn maye dəstəmazı pozarmı?

      Cavab: Heç bir ağrı olmadan qulaq, göbək və gözdən gələn maye dəstəmazı pozmur. Lakin bu, bir ağrı nəticəsində gələrsə, Hənəfilərə görə, dəstəmaz pozulur. Çünki ağrı bir yaranın mövcudluğuna dəlalət edir. Yaradan gələn maye də dəstəmazı pozan hallardan hesab olunur. Şafeilərə görə isə, yalnız ön və arxadan çıxan nəcis şeylərlə dəstəmaz pozulur. Bunlardan başqa hər hansı bir yerdən gələn mayelər dəstəmazı pozan hallardan sayılmır.

       

      Sual: Məhkəmə qərarı ilə boşanan cütlər dini baxımdan da boşanmış olurlarmı?

      Cavab: Məhkəmə qərarı ilə boşanan cütlər fiqhi (dini-hüquqi) baxımdan da boşanmış sayılırlar və bu, bir bain talaq hesab olunur. Çünki hakimin nikaha xitam verməsi bain talaq qəbul edilmişdir. Odur ki, məhkəmə tərəfindən boşanan bir qadın da iddə müddəti gözləməlidir. İddə müddəti qurtardıqdan sonra başqa birisi ilə evlənə biləcəyi kimi, əvvəlki əri ilə də (üçüncü talaq olmadığı müddətcə) yeni bir nikah qıymaq surəti ilə ailə həyatı qura bilər.

       

      Sual: Dinimizdə cənazə keçərkən ayağa durmaq deyə bir anlayış varmı?

      Cavab: Dinimizə görə, insan müsəlman olub-olmamasından asılı olmayaraq ehtiram göstərilməli bir varlıqdır. Qurani-Kərimdə insanı məhz bu vəsflə tövsif edən müxtəlif ayələr vardır (bax. İsra, 17/70). Odur ki, insan həyatda ikən hörmətə layiq olduğu kimi, öldükdən sonra da buna layiqdir. Bu səbəbdən həm ölümdən sonra dəfn edilmədən, həm də dəfn edildikdən sonra qəbirdə ikən insanın bu vəsfinə xələl gətirən davranışlardan uzaq durmaq lazımdır. Hz. Peyğəmbər (s.ə.s) yanından keçən bir cənazə üçün ayağa durmuş və oradakıların həmin şəxsin bir yəhudi olduğunu xəbər vermələri müqabilində belə buyurmuşdur: “O da bir insan deyildimi?” (Buxari, Cənaiz, 49; Nəsai, Cənaiz, 45-47). Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “Bir cənazə gördükdə keçənə qədər ayaq üstə dayanın”. (Buxari, Cənaiz, 47) Buradan aydın olur ki, cənazə keçərkən imkan daxilində ayağa durmaq sünnəyə müvafiq olan davranışlardandır.     

       

      Sual: Bankdan kredit almaq üçün vasitəçi olub sənədləşmə işlərini aparan bir şəxsin bunun müqabilində xidmət haqqı alması caizdirmi?

      Cavab: Əvvəla fiziki və ya hüquqi şəxsin faizli bir bankdan kredit almasına vasitəçilik etmək də, bunun müqabilində xidmət haqqı almaq da halal deyil. Çünki Hz. Peyğəmbər (s.ə.s) faiz alan və verənlə yanaşı, bunu qeydə alan, buna şahidlik edən və vəkil olmaq surətilə bu işlərə köməklik edən hər bir kəsin məsuliyyət daşıdığını bildirmişdir. Ancaq, əgər kredit alınan bank faizsiz bir bank olar və bu işləri aparan şəxs müqavilə əsasında sənədləşmə və digər işləri aparmaq üçün tutulmuşsa, gördüyü iş müqabilində xidmət haqqını ala bilər.

       

      • Hits: 84 clicks

      Tecox component by www.teglo.info