155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əziz Sultanov - GƏLƏCƏYİMİZ – GƏNCLƏRİMİZ

      Share

      “Gənclərinizin ən xeyirlisi özünü qocalar kimi aparan, qocalarınızın ən şərlisi isə gənclər kimi yaşayandır” deyə məşhur bir hədis var. 

      Artan yaşına baxmayaraq, bəzi mənfi davranışlardan əl çəkməyən kimsələr, adətən, ictimaiyyət tərəfindən qınanmaqda, hər kəs bu kimi hərəkətlərin müəyyən yaş həddindən sonra tərgidilməsini labüd görməkdədir. O ki qaldı gənc olduğu halda özünü yaşlı kişi kimi aparanlara, bu hal bir çox valideynlər tərəfindən xoş qarşılanmamaqda, “sən hələ cavansan, həyatını yaşa, bir gəzib-dolaş…” kimi ifadələrlə qınanmaqdadır. Təəssüf ki, bunlar bizim güzgüyə baxaraq öz içimizi oxuduğumuz zaman qarşılaşdığımız həqiqətlərdir.

      Bir də bu hədisi dini nöqteyi-nəzərdən dəyərləndirək. Qocalara bənzəmək deyəndə onların hansı üstün xüsusiyyətləri nəzərdə tutulur?

      Müdrik qocalar, adətən, daha təmkinli hərəkət edərək oturuşlarında, yerişlərində daha ağırbaşlı olurlar. Onların üz-gözündəki vüqar istər-istəməz baxanları ciddiyyətə, hörmət göstərməyə, sözünü diqqətə almağa sövq edir.

      Müdrik qocalar, adətən, dünyəvi həvəslərdən, bitib-tükənməyən xam xəyallardan əl çəkər, özlərindən daha çox başqalarını – ailəsini, övladlarını, nəvə-nəticələrini, gələcək nəsilləri düşünərək hərəkət edərlər.

      Müdrik qocalar, adətən, özlərini axirətə daha yaxın hiss etdikləri üçün mənəvi əməllərə, ibadət və itaətə daha meyilli olarlar.

      Nəfsinin arzularının arxasınca qaçmaqdan yorulmayan,  həvəslərinin cilovundan yaxa qurtara bilməyən qocalarla müqayisə etdiyimiz zaman “müdrik qocalar” bizim üçün daha sevimli, daha doğma və daha ideal deyilmi?

      Əgər belədirsə, nəyə görə gənclərimizin də belə ideal bir şəkildə, elə indidən başlayaraq kamilləşməsi bizə qəribə görünür?!

      Başqa bir hədisdə belə buyurulur:

      “Beş şey gəlmədən əvvəl beş şeyi fürsət bil:

      Ölüm gəlmədən əvvəl həyatı,

      Xəstəlik gəlmədən əvvəl sağlamlığı,

      Məşğuliyyət gəlmədən əvvəl boş vaxtı,

      Qocalıq gəlmədən əvvəl cavanlığı,

      Kasıblıq gəlmədən əvvəl zənginliyi”.

       

      Bəs biz gələcəyimizi əmanət edəcəyimiz gənclərin formalaşması üçün onları hansı təlim və tədris yoluna sövq edirik?

       

      Quran ifadəsi ilə desək:

      “Yetimin malında, başqasının haqqında gözü olmayan,

      Yolda qalanlara kömək əli uzadan,

      İnsanların qüsurlarını üzə vurmayan, əfv etməyi bacaran,

      Təkəbbürdən, lovğalıqdan kənar duran,

      Alçaq könüllü, mülayim rəftar sahibi olan,

      Haqqı bilə-bilə gizlətməyən,

      Başqasını dini əqidəsinə görə “sən mömin deyilsən” deyərək qınamayan,

      Namusunu, iffətini qoruyan,

      Ata-anasına “uf!” belə demədən canla-başla xidmət göstərən,

      Pis zəndən və qeybətdən çəkinən,

      Əhdinə, verdiyi sözə sadiq qalan,

      Əsla və əsla yalan danışmayan, sözündə doğru olan,

      Zəkatını, sədəqəsini verməkdə xəsislik etməyən,

      Kiçik bir mənfəət qarşılığında dinini satmayan,

      Allahın adı çəkiləndə, müqəddəs kitabı oxunanda qəlbi ürpərən,

      Allaha şirk qoşmaqdan çəkinən, inancını yalnız ona xas qılan,

      Zinaya yaxınlaşmayan, günahlardan çəkinən,

      Namazlarını xüşu içində, dosdoğru qılan,

      Boş və mənasız işlərdən uzaq duran,

      Cahil kimsələrlə boş-boş mübahisə edib vaxt itirməyən,

      Kiminsə qınamasından çəkinərək doğru bildiyindən dönməyən” bir gənclik gələcəyimizin təminatı olmazmı?

      Yaxud elə bir gənclik ki, bir-birini Allah üçün sevsin,

      Bir-birini qınamaq, alçaltmaq yerinə əskiklərini tamamlamağa kömək edərək birlikdə daha parlaq səhərlərə doğru addımlasın. Fərdi olaraq deyil, ümumi olaraq rifah səviyyəsinin yüksəlməsini öz rifahı bilsin. Qarşılaşdığı hər elmi nailiyyəti öz itiyi kimi qəbul edib əldə etməyə çalışsın.

      Elə bir gənclik ki, “Bu torpağın qanayan bir yarasına dərman olacaq biri varmı?” deyə soruşulsa, “mən!” deyə bilsin. “Gün mənim günümdür, bu vətən, bu torpaq, bu millət mənə əmanətdir!” şüuru ilə nəfəs alıb-versin.

      Çalışqanlığı bədəninin zəkatı, bacarıq və bəsirəti elminin bəhrəsi olan və bu nemətlərin şükrü içində gələcəyinə ümid və təbəssümlə baxan bir gənclik…

      Fərasəti və güclü iradəsi ilə ən güclü rəqiblərini belə qısqandıracaq, cəsarəti və mətanəti ilə ən azğın düşmənlərinin ürəklərinə qorxu salacaq bir gənclik…

      Həyəcanı və güc mənbəyi bütün kainatı xəlq edən və ona bu gümrahlığı bəxş edən Uca Yaradanı, bu yoldakı ən böyük nümunəsi və ilham qaynağı da ətəyinə tutunduğu, əxlaqına büründüyü, şücaətindən vüsət aldığı aləmlərə rəhmət son peyğəmbər – Həzrət Muhamməd olan, maddə və mənəviyyatı həyat düsturunda birləşdirən, milli və mənəvi duyğuları harmanlayıb mahir bir sənətkar kimi onları gerçəkləşdirəcəyi xəyallarına nəqş edən, din, dil və tarix şüuruna sahib idrakı ilə könülləri fəth edən bir gənclik…

      “Ağac yaş ikən əyilər” deyib atalarımız. Gələcəyindən bəhrə almağı umduğumuz gənclərimizin nə edəcəyini gözləyib görmək yerinə bu gündən onların sağlam addımlar atması üçün səy göstərməyimiz, şərait yaratmağımız və təşviq etməyimiz daha məntiqli bir seçim olmazmı?!..

       

      • Hits: 186 clicks

      Tecox component by www.teglo.info