Muşfiq XƏLILOV - İSLAMDA HEYVAN HAQLARI

      Share

      İnsan oğlu həyatını davam etdirə bilmək üçün bir çox şeyə möhtacdır. Bunların ən əhəmiyyətlilərindən biri də heyvanlardır. Qida, geyim, minik kimi zəruri ehtiyacların təmin edilməsindən zinət əşyalarına qədər istifadə olunan heyvanlar insan üçün yaradılmışdır.

       Qurani-Kərimdə bu məsələyə belə diqqət çəkilir: Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s.) O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəətlər vardır, həm də onlardan yeyirsiniz”. (ən-Nəhl 16/ 5-6)

      Dinimizdə faydalanmaq niyyəti ilə deyil, sırf zövq və əyləncə xatirinə  heyvanların ovlanması və öldürülməsi uyğun görülməmiş, bu hal onların yaşamaq haqlarına təcavüz olaraq dəyərləndirilmişdir. Peyğəmbərimiz (s.ə.s) buyurur: “Kim bir sərçəni nahaqdan sırf əyləncə  xatirinə öldürərsə, qiyamət günü həmin sərçə fəryad edərək Allaha belə deyər: Ey Rəbbim! Filankəs məni nahaq yerə öldürdü, hər hansı bir fayda üçün öldürmədi!”.  (Nəsəi, Dəhaya, 42)

      Amirdən nəql edildiyinə görə, Rəsulullah (s.ə.s) bir gün əshabı ilə birlikdə oturarkən əlində üstü bağlı bir şey olan bir adam gəldi və peyğəmbərimizə (s.ə.s) belə dedi: “Ey Allahın Rəsulu, sənin gəldiyini eşidən kimi bura gəldim. Gələrkən yolda bir quş yuvasının yanından keçdim. Orada quş balalarının səsini eşitdim və dərhal onları götürüb paltarımın arasına qoydum. Elə bu vaxt anaları gəlib başımın üstündə ora-bura uçmağa başladı. Quşcuğazların üstündəki örtüyü götürdüm, ana quş uçub balalarının yanına qondu. Mən təkrar üstlərini örtdüm. İndi onlar bax burada, mənim əlimdədir”. Hz. Peyğəmbərimiz (s.ə.s): “Onları dərhal burax!”- deyə əmr etdi. Həmin adam da onları buraxdı. Amma ana quş balalarını tərk etmədi. Bunu görən Hz. Peyğəmbərimiz (s.ə.s) əshabından soruşdu: “Bu ananın öz balalarına göstərdiyi mərhəmətə heyran qaldınız, elə deyilmi?” Əshab: “Bəli, ya Rəsulallah!”- dedilər. Bunun müqabilində Hz. Peyğəmbərimiz (s.ə.s): “Məni haqq ilə göndərən Zatı-Zülcəlala and olsun ki, Allahın qullarına qarşı rəhməti bu ana quşun balalarına qarşı göstərdiyi mərhəmətdən daha çoxdur. Onları apar, götürdüyün yerə qoy, anaları ilə bir yerdə olsunlar”,- buyurdu. Həmin adam da onları təkrar öz yerlərinə qaytardı. (Əbu Davud, Cənaiz, 1)

      Bu hədis çərçivəsində məsələyə baxanda təbiətdə azad yaşamaq üçün yaradılan heyvanların qəfəslərdə həbs edilməsi, görəsən, nə qədər doğrudur?

      Bir dəfə Hz. Aişə anamız (r.anha) hirsli bir dəvəyə minmişdi. Heyvanı sakitləşdirmək üçün sərt bir şəkildə irəli-geri sürməyə başladı. Hz. Peyğəmbərimiz (s.ə.s) Hz. Aişəyə: “Heyvanla mülayim davran! Çünki mülayimlik harada olarsa, oranı gözəlləşdirər. Mülayim olmayan hər davranış pisdir”,- buyurdu. (Müslim, Birr, 78-79)

      Əbu Hüreyrədən (s.ə.s) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurdu: “Vaxtı ilə bir adam yolla gedərkən çox susayır. Bir quyu tapır, içinə düşür, su içir və oradan çıxır. Bir də nə görsə yaxşıdır? Susuzluqdan dili bir qarış çöldə olan bir it nəmli torpağı yalayır. Adam öz-özünə: -Bu köpək də lap mənim kimi susayıb,- deyir və dərhal quyunun içinə qayıdır. Ayaqqabısını su ilə doldurur, onu ağzında tutaraq yuxarı qalxır və suyu itə verir. Həmin adamın bu hərəkətindən Allah razı olur və onu bağışlayır”. Səhabələr: “Ey Allahın Rəsulu! Heyvanlara görə bizə savab düşürmü?”- dedilər. Hz. Peyğəmbərimiz (s.ə.s): “Hər canlıya (etdiyiniz yaxşılığa) görə savab vardır”,- buyurdu.  (Buxari, Şurb, 9; Müslim, Salət, 153)

      Yenə Allah Rəsulu (s.ə.s) buyurur: “Bir qadın, ölənə qədər həbs etdiyi pişiyə görə əzaba düçar oldu və bu səbəblə cəhənnəmə girdi. Heyvanı həbs etdiyi gündən ona bir şey yedirməmiş, içirməmiş, hətta yerdəki həşəratları yeməsinə belə izin və imkan verməmişdi”. (Buxari, Ənbiya, 54; Müslim, Salam, 151)

      Bir gün Rəsulullah (s.ə.s) ənsardan bir nəfərin bağına getmiş və orada bir dəvə görmüşdü. Dəvə Hz. Peyğəmbərimizi (s.ə.s) görən kimi inildədi və gözləri yaşardı. Hz. Peyğəmbərimiz (s.ə.s) dəvənin yanına getdi, qulaqlarının arxasını mərhəmətlə sığalladı. Dəvə sakitləşdi. Hz. Peyğəmbərimiz (s.ə.s): “Bu dəvənin sahibi kimdir? Bu dəvə kimindir?”- deyə soruşduqda mədinəlilərdən cavan bir oğlan gəlib: “Bu dəvə mənimdir, ey Allahın Rəsulu!”- dedi. Hz. Peyğəmbərimiz (s.ə.s): “Bu heyvana sahib olduğun üçün Allahdan qorxmursanmı? Onu ac saxladığına və çox yorduğuna görə səndən şikayət edir”,- dedi. (Əbu Davud, Cihad, 44)

      Bundan əlavə, Hz. Peyğəmbərimiz (s.ə.s) heyvanları döyüşdürmək məqsədi ilə onları təhrik etməyi də qadağan etmişdir. Bu gün xoruz, dəvə və öküz döyüşləri kimi təşkil olunan yarışlar Rəsulullah (s.ə.s) tərəfindən qəti şəkildə qadağan edilmişdir. Məhz bu cür yarışlar Allahın yaratdığı məxluqata verilən zülmdən başqa bir şey deyildir.

       

       

       

       

      • Hits: 123 clicks

      Tecox component by www.teglo.info