155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Anar QURBANOV- Sual? Cavab!

      Share

      Sual: Evdə heyvan saxlamaq olarmı, dinimiz bu məsələyə necə baxır?

      Cavab: Zəmanəmizdə insanlar kimsəsiz heyvanları himayə etmək, yalnızlığını aradan qaldırmaq, 

      uşaqlarına heyvana qarşı məhəbbət və mərhəməti aşılamaq, eləcə də xoş vaxt keçirmək kimi müxtəlif səbəblərdən irəli gələn duyğularla evlərində pişik, it, balıq və quş kimi bir sıra heyvanları saxlamaqdadır. Əvvəla qeyd edək ki, sözügedən heyvanlara baxmaqla bağlı dini nöqteyi-nəzərdən fikir bildirmək üçün bu heyvanları müxtəlif qisimlərə ayırmaq lazımdır. Belə ki, pişik, dovşan, balıq və quş kimi ev heyvanları evlərdə saxlama şərtlərinə riayət etməklə caizdir (şərtlər: heyvanın qidalanmasını təmin etmək, heyvana əziyyət etməmək, təmizliyə riayət etmək; eləcə də qeyd etmək lazımdır ki, heyvanla məşğul olmaq insanın dini və dünyəvi öhdəliklərini yerinə yetirməsinə mane olmamalıdır).İnsanın bu kimi heyvanlara baxmaqdan həzz alması, yəni onlardan müsbət mənada istifadə etməsi, məsələn, quş səsindən xoşlanması dinimizdə mübah olan əməllərdəndir. Bununla əlaqədar olaraq səhabədən Hz. Ənəs belə nəql edir: “Hz. Peyğəmbər ən gözəl əxlaqa sahib idi. Mənim Əbu Ümeyr adlı bir qardaşım vardı və onun kiçik bir quşu da vardı. Peyğəmbərimiz (s.ə.s) onu görəndə onunla zarafatlaşar və: “Ey Əbu Ümeyr, sənin kiçicik quşun nə edir, necədir?” - deyə soruşardı”. Bundan əlavə, pişiklərin təmiz olması ilə bağlı Hz. Peyğəmbərin müxtəlif hədisləri vardır.      

      İslam alimləri insanın ünsiyyət qura bilmədiyi və hər hansı mənfəət əldə etməsi mümkün olmayan, eləcə də insan üçün zərərli olan siçan, ilan, əqrəb, timsah balası və digər heyvanlara evdə baxmağın caiz olmadığı məsələsində həmfikirdir.

      Ev içində it saxlamaq məsələsinə gəldikdə isə, İslam alimləri evdə itə baxmağın caiz olmadığı məsələsində də həmfikirdir. Bunun səbəbi isə Hz. Peyğəmbərimizdən nəql edilən müxtəlif hədisi-şəriflərdir. Belə ki, itin olduğu yerə mələklərin girməməsi ilə bağlı və bir ehtiyac olmadan it saxlamağı qadağan edən hədislər məhz bu qəbildən olan hədislərdən bir neçəsidir. Bununla yanaşı, itlərə evdən kənarda - ev və digər obyektlərin mühafizəsi, ov, qoyun sürüsünü güdmək, narkotik vasitələrin tədqiqatı və s. ehtiyaclardan ötrü baxılmasında hər hansı qəbahət olmadığı da vurğulanmışdır.

      Sual: Market və ya mağazalarda alış-veriş müqabilində verilən kuponlara çıxan hədiyyələr halaldırmı?

      Cavab: Əvvəla qeyd edək ki, tərəflərdən birinin qalib gəlib qazanc əldə etdiyi və digərinin də uduzub zərər gördüyü bütün bəxt oyunları qumardır. Yalnız qalib olanın qazanclı olduğu, məğlub olanın isə zərərə məruz qalmadığı fəaliyyətlər qumar hesab olunmur. Odur ki, marketlərdə və mağazalarda sahibkarların alış-veriş edən müştərilərinə təqdim etdikləri kuponlara hədiyyələr çıxdığı təqdirdə, müştərilərin çıxan həmin hədiyyələri götürmələrində hər hansı bir qəbahət yoxdur. Çünki müştərilərdən birinin qalib gəlməsi nəticəsində digərləri hər hansı bir şey itirmirlər. Ancaq müştərilər kupon əldə edərkən hər hansı bir əlavə ödəniş etdikləri təqdirdə, qoyulan pul nəticəsində bir qazanc əldə etmə məsələsi olduğu üçün bu fəaliyyət tamamilə qumar olmuş olur.

      Sual: Qul haqqı necə aradan qaldırılmalıdır?

      Cavab: Hz. Peyğəmbərimiz öhdəsində qul haqqı olanların haqq sahibi olan məzlumlardan halallıq almalarını tövsiyə etmişdir. Əks təqdirdə axirətdə haqsızlıq edənin saleh əməllərindən etdiyi haqsızlıq nisbətində haqq sahibinə veriləcəyini, əgər veriləcək saleh əməlləri olmazsa, məzlumun günahlarından haqsızlıq edənə yüklənəcəyini bildirmişdir (Buxari, Məzalim, 10). Həmçinin imkanı olduğu halda vaxtı gəlib çatmış bir borcu verməyənlərin qul haqqına xələl gətirdiklərini bildirən Hz. Peyğəmbərimiz belə buyurur: “Verməyə qadir olan imkanlının borcunu gecikdirməsi zülmdür”. (Buxari, Həvalə, 1). Məhz burada qul haqqının insanın cənnət və ya cəhənnəmə getməsində mühüm rol oynadığı nəzərə çarpır. Uca Allahın hüzuruna qul haqqı ilə getməyin məsuliyyəti olduqca böyükdür. Çünki bu günahın Allah tərəfindən bağışlanması haqq sahibinin bağışlaması şərtinə bağlanmışdır. Belə olan halda, haqq sahibi haqqını almayınca və ya haqqından vaz keçməyincə Uca Allah qul haqqına xələl gətirənin bu günahını əfv etmir. Çünki bu, ilahi ədalətin bir gərəyidir. Vida xütbəsində Rəsulullah (s.ə.s): “Ey insanlar, sizin canlarınız, mallarınız və namuslarınız Rəbbinizə qovuşanadək bir-birinizə haramdır (toxunulmazdır)”, (Buxari, Həcc, 132) – deyə buyurmuşdur. Odur ki, qəsb, oğurluq, icazəsiz götürmək və s. kimi yollarla əldə edilən haram pul və ya digər əşyalar sahibi bilindiyi təqdirdə yiyəsinə, yaxud varislərinə, əks təqdirdə yoxsullara və yaxud xeyriyyə təşkilatlarına sahiblərinin adına sədəqə kimi verilməlidir.

      Qeybət və böhtan kimi qəbahətlərə görə isə, ən düzgün olanı, haqq sahibinə məsələni izah edib onunla halallaşmaqdır. Bunu etmək çox zaman imkansız olduğu, yaxud insanlar bunu etməkdən utandığı üçün, heç olmasa, tövbə edib haqq sahibinin adına da istiğfar etmək, dua etmək və yaxud xeyirxahlıq edərək savabını ona bağışlamaq, ümid olunur ki, bu kimi qəbahətlərə kəffarə olar.

      Bundan əlavə, qul haqqı ilə bağlı edilən qüsurlardan və işlənən günahlardan ötrü Uca Allahdan əfv və məğfirət istənilməlidir.

       

       

      • Hits: 171 clicks

      Tecox component by www.teglo.info