Mübariz ƏLİOĞLU - KAMİL BİR İNSAN OLMAĞA DƏVƏT

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq! Sonra da onu qaytarıb rəzillərin rəzili edərik”. (ət-Tin, 4-5)

      Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

      İlahi lütf dəryasının saya-hesaba gəlməyən nemətləri ilə bəslənən  insan övladının Rəbbinə qarşı sərgiləmiş olduğu laqeyd, yaramaz və üsyankar münasibəti haqqa dəvət müəssisəsinin bəşər təfəkkürünün ən ümdə istəkləri sırasında layiqli yer tuta bilməməsindən qaynaqlanan bir utanc yarasıdır. Bir təbiət vurğunu olan meşəbəyinin söylədikləri həqiqətlər insanlığın bugünkü acınacaqlı halını necə də yerində ifadə etməkdədir:

      “Fikir verin, sayları insanlarla müqayisədə olduqca çox olan heyvanat, quşlar, həşəratlar aləminin, dəniz canlılarının, saysız bitki növlərinin min illərlə davam edən həyat fəaliyyətləri müddətində ətraf mühitə zərər vermədən, onu çirkləndirmədən, onları əhatə edən bu mühitlə səlis və təmiz bir münasibət qurduqlarına heyrətlənməyə bilmirsən. Lakin onlardan fərqli olaraq “insan” fəaliyyətinə sadəcə gözucu nəzər yetirsəniz, faciənin miqyasları qarşısında haradasa nəfəsiniz kəsiləcəkdir. Hamınıza məlum olanlardan əlavə, onu bildirmək istəyirəm ki, bu amansız fəaliyyətin nəticəsi olaraq okeanlarda ölçüləri 100 kilometrə çatan və dəniz canlılarına öldürücü təsir göstərən tullantı adaları üzməkdədir”.

      Məhz bu səbəbdən də min illər boyu insan övladının maddi və mənəvi fəlakətini önləmək üçün Haqqa dəvət müəssisəsinin mahir təbiblərinin  qəlblərin xəstə, ölü  nəbzini kamil bir qüvvə ilə tutaraq onları mənəvi diriliş nuruna qərq etməsi insanlığa bəxş edilən əmsalsız bir mükafat olmuşdur. Hər yönü ilə kamil bir insan olma məktəbinin fəxri rəhbəri Hz. Muhamməd (s.ə.s) aləmlərə həyat verəcək kamil bir insan olmağa dəvət (vida) xütbəsində belə buyururdu:

      Ey insanlar! Sözümü yaxşı dinləyin. Sizə kimin həqiqi müsəlman olduğunu söyləyimmi? Əsl müsəlman dilindən və əlindən insanların əmin olduğu kimsədir. Kimin həqiqi mömin olduğunu xəbər verimmi? Əsl mömin insanların malları və canları barəsində həmin mömin bəndəyə güvəndiyi kimsədir. (insan üçün yaradılmış bu aləmdə hər bir varlığın şərindən qorxduğu deyil, sədaqətinə güvəndiyi şəxsdir) Kimin mühacir olduğunu söyləyimmi? Əsl mühacir, (bütün varlıqlara qarşı) xəta və günahları tərk edən kimsədir. Əsl mücahid də (onu rəzillərin rəzili edən) nəfsi ilə mücahidə edəndir ”.

      İnsan övladının önünə açılan qurtuluşa dəvət şansını dəyərləndirməsinin bu mübarək yolu başlarına tac etmiş qulluq ərlərinin Haqqın müstəsna dəvətçisi olan Rəsulullaha  məhəbbətlə yoğrulan qulluq sərmayəsinə müəyyən nisbətdə talib olmaqla mümkün olacağı şübhəsizdir. Çünki Rəsulullaha könül varisi olma səltənətinin əsrdən-əsrə ötürülən diriliş nuruna qərq olanlar məhz onlardır. Bu nur ilə Allaha (c.c) yönələn və Ona sonsuz məhəbbət bağları ilə sarılaraq müdhiş bir qulluq təntənəsini yaşayan bəxtiyarların  mükəmməl bir irfan aynasına çevrilən qəlbləri ilə tamaşa etdikləri möhtəşəm səhnələrə qibtə ilə baxmamaq mümkün deyil.  Rəbbimizin sevdiyi bəndələrinə ikram etdiyi müşahidə şərbətini doya-doya içən Mövlana həzrətlərinin irfan aynasına əks olunanlar Allah (c.c) və Rəsuluna (s.ə.s) varma istiqamətində  könül yolçuluğuna çıxanlara yürümə cığırı açacaqdır. Zülmətin bəsləmiş olduğu cahilliyi, nadanlığı, zülmü və rəzilliyi ilahi rəhmət nurunun fövqəladə şəfəqləri ilə əridərək həqiqət dənizinə dalan  Hz. Mövlana belə buyurur:

      Ya Rəsulallah(s.ə.s)! Mübarək bədənin Qədir gecəsi kimidir. İnsanlar onun şərəfinə bərəkətlər əldə edərlər. Ruhun da ayın on dördü kimi parlaqdır. Onun şərəfinə (aləmləri sarmış olan) qaranlıqlar yox olub gedər. Ya Rəsulallah(s.ə.s)! Sən nə möhtəşəm məğfirət dəryası, bağışlama dənizisən ki, hər kəsin günahlarını orada yuyub təmizləyirsən. Ya Rəsulallah(s.ə.s)! Yoxsa Sən Lövhi-Məhfuzsanmı ki, ilham sahibi olanlar qeyb dərsini Səndən alıb öyrənirlər. Ya Rəsulallah(s.a.s)! Yoxsa Sən rəhmət xəzinəsisənmi ki, Haqqa yaxın olanlar (təqva) libasını oradan alıb geyinərlər”.

      Haqqa dəvət ruhunu zaman və məkan sərhədləri tanımadan təlim edən Rəsulullahı (s.ə.s) qəlblər məhz bu mükəmməlliklə tanımalıdır. Allahın (c.c) hüzuruna layiq kamil bir insan olmağa dəvət yükünü də, təbiidir ki, bu kamilliyə ömür sərmayəsini üsulu ilə sərf etmiş və zəfər qazanmış kamil bir dəvətçi çəkə bilər. Bu istiqamətdə önəmli çalışmaları ilə son dövrün dəvət mücadiləsinə Əsri-Səadət bərəkəti və feyzi bəxş etmiş Musa Topbaş əfəndi  Rəsulullahın  Haqqa dəvət çağırışları ilə Allaha (c.c)  kamil və vəfalı bir qul olaraq yetişmənin incəliklərini belə  açıqlamaqdadır:

      Ömrüm boyunca Allaha (c.c) qul olmağa çalışdım. Möminə yaraşan da onun səviyyəli bir qul olmasıdır. Allaha (c.c) qulluqdan başqa hər şey boşdur. Xidmətlə yorulan xidmətlə dincələr. Ömrüm ağlamaqla keçdi. Mərhəmət hər şeyin başıdır. Dünya da boşdur, axirət də.  Tək həqiqət Haqq-Təalanın rizasıdır!”

       

       

      • Hits: 172 clicks

      Tecox component by www.teglo.info