Ramiz MƏMMƏDOV FİL ORDUSUNUN AQİBƏTİ

      Share

      İnsan oğlu hansısa məsələni teorik olaraq öyrənməkdənsə müşahidə edərək öyrənməyə daha çox meyilli olur. Bunun üçündür ki, orta məktəblərdə fizika, kimya laboratoriyaları qurulmuşdur. Beləliklə, şagirdlər teorik olaraq öyrəndiklərini praktiki olaraq görərək o mövzunu daha yaxşı anlayarlar.

      Bu mənada Allah-Təala öz qüdrətini göstərməsi, insanlarda Allah inancını artırması baxımından tarixdə bir çox möcüzələr xəlq etmişdir. Bu hadisələrdən biri də Kəbəni yıxmaq üçün gələn bir ordunun ibrətamiz sonudur. Qurani-Kərimdə bu hadisə adını da həmin ordunun əsas əzici gücü olan fillərdən alan “Fil” surəsində anladılır. Surə bu ayə ilə başlamaqdadır:

                   “Ya Peyğəmbər! Məgər Rəbbinin fil sahiblərini (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusunu) necə  (məhv) etdiyini görmədinmi?!”

      Həbəşistanın valisi olan Əbrəhə qarşısına keçən hər şeyi əzib keçən fillərdən ibarət böyük bir ordu ilə Kəbəni yıxmaq üçün yola çıxmışdı. Ancaq niyyətlərinə çatmadan qeyri-adi bir hadisə ilə darmadağın olub geri dönmək məcburiyyətində qaldı.

      Bu hadisənin bir çox şahidləri Hz. Muhammədə (s.ə.s) peyğəmbərliyin verildiyi dövrə qədər yaşamışdır. Hətta həmin ordudakı filləri çəkən iki nəfərin kor olaraq Məkkədə diləndiklərinə dair rəvayətlər də vardır. Bundan başqa, bu hadisənin ərəblər üzərindəki təsirinin böyüklüyündən irəli gəlir ki, həmin ilə “Fil ili” adı verilmişdi.  Belə ki, artıq filan hadisə fil ilində, filan şey fil ilindən iki il əvvəl və ya beş il sonra kimi ifadələrlə tarix müəyyənləşirdi. Hz. Peyğəmbər də elə həmin fil ilində doğulmuşdu.

                  “Fil” surəsində Allah-Təala insanların diqqətini fil ordusuna qarşı nə etdiyinə yox, həmin ordunu necə məhv etdiyinə çəkmişdir. Beləliklə, bir ordunun məhv edilməsindən çox onun necə, nə cür dağıdılmasına diqqət çəkilmişdir. Çünki insanlar bir hadisənin keyfiyyətini ancaq onun necə əmələ gəldiyini müşahidə etdiklərində daha yaxşı  qavrayarlar. Məsələn, bir insandan özü kimi bir insanın əmələ gəlməsi əslində böyük bir hadisə olmasına baxmayaraq, alışılmış bir hal olduğu üçün insanların diqqətini çəkməz. Ancaq onun yaradılışının necəliyinə baxıldıqda insanlar heyrətdə qalar və bu yaradılışın keyfiyyətinin böyüklüyü daha yaxşı idrak olunar. Bunun üçündür ki, bu surədə Allah-Təala fil sahiblərinə nə etdiyini yox, “necə etdiyini görmədinmi?” deyərək peyğəmbərin timsalında insanların diqqətini bu hadisənin cərəyan formasına çəkməkdədir (ayədə işlənən “kəyfə” kəlməsi ərəbcədə “necə?, nə cür?” mənasına gəlir).

                  İkinci ayədə “Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!” buyurulmaqdadır. Bilindiyi kimi, Əbrəhənin əsas məqsədi Məkkəni işğal etmək deyildi. Onun əsas niyyəti müqəddəs bir yer kimi ən çox ziyarət olunan Kəbəni yıxaraq ora gələn insanları Səna şəhərində tikdirdiyi Külleys adında kilsəyə cəlb etmək idi. Allah-Təala onun bu hiyləsini boşa çıxartdı. Məkkəyə 17 km məsafə qalmış fil ordusu dayanmaq məcburiyyətində qaldı. Buraya çatanda fillərin böyüyü olan Mamud adındakı fil dayandı, bir addım da irəli getmədi. Daha sonra üçüncü ayədə buyurulduğu üzrə Allah-Təala:  “Onların üzərinə qatar-qatar (əbabil) quşları göndərdi”. Ayədə quşların adlarının qeyri-müəyyən olaraq ifadə olunmasından bu quşların daha öncə bilinməyən, görülməyən bir quş sürüsü olduğu anlaşılmaqdadır. Bu quşlar, yenə Quran ifadəsi ilə desək, “Onların üstünə bişmiş gildən düzəlmiş daşlar atdı”.  Rəvayətə görə, atılan bu daş insanın başından girsə, topuğundan çıxırdı. Eyni zamanda bu daşın dəydiyi adam sağalmaz yara alırdı. Allah-Təala quşlar tərəfindən atılan daşlarla dəlik-deşik olan Əbrəhənin ordusunun yara-bərə içərisində qaldığını ifadə etmək üçün onları sonunda qurd-quş, həşəratlar tərəfindən yeyilərək məhv olmuş bir tarlaya bənzədərək sonuncu ayədə belə buyurmaqdadır:

      “(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!”

                  Allah-Təalanın Əbrəhənin o möhtəşəm ordusunu kiçicik quşlarla darmadağın etməsində, əlbəttə, bir çox hikmətlər vardır. Bunlardan bizə görə ən önəmlisi özünü böyük və məğlubedilməz görən bir kafir ordusunu yox etməyin Allahın əlində kiçicik bir quşun kiçicik dimdiyində daşıdığı kiçicik bir daşla öldürəcək qədər çox asan olduğunu göstərməsidir. Bunun yanında,  bu hadisə  50 gün sonra doğulacaq Hz. Peyğəmbərə bir ikram, möminlər üçün müjdə, kafirlər üçün də bir imtahan vəsiləsi idi. Beləliklə, sanki bu möcüzə Allah-Təalanın gələcəkdə göndərəcəyi peyğəmbəri əvvəla Məkkəlilərin, sonra da digər müşrik, kafir və əhli-kitabın rahat qəbul etmələri üçün bir hazırlıq xarakteri daşıyırdı.

                   .

       

       

       

      • Hits: 125 clicks

      Tecox component by www.teglo.info