Fuad QULİYEV FİTRƏTƏ ÜSYAN: LUTİLİK

      Share

      İnsan sosial varlıq olaraq daim toplu yaşama ehtiyac duyar. Adının cəmiyyət olduğu toplu yaşamda sağlam həyat tərzinin təsis edilməsi üçün fitrətin tələblərinə riayət etmək vazkeçilməzdir. 

      İnsanların narahat olmayacağı ortaq əxlaq prinsipləri başda olmaqla bir çox normaları ehtiva edən daşıyıcı ana sütunlar vardır. Bu sütunlar zəif olduqda və ya ümumiyyətlə ortadan qaldırıldıqda cəmiyyətin çöküşü qaçınılmaz olar. Əslinə baxdığımız zaman tarixin hər dövründə əxlaq dəyərləri və normaları cəmiyyətin müxtəlif təbəqələrində mübahisəli bir məsələ kimi ələ alınmış və dini təməllərə söykənməyən normalar ciddi problemlərin ortaya çıxmasına və cəmiyyətin əxlaqi cəhətdən çalxalanmasına səbəb olmuşdur. Bu problemlərdən biri də məhz fitrətə zidd olan hal, hərəkət və davranışlardır ki, bəzi hallarda insanlar onlara meyl edərlər. Qurani-Kərimdə müxtəlif vəsilələrlə insanlar və digər canlılardakı cinsiyyət fərqlilikləri vurğulanaraq bütün canlıların cüt yaradıldığı xəbər verilməkdədir.

      “Ey insanlar! Sizi tək bir nəfsdən yaradan və ondan cütünü yaradıb ikisindən də bir çox erkək və dişini törədən Rəbbinizdən qorxun..” (ən-Nisa, 4/1)

      “Hər şeydən cüt-cüt yaratdıq ki, düşünüb nəsihət alasınız”. (əz-Zariyat, 51/49)

      Bu və buna bənzər bir çox ayələrdə fərqli cinsdə yaradılış və bunun hikmətləri vurğulanarkən cəza məsuliyyəti və iradə hürriyyəti məsələsində bütün insanlar bərabər hüquqlu qəbul edilərək cinslər arası bir ayırım edilməmişdir.

      Dinimizdə qadın və kişi olaraq yaradılan hər cinsin özünəməxsus xüsusiyyətlərini qorumaları tələb edilmiş, ayrıca hər cinsin fitrətinə uyğun quruluş və həyat tərzini davam etdirməsi, qadının xarakter ve cinsiyyət etibarilə kişiləşməməsi və ya kişinin qadınlaşmaması şəklində, doğuşdan gələn xüsusiyyətlərini davam etdirməsi üçün hüquqi tənzimləmələr aparılmışdır.  Bu cümlədən Hz. Peyğəmbər (s.ə.s) qadına oxşamağa çalışan kişilərin və kişilərə oxşayan qadınların lənətləndiyini bildirmiş (Buxari, Libas 61-62), hüzuruna gətirilən və özünü qadınlara bənzədən (müxənnəs) bir şəxsi sürgünə göndərmişdir. (Əbu Davud, Ədəb, 61)

      Tarixdə Lut qövmü və onların həmcinsləri ilə olan çirkin münasibət və feillərinə görə həlak edilərək daşa döndərilmələri günümüzdə ibrət olması baxımından, həqiqətən, çox vacib faktdır ki, Qurani-Kərimdə bir çox məqamda bu mövzuya təmas edilmişdir. Günümüzdə də Lutiliyə bənzər cərəyanlar ortaya atılmışdır ki, eynilə həmin qövmün mənsubları kimi həmcinslər arasında münasibətləri normal və təbii həyat tərzi kimi qəbul etdirməyə çalışırlar. Əxlaq normalarının heçə sayıldığı bir çox ölkə və cəmiyyətlərdə məhz həmin dünya görüşünə mənsub olan şəxslərin tələbləri qəbul edilmiş və onlara müəyyən “hüquqlar” (?!) tanınmışdır. Qeyd etmək lazımdır ki, LBGT adlanan (lezbiyenlik, biseksuallıq, geylik, transseksuallıq) həmin cərəyanın geniş vüsət alması üçün müəyyən mərkəzlər maddi güc və enerjilərini sərf edərək sağlam cəmiyyət və onun təməllərinin yıxılması, bir sözlə, sağlam nəsil və gələcək anlayışının davam etdirilməməsini təməl hədəf olaraq görməkdədir.

      İstər livata suçunu işləyən, istərsə də qarşı cinsə bənzəməyə çalışan şəxslərdə fizioloji və bioloji bir çatışmamazlıq mövcud deyildir. Belə olan halda bu şəxslərin öz cinsləri üçün tərtib edilən hökmlərdən başqa hökmlərə tabe olmaları qəbul edilə bilməz. Belə ki, bu şəxslər əxlaqi və psixoloji azğınlığa şüurlu olaraq girmiş, odur ki, öz fitri və əsl kimliklərini inkar mənasına gələn əməllər törətmiş olurlar. Vəziyyət belə olduqda həmin şəxslər üçün bəzi profilaktik tədbirlər alınması təbii və qaçınılmazdır.

      Fitrət qanunlarına uyğun olaraq hər cinsdə olduğu kimi, insan cinsinin də erkək və dişi olmaqla fərqli cinsiyyət kimliyinə malik şəkildə dünyaya gəlməsi əsasdır. Ancaq insanların qadın və erkək olaraq cüt halda yaradılmasının istisnaları da vardır. Hər cür yaratma qüdrətinə malik olan Allah (c.c.) insanların bir hissəsinin cinsiyyətlərini dərk edəcəyimiz və ya edə bilməyəcəyimiz hikmətlər səbəbilə problemli olaraq yaratmış ola bilər. Bu cür pozuqluq normal qəbul edilərək bu kimi vəziyyətlərə görə bəzi dini və hüquqi hökmlər tənzim edilə bilər. Ancaq bu kimi halları istismar etmək məqsədilə həyatın bütün sahələrinə təbii bir hadisə kimi yaymağa çalışmaq yolverilməzdir.  

      Cinsi inkişaf pozuqluğu tibbin hansısa bir sahəsi ilə əlaqəli olduğu kimi, bunun həmin şəxs baxımından da bir imtahan olduğu unudulmamalıdır.

      İnsan, əlində olmayan bir səbəbə görə fərqli fizioloji və psixoloji nöqsanlarla dünyaya gəlmiş ola bilər. Buna baxmayaraq Allahın iradəsinə uyğun hərəkət etməyi, fitrətində gizli kodlara görə yaşamağa cəhd etməyi özü üçün qulluq vəzifəsi olaraq görməlidir.

       

      • Hits: 157 clicks

      Tecox component by www.teglo.info