Müşfiq XƏLİLOV ALLAHIN HƏDLƏRİ

      Share

      Din sahəsində əmr vermək və qadağan etmək kimi səlahiyyətlər yalnız Uca Allaha aiddir. Çünki yaradan Odur. Yaşadan Odur. Ruzi verən Odur. Öldürüb daha sonra yenidən dirildən Odur. Halalı və haramı da bildirən yenə Odur.

      O halda dünya və axirətdə xoşbəxt olmaq istəyən hər bir müsəlman Uca Allahımız tərəfindən edilməsi, işlədilməsi, yeyilməsi, içilməsi qadağan edilən şeylərə yaxınlaşmamaq məcburiyyətindədir. Bunlar Allahın qoymuş olduğu müəyyən hüdudlardır. Allahın qoyduğu hədlərə riayət etməmək insanın dünyasına və cisminə təsir etdiyi kimi, Allahın qəzəbinə də səbəb olar. Hər bir müsəlman bu hüdudları keçməməyə səy göstərməlidir. Bu hüdudları keçən kimsə, necə deyərlər, həddi aşmış olar.

      Uca Allah təmiz və faydalı olan şeyləri halal, çirkin və zərərli olan şeyləri də haram qılmışdır. Bunun üçün Onun halal dediyi hər şey təmiz və faydalı, haram dediyi şeylər də  çirkin və zərərlidir.

      Uca Allahın haram qıldığı xüsusların hamısını burada sıralayıb saymaq mümkün deyildir. Bu baxımdan haramların təməl xüsusiyyətlərindən dörd maddəni qısaca olaraq sizlərə çatdırmağa çalışacağam:

      1-Haram qılmaq səlahiyyəti yalnız Allaha məxsusdur.  Vəzifə və rütbəsi, dini və məqamı nə olursa olsun, heç bir kimsənin hər hansı bir şeyi haram və ya halal etmə haqqı və səlahiyyəti yoxdur. Peyğəmbərlərin belə öz istəklərinə görə haram qılma hüququ yoxdur. Onlar yalnız Allahın hökmlərini təbliğ edirlər.

      2-Allahın haram qıldığı bir şeyə halal, halal qıldığı bir şeyə də haram demək küfrdür; Allaha şərik qoşmaqdır. Məsələn, bir kimsənin: “Mən içki içirəm, ancaq sərxoş olmuram. Özümü itirmirəm. Heç kimə zərər vermirəm. Bunun üçün də  içki içmək mənə və mənim kimilərinə haram deyildir” deməsi Allahın haram qıldığı bir şeyi halal saymaqdır ki, bu da küfrdür.

      Uca Allah şərəfli kitabımız Qurani-Kərimdə bu həqiqətdən belə bəhs edir:

      “Yoxsa müşriklərin Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şəriklərimi vardır?” (əş-Şura, 21)

      “De ki: Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: (Bunu  deməyə) Allah özü sizə izin verdi, yoxsa Allaha iftira atırsınız?”   (Yunus, 59)

      3-Harama aparan hər yol və vasitə də haramdır.  Uca dinimiz İslam çirkin və zərərli olan bir şeyi haram qılarkən o harama aparan yolları və vasitələri də haram qılmışdır. Belə ki, zina etmək haram olduğu kimi, zinaya yaxınlaşdıran hər cür davranış və hərəkətlər də haramdır.

      Qadın-kişi bərabər bir yerdə oynamaq,  açıq-saçıqlıq, insanın şəhəvi hisslərini oyandıran rəsm və musiqi də haramdır.

      Qadının kişiyə, kişinin də qadına bənzəməyə çalışması haramdır. Bu barədə İbn Abbas (r.a) belə demişdir:

      “Allah Rəsulu (s.ə.s) qadınlara bənzəməyə çalışan kişilərlə kişilərə bənzəməyə çalışan qadınlara lənət etmiş və: “Onları evlərinizdən çıxarın” buyurmuşdur”. (Buxari, Riyazus-salihin, 1662)    

      İçki içmək haram olduğu kimi, içki  emal  etmək, almaq, aldırmaq, satmaq, satdırmaq, onun ticarətini edib pulunu yemək də haramdır. Hz. Ənəs (r.a) belə deyir:

      “Allah Rəsulu (s.ə.s) içki xüsusunda on cür adama lənət etmişdir: (Bunlar) içki emal etmək üçün üzüm sıxan, sıxdıran, içən, daşıyan, özü üçün daşınan, satan, pulunu yeyən, satın alan, özü üçün satın alınan (kimsələrdir)”.  (Əbu Davud, Tirmizi, Tac, 199)

      4-Haram xüsusunda hiylə etmək də haramdır.     

      Haram olan bir şeyin adını dəyişdirərək və ya bəzi səbəblər irəli sürərək o haramı işləmək də haramdır. Şəhəvi hissləri oyandıran rəsm və musiqilərə “incəsənət” adı vermək, faizə “sərmayə karı” deyərək yemək onların   haramlığını  halal etməz.   

      Necə ki, Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurur:

      “Ümmətimdən bir qrup başqa bir ad qoyaraq içkini halal sayacaqdır”. (Buxari, Kitabül-əşribə, 6)

      “Elə bir zaman gələcəkdir ki, insanlar faizi ticarət adı altında halal sayacaqdır”. (İbnül-Qayyum, İğasətül-Lahfan, 352)

      Qətiyyətlə bilinməlidir ki, Uca Allah insanlar üçün faydalı olan və həqiqətən ehtiyac duyulan heç nəyi haram qılmamışdır. Haram da müəyyən, halal da müəyyəndir. Haramlara möhtac olmayacaq qədər halal vardır. Halallarla yetinməyib haramlara əl uzatmaq həddi aşmaqdır. Haram olan bir şeyin haramlığını qəbul etməmək küfr, o haramı  işləmək də böyük günahdır. Allah Rəsulu (s.ə.s) buyurur:

      “Diqqət edin, hər hökmdarın (girilməsi qadağan olan) bir qoruğu vardır. Xəbəriniz olsun ki, Allahın qoruğu da (Onun) Haram qıldığı şeylərdir”.  (Buxari, Müslim, Əbu Davud, Tirmizi, Tac, c. ıı, s. 193.)

       

      • Hits: 179 clicks

      Tecox component by www.teglo.info