Alpay AZƏR BALINCIN ALTINDAKI PULLAR Hekayə

      Share

      Üzə vurmasam da, molla Vəliylə heç aram yox idi, elə bilirdim, cibinə pul axsın deyə, ayda üç-dörd adamın ölməsini arzulayır. Tək bizim qəsəbədə yox, qonşu kəndlərdə də kimsə öləndə, gəlib onu aparırdılar. 

      Bir dəfə bəxtindən üç ayın içində qəsəbəyə Rusiyada kriminal atışmalarda öldürülən doqquz adamın meyitini gətirmişdilər, hamısının hüzründə də harda aş, orda baş məsələsi.

      Qırx məclislərində moizələrinə ara verən kimi, cavanlardan üç-dördü mütləq onunla məzələnməliydi. Şitlik edənlər də olurdu: “Hacı, adam öləndən sonra inkir-minkirə hörmət eləmək mümkün olsa, görən, adamı sorğu-suala tutmamaqçün nə qədər pul istəyərlər?” Ərinmədən səbirlə cavab verirdi belə suallara. “Ay kişi, görmürsən səni doluyurlar? Hələ durub həvəslə hər axmaqla əngə verirsən,” - ürəyimdə danlayırdım onu. Sonra sual verən sırtığa baxıb görürdüm, üzündəki ifadə yavaş-yavaş dəyişir, başını tərpədə-tərpədə diqqətlə qulaq asır deyilənlərə. “İndi başa düşdün, ay oğul?” - Molla Vəli bu sualı verəndə, cavan oğlanın şitliyindən əsər-əlamət qalmırdı, peşmançılığın elə bir həddinə gəlib çıxırdı, sanırdın, sabahdan namaza başlayacaq. Başa düşə bilmirdim, molla bu cür suallara həvəslə cavab verəndə, özünü bicliyə qoyurdu, yoxsa doğrudan, cavanların onunla məzələndiyini hiss etmirdi, sonda birincini seçirdim, elə bilirdim, pulpərəstliyini bir növ, məsum sadəlöhvlük maskasıyla ört-basır edir.

      Budur, bir əlində Quran, o birində kəhrəbalı sarı təsbeh mağara daxil olub yastı addımlarıyla keçdi yuxarı başa. “Rəhimallahu mən yəqrəu bil fəətihə....” Ölən (xərçəngdən) qırx iki yaşlı qonşumuzuydu, məktəbdə oxuyan üç qızı atadan yetim qalmışdı. Molla Vəli isə Qiyamət günü haqda moizələriylə beynimi deşirdi. O biri tərəfdən də şeytan sanki özünü vermişdi yanıma: “Qayıdıb deyəsən, hacı, onsuz da bir Allah Qiyamət gününün vaxtını bilir. Sən başqa şeydən danış. Olmazdı ki, Allah-Təala imkan verəydi, bu bədbəxt qızlarını oxutdurub ərə verəydi, heç olmasa, bircə nəvə görəydi? Ya sual verəsən, hacı, sən özün necə, bircə oğlun rəhmətə getsə, beləcə rahat... Lənət sənə şeytan”.

      Bir dəfə məhəllədə mollaların Fatihə, Yasin oxumalarına görə pul almaq məsələsi üstündə dostlarımla bərk mübahisəm olmuşdu. Eldarla Tural bunu Quranla alver eləməyə bərabər tuturdu. Mənsə demişdim ki, yayın istisində, qışın soyuğunda qəbiristanlıqda Yasin oxuyurlar, səhərdən axşama qədər mağarda məclis aparırlar, halal pulla ailə saxlayırlar da. Sonda soruşmuşdum ki, bütün bunları pulsuz eləməlidilər. Dostlarım yenə öz dediklərindən əl çəkməmişdi: “Getsinlər özlərinə peşə tapsınlar, nə məcburdu mollalıq eləsinlər”.  - “Hə, qəsəbədə iş o qədər çoxdu ki, yığıb-yığışdıran yoxdu, - demişdim. - İkincisi, bu adamların bacardığı elə moizə oxumaqdı, biz onları tutaq ki, Quranı düz, yoxsa səhv oxuduqlarına görə qınaya bilərik, mollalıq elədiklərinə görə yox”.

      Molla Vəlinin üç qızdan sonra dünyaya gələn oğlu Cəfərin iyirmi üç yaşı olanda, dostlarının köməyilə Rusiyanın Urenqoy şəhərinə işləməyə getdi. Əvvəllər qəsəbədəki marketdə malları maşından boşaldıb anbara yığmaqla beş-on manat qazanan Cəfər bir müddət sonra Urenqoyda maşın təmiri sexi açdı, işləri yaxşı gedəndə, şəhərin bir neçə yerində təkər təmiri sexləri işlətməyə başladı. Bu xəbərlər qəsəbəyə gəlib çatanda, cavanlar zarafatla öz aralarında danışırdılar ki, yəqin bundan sonra molla Vəli evində oturub arvadıyla bir yerdə oğlunun göndərdiyi pulları xərcləyər, vaxtını qız nəvələriylə oynamaqla keçirər. O isə yenə kəndlərə gedib hüzr məclislərini apara-apara arada cavanların şit, duzlu atmacalarını dəf eləməyindəydi...

      -Ay hacı, oğlun maşallah, yaxşı qazanır, axı nə məcburdu bu yaşında hüzrlərə gedib özünü yorursan? Sənin indi nəvələrinnən oynamaq vaxtındı, - bir dəfə Tural dedi.

      -Sən malı mala qatma, nəvə ayrı, baba ayrı. Nə qədər canım sağlamdı, mollalıq eliyəcəm. Qaldı ki, nəvələrə, harda görünüb, baba səhərdən axşama qədər öz nəvələriylə oynasın, hə? Bir də, mən hər gün hüzrdə olmuram ki, nəvələrimi görməyəm. Ona görə sən narahat olma, lazım olan qədər vaxt tapıram onlara.

      -Hacı, sirr deyilsə, yaslarda qazandığın pulları neyniyirsən? - ilk dəfəydi hacıya sataşırdım.

      -Neyniyəcəm, balışımın altına qoyuram, - sənə nə oldu birdən-birə? ərkiylə mənə baxdı.

      -Onda yata bilməzsən axı. Başın dik vəziyyətdə qalar, boynun ağrıyar, - dediklərim özümə necə ləzzət elədisə, az qala çönüb yanımdakı dostuma göz vuracaqdım.

      -A bala, sən lap uşağıymışsan ki. Bəyəm bizim evdə bir dənə balış var? Əsas odu Allah ruzimi bol eləsin, bəlkə düz demirəm? Yoxsa qazandıqlarımın Allah ruzisi olmağına şübhən var?

      -Yox, əstağfurullah, o nə sözdü, hacı. Allah ruzini beşqat artırsın.

       “Zibilə düşmədik. Söhbəti elə fırlatdı, buna beşqat ruzi arzu elədim. Acından ölür elə bil”.

      -Hacı, bir şey soruşum, İslamda sədəqə vacibdi, yoxsa müstəhəbdi?

      -Hə, bu, başqa məsələ, - molla razılıqla köks ötürdü. - Dinimizə görə sədəqə müstəhəbdi, amma vacibə yaxın müstəhəbdi...

      “Qayıdıb sual verəsən, sel kimi gələn pulları balıncların altına yığmaq da müstəhəbdi?”

      Moizələrinin birində qabağa çıxmış qarnını sığallayanda, narazı-narazı başımı buladım. Ölən qoca kişiydi, molla Vəli rəhmətliyin oğluyla şirin-şirin söhbət edirdi, arada hər ikisi xısın-xısın gülürdü. Plov yeyəndən sonra dünyanın ən tox və qayğısız nümunələrindən biri olan molla Vəli halvayla çay içməklə mənə sanki yandıq verirdi. Yaşıdım olsaydı, qırağa çəkib deyərdim, sədəqəni vacibə yaxın müstəhəb sayırsan, amma qazandığından kasıb-kusuba bir manat belə sədəqə vermirsən. Əminiydim ki, o mövzuda suallar versəm, həmişəki kimi məzəli cavablarıyla məni başından edəcəkdi, onda lap əsəbiləşəcəkdim. Həm də mollayla məzələnmək artıq məni bezdirmişdi.

      (ardı var)

       

      • Hits: 149 clicks

      Tecox component by www.teglo.info