Firdovsi HƏSƏNOV CÜMHURİYYƏT DÖVRÜNDƏ MİLLİ MÜDAFİƏ

      Share

      Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli işlər görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, 

      general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynadılar. Onların rəhbərliyi ilə ordu quruculuğu 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Cümhuriyyətinin təhlükəsizliyinin təmin edilməsi missiyasını da  hələ Cümhuriyyətin qurulduğu ilk vaxtda ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Hazırki Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk Milli Xüsusi Xidmət Orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür.

      Milli Şura Azərbaycan Cümhuriyyətinin hürriyyətini elan etdikdən sonra dövlətin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat hadisələrinin qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün müstəqil xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Daha doğrusu, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qüvvələrin (denikinçilərin, ingilislərin, bolşeviklərin, ermənilərin və s.) təxribat və  pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyini göstərirdi. Lakin hürriyyəti yenicə elan edilmiş Azərbaycan Cümhuriyyətinin maddi imkanları, kadr potensialı, hökumətin hələlik müvəqqəti paytaxt seçdikləri Gəncədə yerləşməsi və Bakıya daxil ola bilməmələri, mükəmməl təhlükəsizlik orqanı yaratmaq üçün ənənənin olmaması belə bir həyati əhəmiyyətə malik olan addımın reallaşmasına çətinlik törədirdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı.

      Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu. Ölkənin xarici müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, başlıca məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi. 1919-cu il martın 28-də Hərbi nazir Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi.

       

       

      S.Mehmandarov kəşfiyyat işini bir qədər geniş planda nəzərdə tutmuşdu. Belə ki, onun fikrincə, Hərbiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Sərhəd Xidmətinin strukturunda kəşfiyyat işi ilə məşğul olan müvafiq bölmələr (hərbi attaşe, səfirliklər, həmsərhəd ərazilər) yaradılmalı, əks-kəşfiyyat işi ilə isə Daxili İşlər Nazirliyi məşğul olmalı idi. Kəşfiyyat və əks-kəşfiyyat qurumları Dövlət Müdafiə Komitəsinə tabe edilməli idi. Səməd bəy Mehmandarov təhlükəsizlik işi ilə məşğul olan ayrıca bir qurumun yaradılması fikrindən uzaq idi. O, bu işlə mövcud olan üç orqanın məşğul olmasının tərəfdarı kimi çıxış edirdi. Təhlükəsizlik məsələləri ilə bağlı S.Mehmandarovun planları həyata keçməsə də, bu həyati əhəmiyyətə malik məsələ dövlət rəhbərlərinin daim diqqət mərkəzində idi.

      1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi Məmmədbağır Şeyxzamanlı təyin olunur. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində "Müsavat" fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilir. Məmmədbağır Şeyxzamanlı vəzifədən azad olduqdan sonra bu vəzifəyə onun  qardaşı Nağı Bəy Şeyxzamanlı təyin edilir.

      Bolşeviklərin pozuculuq fəaliyyəti nəticəsində respublikada vəziyyətin mürəkkəbləşməsi və müxtəlif parlament cərəyanları və partiyalar arasında siyasi mübarizənin gərginləşməsi nəticəsində 6 mart 1920-ci ildə Əksinqilabla Mübarizə Təşkilatı buraxıldı.

      M.Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdi. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M.Şeyxzamanlı Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.

      N.Şeyxzamanlı isə  mühacir həyatı keçirməyə məcbur olmuş, bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşamışdır. 

      Beləliklə, 1920-ci il 28 aprel müdaxiləsi ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qalmış oldu.

       

      Mənbə:

       

      Azərbaycan Respublikası MAİ, f. 898, siy. 2, iş. 5, v. 101

      “Azərbaycan təhlükəsizlik orqanları: 1918 - 2015 – ARAŞDIRMA”.,  Ölkə.az Xəbər Agentliyi, Bakı 19.10.2015,

      http://olke.az/news/detail/azerbaycan-tehlukesizlik-orqanlari-1918-2015-37170

      Cəlal Qasımov., “Azərbaycan Xalq Cümhuriyyəti Orqanları 1918-1920”, Bakı 2018, səh 57.

       

       

       

      • Hits: 162 clicks

      Tecox component by www.teglo.info