155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV MƏDYƏN VƏ EYKƏ

      Share

      Uca Allah Qurani-Kərimdə bizlərə sadəcə şəriət qaydalarından, əxlaqi dəyərlərdən, ibadət formalarından bəhs etmir. Eyni zamanda tarixən yaşamış peyğəmbərlərdən, qövmlərdən, onların qissəllərindən də söhbət açır və

       düçar olduqları ictimai xəstəliklər ucbatından necə həlak edildiklərindən xəbər verir. Qurani-Kərimdə qeyd olunan hər bir peyğəmbərin  qissəsindən alınacaq ayrı-ayrı ibrətlər və dərslər vardır. Hər birisi insanları, əvvəlki qövmlərin düşdükləri fərdi, ictimai əxlaqsızlıq və inancsızlıq bataqlığına düşməməyə, həyatın, ölümün əsl həqiqətlərini dərk edib anlamağa çağırır.

      Adəmin (ə.s) övladlarının qissəsi bizə yer üzərində ilk qanın tökülməsini və səbəblərini, Nuhun (ə.s) qissəsi qövmünün Allaha şərik qoşduqları üçün necə tufana məruz qaldıqarını, Ad və Səmud qövmünün qissəsi hədlərini necə aşdıqlarını, Lutun (ə.s) qissəsi qövmünün necə həyasız və əxlaqsız hərəkətlər etdiklərini, Bəni İsrail övladlarının qissələri peyğəmbərlərə itaətsizlik etməyin çirkinliyini anladır.

      Bu mövzumuzda biz Şüeyb peyğəmbərin (ə.s) qövmü olan iki qonşu tayfa haqqında bəhs edəcək, hansı səbəbdən həlak edildiklərini görəcək və özümüz üçün lazımi dərslər çıxaracağıq. Bunlar Eykə və Mədyən xalqları idi.

      Qurani-Kərimdə adı qeyd olunan Şüeyb (ə.s) bu iki qövmün hər birinə elçi olaraq göndərilmiş, onları ayrı-ayrılıqda Allahın yoluna dəvət etmişdi. Bu iki qövmün də ortaq xüsusiyyəti tək Allaha inanmamaq, peyğəmbəri qəbul etməmək, ölçüdə və çəkidə insanları aldatmaq və fitnə-fəsad törətmək idi.

      Şüeybin (ə.s) Mədyən əhalisini haqq yola dəvət etməsi Uca Kitabımızda belə ifadə olunmaqdadır: “Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!”(Hud, 84)

      Yuxarıdakı ayədən də məlum olduğu kimi, Mədyən xalqını əzaba düçar edən iki əsas xəstəlik vardı: Biri tək olan Allaha inanmamaq; ikincisi isə ölçüdə və çəkidə ədalətsizlik edərək bir-birilərini aldatmaq idi.

      Bu pis əməlləri ilə var-dövlət yığmalarına və rifah içində yaşamalarına baxmayaraq, özlərinə göndərilən elçilərə qulaq asıb pis adətlərindən əl çəkmədikləri üçün Uca Allah tərəfindən həlak edildilər. Nəinki dəvətə qulaq asmadılar, tam əksinə, Şüeybi (ə.s) öz yurd-yuvasından çıxarıb eyni zamanda daşlamaq istədilər. Amma Allahın  və elçisinin vəd etdiyi gün gəldi və dəhşətli bir səslə həlak edilib, həmin o fərah içində yaşadıqları evlərində diz üstə çökərək qaldılar. 

      Eykəliləri də haqq yola dəvət edən Şüeyb (ə.s) nəsihətlə deyirdi: “Ölçüyə tam riayət edin və əskik ölçənlərdən olmayın. Düz tərəzi ilə çəkin. İnsanların əşyalarını əskik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin. Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!” (əş-Şüəra, 181-184)

      Gördüyümüz kimi, Eykə xalqı da eynilə Mədyənlilərin etdiyi o pis əməlləri edir, bununla yanaşı, onlara nəsihət edən Allahın elçisini də dinləmirdilər. Nəticədə bu qövm də dünyada ikən ən dəhşətli həlaka düçar oldu; səmadan üstlərinə yağan alovlarla məhv oldu.

      Bizim bu iki qövmün həlak olması qissəsindən alacağımız çox dərslər vardır. Əsasən də bu günümüzdə, insanların bir qisminin öz yaradanını nəinki inkar etmək, hətta Onu mühakimə etməyə cürət etdiyi, əziz peyğəmbərlərini qəbul etməməklə yanaşı, onlara əsilsiz iftiralar atdığı, ictimai və fərdi hüzursuzluğun çoxaldığı, mədəniyyət adına bir çox çirkinliyə rəvac verildiyi, islamdan əvvəlki cahiliyyə  toplumunda belə rast gəlinməyən bir çox çirkinliklərin yayıldığı bu çağımızda Quran qissələrindən çıxaracağımız çox dərslər vardır.

      Belə düşünülməməlidir ki, niyə bəs bu dövrümüzdə əvvəlki qövmlərin həlak olunması kimi elə qorxulu hadisələr yaşanmır? Bu mövzuda peyğəmbərimzin qiyamətə qədər Allahın belə qövmləri kütləvi şəkildə məhv etməyəcəyini bildirməsi bizə böyük bir təsəllidir. Bununla yanaşı, Qiyamət əlamətləri olaraq bir çox müsibətlərin çoxalması bizi imanımıza bir az daha sarılmağa sövq etməlidir. Günümüz insanının içinə düşdüyü mənəvi böhranlar, bir-birinə etibarın, güvənin azalması, aldatmalar, xəyanətlər, dünya həyatında xoşbəxt və firavan yaşaya bilməmək imansızlığın, mənəvi duyğulardan uzaq qalmağın əlamətlərindəndir.

       Xülasə olaraq belə deyə bilərik ki, yuxarıda qeyd olunan qövmlərin həlakından  ibrət almalı, Allaha imanımızda qəti olmalı, bizə göndərdiyi elçilərinə tabe olmalı, yalandan, fitnə-fəsaddan, toplumu bölüb parçalayan davranışlardan uzaq durmalı, ölçü və tərəzi başda olmaqla, bütün işlərimizdə, verdiyimiz sözlərdə düzgün və dəqiq olmalıyıq. 

       

       

       

      • Hits: 163 clicks

      Tecox component by www.teglo.info