Adem ŞAHİN MƏDRƏSƏ CİTY

      Share

      Bişkekdə altmış yaşlarında olan Ordulu bir xalamız təravih namazı üçün getdiyi Abdulkərim Saltuk Buğra məscidində qısa yubkalı bir qadınla namaz qıldığını, namaz boyunca gözünü yummaq məcburiyyətində qaldığını demişdi.

      Allahım, o qısa yubkalı qulunun sənə bağlılığı var ki, məscidə girib, rüku edir, səcdə edir, əl açır… Mən necə ona pis deyə bilərəm?! Pisin kim olduğunu görmək istəyən kimsə başını heç sağa-sola çevirməməlidir. Əlinə aldığı güzgünü üzünə tutaraq baxması kifayət edər.

      Başqa bir səfər qısa yubkalı bir qadın uşağının qolundan tutaraq “Oğlumu yay Quran kursunda oxutmaq istəyirəm” deyəndə heyrət etmişdim. Belə geyinənlər Quran kursunun içinə girmək nədir, qapısının yanından belə keçməzlər, deyə düşünürdüm. Qərəzli hökmlər çox pisdir. Bunlar gizli kibirin xəbərçisi ola bilər. 

      Həmişə deyirəm, qazax və qırğız qardaşlarımız tərtəmiz insanlardır. Köçəri mədəniyyəti onları saflaşdırıb; şəhər həyatının incə hesablarından və xəyanətlərindən uzaq tutub. Hər peyğəmbər çobanlıq edib. Son peyğəmbər də daxil çobanlıq etməyən heç bir peyğəmbər yoxdur. “Çoban könüllü” insanlardan qorxmamaq lazımdır. Qazax və qırğızların köklərində təmizlik və əsillik var. İslamiyyətin Anadoludan əvvəl Quran və sünnə məhəbbəti ilə yoğurduğu ulu Türkistan torpaqları mübarək yerlərdir, dəstəmazsız basmamaq lazımdır. Yolda qarşılaşdığınız  insan - kim bilir hansı alimin, hansı siddiqin, məczubun, övliyanın və ya şəhidin nəvəsidir. İçki içsə, dekolte geyinsə, rüşvət alsa, yalan danışsa belə, bir az diqqətlə baxanda soy-kökündən gələn nurun par-par parladığı görünər.

      Qısa paltarla məsciddə namaz qılmaq, qısa paltarla mədrəsənin qapısından girərək “uşağımın Quran öyrənməsi üçün gətirdim” demək artıq zəmanəmizin xüsusiyyətidir. Var olan mədəniyyətimiz elektron texnologiyalar sayəsində dünyadakı hər mədəniyyətlə qol güləşinə girişir. Uduzan uduzur, ayaqda qalan qalır… Artıq bu bir həqiqətdir ki, mədəniyyətlərin ayaqda qalması, öz-özünü yeniləməsi gün keçdikcə çətinləşir.

      Bişkekdə, Axunbayeva küçəsində yolumun üstündə “Mr.Döner`s cafe” yazılı lövhə var. Bizim dönər burada ətə-sümüyə bürünüb “mister”(cənab) olub. Ah dönər, ah!.. Türkiyədə “mister” olmadığını bilirəm. Qürbət ellər səni adam etdi? Qırğız türkcəsində cənab mənasında “mirzə”, yaxud “baykə” sözləri işlədilir. “Mirzə Dönər” desəydilər, daha xoş olmazdı? Dönərin qırğız türkcəsindəki qarşılığı “şavırma”dır. Dönər də deyirlər, şavırma da. Kəlmənin kökünə getmədim, amma şavırmanın “çevirmə” sözündən gəldiyini düşünürəm. Dönmək də elə çevrilmək deyilmi. Üst-üstə yığılmış ətlər ocaqda döndürülür/çevrilir.

      Yollardakı ingiliscə, fransızca, rusca mənşəli reklam lövhələrini artıq əvvəlki kimi qəribsəmirəm. İndi arabir qırğız türkcəsində mağaza adları görəndə bir az qəribə görünür. Öz ölkəndə öz dilində yazılmış lövhələr sanki qaydanı pozurmuş kimi bir hiss verir. Bunlar gedişata uyğunlaşmamış lövhələrdir. Bəlkə də, toxumluq olaraq saxlamaq lazımdır.
       Dönər və şavırma bizi acdırmadan yolumuza davam edək, evə çatmalıyam. Sol tərəfimdə üstündə “Arzan city” yazılan market diqqətimi çəkir. Qırğız türkcəsində “arzan” sözü ucuz mənasına gəlir. İngiliscə “city” (siti) də şəhər. Yəni “Arzan city” ucuzluq şəhəri mənasını verir. Qırğız kəlməsi ilə ingilis kəlməsini birləşdirib sanki zorakı bir evlilik qurulub. İnşallah, əbtər (qısır) olar, törəyib çoxalmaz.

      Evə doğru yol almağa davam edirəm. “Arzan city” yerində dursun, bir də “Tandır city” restoranı var. Orada mantıdan plova, samsadan (qırğız qutabı) təndir çörəyinə kimi milli mətbəxlərinə aid bir çox yeməklər var. Suşi, hamburger, çizburger yoxdur. Anadoluda da işlədilən “təndir” ilə “city” sözünün yan-yana gəlməsi qəribə səslənir. Vaxtilə “zəmzəm cola” deyə bir içki çıxartmışdılar. Zəmzəm ilə “cola” necə yan-yana gəldi? Kapitalizmin yan-yana gətirə bilməyəcəyi, istismar etməyəcəyi bir məfhum yoxdur. 

      Xarici ad işlədəndə daha yaxşı olur? Bəlkə də, yaddaqalıcı olması üçün “city” deyiblər. Görəsən, bunun səbəbi aşağılıq kompleksi ola bilərmi? İnsanların qəlbini bilə bilmərəm. Yaxşısı, mən yoluma davam edim.

      Anadoluda “Quran kursu” adı işlənsə də, xalq arasında mədrəsə olaraq bilinir. Quran kursu sözünün bu torpaqlarda tarixi kökü yoxdur. Tarix “mədrəsə” sözünün içindədir. Təxminən 20 nəsil geri getsək, hər nəsil mədrəsə sözünün mənasını bilər. Mədrəsə sözünü eşidəndə yadına Allah, Quran, axirət, cənnət-cəhənnəm düşər. “Quran kursu” sözünün bu torpaqlardakı keçmişi isə ən çox 1991-ci ildə sovetlərin dağıldığı, müstəqilliyin qazanıldığı illərə gedib çıxar.
      Evə çatanda öz-özümə fikirləşirəm: bundan sonra Quran kursumuza “Mədrəsə city” deyək, daha rahat yadda qalar, heç kim unutmaz. Əvvəllər buradakı mədrəsələr daha çox səhabə adları ilə açılardı. Məsələn, Əbu Bəkr mədrəsəsi var idi. Qırğız qəhrəmanlarından olan Kurmancan Datka adına mədrəsə var idi. Yəni adları ya dini olardı, ya da milli. İndi biz “Mədrəsə city” desək, bənzərsiz olar; zarafat edirəm, əlbəttə!..
      Lövhə adları bir yana, hələ dörd yaşına çatmayan uşağım da ara-sıra “okey” deyir, “yes” deyir. Mən onu ingilis dili kursuna göndərmədim ki. Haradan öyrəndi bunları?

      Madam ki hər kəs “city” deyə-deyə gedir, mən də modaya uyğun olaraq qəbiristanlıq yerinə “ölü city” deyəcəyəm. Cənazə ləvazimatlarını satanlar “kəfən city” deyə rəngli bir lövhə assa necə olar?

      Sözü çox da uzatmayım. Axşam azanını oxumaq üçün “namaz city”yə getməliyəm. “İrfan city”yə salamlar…
       

       

      • Hits: 162 clicks

      Tecox component by www.teglo.info