155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mübariz ƏLİOĞLU ALLAHI UNUTMAYAN KÖNÜLLƏR

      Share

       Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Yadına sal ki, Rəbbi İbrahimi bir neçə sözlə (əmrləri ilə) imtahan etmişdi, o da (Rəbbinin əmrlərini) tamamilə yerinə yetirmişdi”.(Əl-Bəqərə,124)

       Uca Rəbbimizə şükürlər və həmd-sənalar, Onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.  

      İmtahan dünyasının hər gün yenilənən qulluq tələbləri ilə qarşılaşan  insan övladının bu istəklərə  əməlləri və ya unutqanlığı ilə cavab verməsi onun  əbədi aləmdəki mövqeyinin şəkillənməsinə təsir edən mühüm bir amildir. Yəni dünya cazibəsinin insan övladının ətinə, qanına, canına yerikləyərək, İmam Rəbbaninin (r.a) ifadəsiylə, sahibini əbədi ölümə (cəhənnəmə) götürən xəstəliyə məruz qoyması ilahi həqiqətlərdən bixəbər qalmış könüllərin faciəsindən başqa bir şey deyildir. Bu qorxunc aqibətdən qurtulma çağırışları ilə meydanları nəfslərin və şeytanların hiylələrinə, oyunlarına bir an olsun buraxmayan könül təbiblərinin adəm övladının könül pəncərəsinə əbədi dirilik üfüqlərini açması necə də heyrətamizdir:

      Övladım, qorxma! Rəbbinin həqiqətdə hər daim səninlə olduğunu bildikdən sonra və Onun əmrlərinə itaətdən ayrılmadıqdan sonra qorxu yoxdur. Qorxu Ondan və bu həqiqətdən qafil olanlar üçündür. Harada olursan ol, O, səninlə bərabər olacaqdır. Bu fani dünya günlərində, qəbir aləmində, məhşərdə, axirətdə Rəbbin səndən əsla ayrılmayacaqdır”.

      Bu səbəblə də dünya həyatı könulləri Xaliqinə tanıdan, Ona sevdirən və Ona  müstəsna bərabərlik mühitində səmimi bir itaətə dəvət edən fədakarlıq yurdudur. Ataullah İskəndəri həzrətlərinin ifadəsi ilə: “Başlanğıclar yekunların təcəlli yerləridir. Kimin (dünya həyatındakı) başlanğıcı Allahla (c.c) olarsa, sonu da (axirəti də) Onunla olar”.

      Əbul-Həsən Hərəqani həzrətləri bir gün söhbətində iştirak edənlərə sual verdi: “Dünyada ən gözəl şey nədir?” Orada olanlar: “Siz bizdən daha gözəl  bilirsiniz, siz bildirin”,- dedilər. Bunun üzərinə Əbul-Həsən həzrətləri: “Ən gözəl şey Allah-Təalanı (c.c) unutmayan könüldür”,- buyurdu. Deməli,  Allahı (c.c) unutmayan bir könül sahibinə çevrilmə sənətini  sonsuz aləmlərdə sərgilənən ilahi əzəmət səhnələri ilə nəfəs alan hidayət rəhbərlərindən öyrənməklə Yaradana qarşı əbədi könül diriliyini təmin etmək mümkündür. Rəbbi ilə könül bərabərliyi iqlimində cərəyan edən iman, məhəbbət və fədakarlıq nümunələri, Allahı (c.c) unutmayan qəlblərin ilahi iznlə nələrə qadir olduğu peyğəmbərlər və Allah (c.c) dostlarının  irşad təlimlərindən aydın şəkildə sezilməkdədir. Osman Nuri Topbaş əfəndinin ifadəsi ilə: “(Rəbbini unutmayan könül sahibi olma) Həqiqətini idrak etmiş bir insanın bu dünyada boşuna sərf edəcəyi bir anı belə yoxdur”. Hz.İbrahimin   davamiyyəti sadəcə saniyələrlə ölçülən mancanaqla qızğın atəşə atılma  anında Rəbbinə qarşı sərgilədiyi misilsiz bir etimad həyəcanı qəlbi, vicdanı  iman yağmuru ilə islanmış heç bir kəsi bu yaxınlıq iqlimindən naümid buraxmayacaqdır:

       “Atıcı dəzgah boşalan kimi Hz. İbrahim (ə.s) misli olmayan bir atəş çənbərinə doğru havalandı. Havada olarkən sulara, rüzgara, yerlərə məsul olan mələklərin xilas təkliflərinə imtina cavabını verən Hz. İbrahim (ə.s) atəşə yaxınlaşdı. Alova bürünməsinə az qalmışdı ki, Hz. Cəbrayıl (ə.s) Rəbbinə belə niyaz etdi: “Ya Rəbbi! Sevgili Həbibin hörmətinə, İbrahimə qurtuluş ehsan eylə!” Bu istəyə  Uca Rəhmandan qarşılıq gəldi: “Get! Əgər səndən bir istəyi olarsa, dərhal qurtar!” Bir anda yetişən Cəbrayıl əleyhissalam Hz. İbrahimə salam verdi və onun da salamını aldıqdan sonra bunları söylədi: “Bir ehtiyacın varmı?”  “Səndən yox”,- deyə cavab verdi. “Onda Rəbbindən istə”,- deyincə, Hz İbrahim (ə.s) soruşdu: “Nə istəyim?” Cəbrayıl (ə.s) da: “Vücudunu istə, canını istə, halını Ona ərz eylə”,- dedi. Bunlara qarşılıq olaraq Hz. İbrahim (ə.s) bu möhtəşəm cavabı verdi:

      Vücudumu yaradan  (və qüdrəti ilə idarə edən) Odur! Mənim onunla nə əlaqəm var ki?! Canımı da verən Odur! O mənim bütün halımı bilməkdədir. Onun halımı bilməsi mənə yetər. Mən Onun quluyam; Diləyərsə yandırar, diləyərsə də qurtarar. O səbəbdən səndən bir istəyim yoxdur. Sən də mənim kimi aciz bir qulsan.  Mənim də, sənin də halımızı on səkkiz min aləmi Yaradan bilir”.

      Belə bir təslimiyyət üzərinə Şanı Böyük olan Allah (c.c) buyurdu: “Ey atəş! Sərin və salamat ol!” (əl-Ənbiya, 69)  Bu müdhiş qurtarışdan sonra neçə-neçə qəliz və qurtuluşu haradasa imkansız kimi görünən imtahanlardan Allahı (c.c) unutmayan könüllərin uğurla çıxacağını zamanının və onu aşan dövrlərin  nəmrudlarına elan edən Hz. İbrahim (ə.s) bunları söylədi:

      “Məni qoruyan  Mövlam burada da qoruyaraq yandırmadı. (Ey Nəmrud!) Sən demədinmi ki, “Görüm səni Allahın qurtara biləcəkmi?” Gördünmü necə qurtardı?! Bir kimsənin könlündə Allah (c.c) sevgisi olarsa, O kimsəni atəş yandırmaz!”

       

       

      • Hits: 193 clicks

      Tecox component by www.teglo.info