155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Alpay AZƏR QIZILGÜL

      Share

      Avtobus gözləyənlərin hamısı bir anda onlara tərəf çöndü.

      -Gedəssən! İt kimi gedəssən! Ağzın nədi getməyəsən! - ortayaşlı kişiydi.

      -Dedim getməyəcəm!.. Ömrümü yedin sən! Başa düşürsən, sənə nifrət edirəm!  - təxminən onun yaşında olan bir qadınıydı.

      -Özbaşınasan sən?!! Necə yəni getmiyəssən?! İt kimi gedəssən!

      Kişi qadının plaşının boyun hissəsindən tutub zorla maşına tərəf sürüyürdü. Qadın qışqırır, əl-qol atır, qurtulmaq istəyirdi. Hamı cürbəcür hissləri, fikirləri, sualları, dedikləri sözlərlə bir yerdə tamaşaçıya çevrilmişdi. “Görən nəyidi?”, “Əridi yüz faiz”, “Gör nə qələt eliyib ki, kişini bu həddə gətirib çıxarıb”, “Yaxşı at özünə qamçı yedirtməz” və s. Qıraqdan maraqla, qorxuyla, sadistcəsinə, mazoxistcəsinə tamaşa edirdilər.

      Gərilməkdən əcaib sifət almış kişi qadını Mersedesin açılmış arxa qapısına gətirib çıxaranda, qadına sanki əlavə güc gəldi, sinəsindən qəfil itələdi. Səndirləsə də, kişi müvazinətini saxladı.

      Tamaşa edənlərin arasında az qala, liliput kimi balacaboy bir cütlük gözləri bərəlmiş bu səhnəyə elə baxırdı, sanırdın, artıq başlamış Qiyamət gününə şahidlik edirlər. Qızın sol əlində tutduğu qırmızı qızılgül, cütlüyün özü də elə bil bu məkanda artıq idilər. Dalaşanlar hər dəfə qışqıranda qız oğlanın əlini sıxırdı, sanki bununla, bəlkə, o qadına kömək edək mesajı verirdi. Oğlansa cavabında yüngülcə sevgilisinin əlini sıxırdı, yəni başa düşdüm, amma bizlik deyil.

      Mersedesi sürənin bir ayağı içəridə, o birisi çöldəydi, arvadın maşına salınmasını gözləyirdi, qapılar bağlanan kimi qazı basacaqdı. Axırı, kişi gördü bacarmır, maşını sürənə ərklə dedi: “Tez ol, gəl kömək elə”. Bunu gözləyirmiş kimi, sürücü özünü yetirdi.

      -Sizi lənətə gələsiz! Alçaqlar!!! Ay millət, kömək eliyin də!

      Millətə müraciət kişinin şəstinə toxundu, üstəgəl bayaqdan içinə yığılan qəzəb lavasının qarşısını alammadı deyə, qadının başına bərk bir qapaz ilişdirdi. Qəfil cavan qızdan cingiltili səs qopdu, dalınca əlindəki qızılgülü qeyri-ixtiyari onların qabağına atdı. Qapazdan ufuldayan qadın, onu zorla maşına salmaq istəyən kişi və sürücü bir anlıq təəccüblə qıza baxdılar, kişilər tez özlərinə gəlib qadını maşının arxa oturacağına dürtüşdürdülər, özləri də mindi, Mersedes yerindən götürüləndə, içəridən qadının dəli hönkürtüsü çöldə eşidildi...

      Bu dəfə qadını müdafiə edənlər olsa da, - dayanacaqdakı bir-iki arvadın ağzından “Vəhşi”, “Heyvanlar” sözləri çıxdı, - hamıya bir yüngüllük gəldi. Sürətlə uzaqlaşıb nöqtəyə dönən maşına heyrətlə baxan qız sevgilisinin əlini var-gücüylə sıxdı, çatdırmaq istədi ki, sən nə qədər mənə hirsli olsan, belə etməzsən ha. Həyəcandan hər ikisinin əli tərləmişdi.

      -Gülü niyə yerə atdın? Üç manat vermişdim, - oğlan gərginliyi yox eləməkçün üç manat məsələsini gülə-gülə dedi.

      Qız cavab vermədi, hər ikisi asfaltın üstündəki gülə baxdı. “Götürək, götürməyək?” Qərara gələnə qədər avtobus gəlib gülün üstündən keçdi. Əzilmiş gülə baxan qızın gözlərindən yaş axdı.

      -Yaxşı, sən də, - oğlan adamların gözü önündə sevgilisinin kövrəldiyinə narahat oldu. - Böyük şey olub. Yenə alaram.

      -Yox, ona görə demirəm, - qız göz yaşlarını sildi. - Sadəcə bu gün...

      -Nə bu gün? Gün hələ qabaqdadı, - qol saatına baxıb dedi. - Saat hələ on ikinin yarısıdı.

      Elə bu vaxt saçları pırtlaşıq, üstü-başı çirkli, eyni zamanda iri qara gözlərindən, sifət cizgilərindən gözəlliyi bilinən on beş-on altı yaşlı qaraçıya oxşayan bir qız qəfil yolun qırağına çıxıb əzilmiş qızılgülü yerdən götürdü, tozunu üfürüb bir neçə dəfə qoxuladı və gözlərini yumaraq ləzzətlə inildədi. Adamlar bunun yerinə utanırmış kimi xısın-xısın güldü. Qız qızılgülü yaxasına taxıb forlsu addımlarla ordan uzaqlaşdı.

       

       

       

       

       

      • Hits: 189 clicks

      Tecox component by www.teglo.info