155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müşfiq XƏLİLOV- Üç ayların fəziləti

      Share

      Uca Allah mömin qullarına çox mübarək və fəzilətli gün və gecələr ehsan etmişdir.

       Bunların əksəriyyəti “Üç aylar” adı verilən Rəcəb, Şaban və Ramazan ayları içindədir. Şərəfli kitabımız Qurani-Kərimdə “Aləmlərə rəhmət olaraq göndərildiyi” bildirilən şanlı Peyğəmbərimiz (s.ə.s) üç aylar yaxınlaşdığı zaman belə dua edərdi: “Allahım, bizə Rəcəb və Şaban ayını mübarək qıl və bizi Ramazana çatdır”.

      Rəcəb ayı hicri təqvimin yeddinci ayıdır. Allahın müsəlmanlara bəxş etdiyi bir lütf olan bu ay İslamda müqəddəs, mübarək, kəramətli ay hesab edilir. Eyni zamanda, Rəcəb ayı haram sayılan aylardan biridir. Haram aylar dörddür: Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb. Bu aylar “Əşhurul-Hurum” adlanır və bu aylarda müharibə etmək haram sayılır. Quranda “haram aylar” haqqında belə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır”. (ət-Tövbə, 36)

      Rəcəb ayı həm də təhlükəsizlik, rahatlıq və arxayınlıq ayıdır. Müsəlmanların bu ayda daha çox ibadət və itaət etmək imkanı vardır. Rəcəb ayında oruc tutan, tövbə edib bağışlanma diləyən, bir sözlə, ibadət edən insanlar bu ayın hörmətini uca tutan, Allahın razılığını düşünən kimsələrdir. Rəcəb ayının ilk cümə axşamını cüməyə bağlayan gecə Rəğaib gecəsidir.

      Rəğaib çox arzu edilən qiymətli şeylər, bol-bol rəhmət və bərəkət deməkdir. Bu səbəblə Rəğaib gecəsi Allahın rəhmət və məğfirətinin bol olduğu və dua edənlərin dualarının qəbul olduğu bir gecədir. Bu gecə rəhmət mələklərinin xeyirli işlər görməyə, yaxşılıq etməyə, ibadət və itaətdə olmağa dəvət etdikləri bir gecədir.

      Şaban ayı Hicri ayların səkkizincisi və mübarək Üç ayların ikincisidir. Şabanın kəlmə mənası “Çox qol-budaq ataraq inkişaf edən” deməkdir. Bu ay bol ruzili, xeyir-bərəkətli ay olduğu üçün bu ayda oruc tutanlar cənnətə girincəyə qədər qol-budaq atar, böyüyərlər.

      Şaban ayında Peyğəmbərimiz (s.ə.s) Ramazan ayı orucları üçün özünü hazırlayardı. Müsəlmanlar Şaban ayında çoxlu oruc tutar, gecə namazları qılar, Qurani-Kərim oxuyarlar. Məhz digər saleh əməllərə də bu aydan hazırlıqlar görülər ki, Ramazan ayı daxil olduqda birdən-birə ağır ibadətlərə başlayıb, bir həftə sonra yorulub əldən düşməyək. Mübarək Bəraət gecəsi də bu aydadır. Şaban ayının on dördünü on beşinə bağlayan gecə Bəraət gecəsidir. Bu gecədə tövbə və istiğfar edənlərin günahlarından bəraət ediləcəyi hədislərdə bildirilmişdir.

      Ramazan ayı Qəməri ayların doqquzuncusudur. Bu ay Allahın ona yaxınlaşmaq istəyən qulları üçün bəxş etdiyi xüsusi bir fürsətdir. Ramazan ibadətlərin qarşılığında savabların qat-qat artıq verildiyi və Allaha yaxınlaşmaq üçün bütün yolların asanlaşdırıldığ bir aydır. Ramazan müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır.

      Bu ayda görülən bütün ibadət və fərz əməllərin savabı başqa ayda görülənlərdən fərqli və üstündür. Xeyir əməllər isə sərhədsizdir. Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. O elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlanma, sonu da cəhənnəm atəşindən qurtuluşdur.

      Bu səbəblə, gəlin üç aylar və mübarək gecələri fürsət bilərək rəhmli olan Allaha dönək. Peyğəmbərimizin (s.ə.s) bu aylarda daha çox ibadət etdiyini və daha çox sədəqə verdiyini bilək. Bizə çox  düşkün və şəfqətli olan Peyğəmbərimizin (s.ə.s) izindən ayrılmayaq. Xüsusi ilə bu aylarda daha çox istiğfar edərək Allahdan günahlarımızın bağışlanmasını diləyək, daha çox Qurani-Kərim oxuyaraq Rəbbimizin rəhmətini cəlb edək. Uca Allahın bu mesajlarını yaxşı dinləyək və əməl edək:

      “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın. Allaha ibadət edin və yaxşı işlər görün ki, bəlkə, nicat tapasınız!” (əl-Həcc, 77)

      “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kim bunu etsə, belələri əsl ziyana uğrayanlardır”. (əl-Münafiqun, 9)

      “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” (əl-Əhzab, 70)

      “Ey iman gətirənlər! Allahdan lazımınca qorxun! Yalnız müsəlman olduğunuz halda, müsəlman kimi ölün!” (Ali İmran, 102)

      • Hits: 245 clicks

      Tecox component by www.teglo.info